Məhkəmə qərarları › İş №2(107)-1342/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1342/2022

22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1342/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin azaldılması” barədə qarşılıqlı iddia tələbinə dair (Açar sözlər: aliment miqdarının artırılması-alimentin azaldılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi salmanov Əli Sabir oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin azaldılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(037)- 637/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZ-İ 823372 nömrəli 20 sentyabr 2006-cı il tarixli və AZİİ 692158 nömrəli 11 iyul 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 26 avqust 2006-cı il tarixdə X8 və 20 iyun 2011-ci il tarixdə X9 adlı iki uşaqları anadan olmuşdur.

2. İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(037)-987 nömrəli qətnaməsi ilə iki uşağın maddi təminatı üçün ümumilikdə ondan 308 manat məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur.

3. İsmayıllı Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(037)-156/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 27 sentyabr 2004-cü il tarixdə İsmayıllı RİHB-nın Cülyan kənd İƏD üzrə nümayəndəliyində 06 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahlarından 26 avqust 2006-cı il tarixdə doğulmuş X8 və 20 iyun 2011-ci il tarixdə doğulmuş X1 Xoşqədəm Məbud qızının yanında qalmışdır.

4. 10 iyul 2019-cu il tarixli AZ-İ 317695 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında olan nikah ləğv edilmişdir.

5. İsmayıllı Rayon Cülyan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 39 nömrəli arayışdan müəyyən edilir ki, 26 avqust 2006-cı il tarixdə doğulmuş X8 və 20 iyun 2011-ci il tarixdə doğulmuş X9 İsmayıllı rayon Cülyan kəndində İddiaçı yanında yaşayırlar.

6. İsmayıllı rayon Cülyan kənd tam orta məktəbin 18 fevral 2022-ci il tarixli arayışından müəyyən edilir ki, tərəflərin birgə nikahdan doğulmuş övladı Nigar Piriyeva məktəbin X sinfində, Ramil Piriyeva V sinfində oxuyurlar.

7. "xxxx" MMC-nin 09 nömrəli xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh “Operator təmizləyici” vəzifəsində işləməklə aylıq əmək haqqı 546 AZN təşkil edir.

8. “X13” Azərbaycanın ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh hər ay banka 92,59 manat kredit ödəyir.

9. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİH-16399 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir.

10. 27 iyun 2022-ci il tarixli AZ-İİ 519159 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh ilə X2 nikahlarını 27 iyun 2022-ci il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsində 1072 nömrə ilə qeyd etdirərək rəsmiləşdirmişlər.

11. “Milli Onkologiya Mərkəzi Mammoloji Mərkəzin” ultrasəs müayinəsinin surətindən müəyyən edilir ki, İddiaçı “Piy toxuması və fibrograndiyar kompleks toxuması ilə bərabər şəkildə zəngin bilaterial süd vəzi toxuması” aşkar olunmuşdur. Binəqədi rayonu 35 saylı şəhər poliklinikasının ultrasəs müayinəsinin surətindən müəyyən edilir ki, Cavabdeh “Qarın boşluğunun sağ-yan cibində 20 ml, kiçik çanaqda - 50 ml sərbəst maye izlənir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı Rayon Məhkəmməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(037)-987/2018 nömrəli qətnaməsi ilə 20 avqust 2006-cı il təvəllüdlü X8 və 20 iyun 2011-ci il təvəllüdlü X9 adlı uşaqların saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay, hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək alimentin artırılması barədə iddia tələbinin rədd edilməsi, 20 avqust 2006-cı il təvəllüdlü Nigar və 20 iyun 2011-ci il təvəllüdlü Ramil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin tutularaq X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 987/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 26 avqust 2006-cı il təvəllüdlü X8 və 20 iyun 2011-ci il təvəllüdlü X9 adlı uşaqların maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 154 manat olmaqla, ümumilikdə 308 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşaqların saxlanması üçün azlıq edir və onların normal təminatını ödəmir. Uşaqların yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Təyin olunmuş aliment uşaqların bir sıra xərclərini, təhsil, geyim, sağlamlığı və s. qarşılamır. Belə ki, uşaqların hər ikisi “Skalyoz” xəstəliyindən əziyyət çəkdiklərindən bununla bağlı müalicəyə ehtiyacları vardır. Özü heç yerdə işləmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Cavabdeh Bakı şəhərində yaşamaqla fərdi əməklə məşğul olur. Bununla yanaşı Binəqədi rayonunda olan iki mətrtəbəli fərdi yaşayış evini kirayəyə verməklə yüksək aylıq gəlirə malik olsa da ödədiyi alimentdən başqa uşaqlara əlavə köməklik etmir. Bütün bunlara görə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-987/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə aliment təyin olunduqdan sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. O, "xxxx" MMC-də operator təmsilçisi vəzifəsində işləməklə ayda 546 manat əmək haqqı alır. “X13”-dan götürdüyü kreditə görə ayda 92,59 manat kredit ödəyir. Qara ciyəri xəstəliyi ilə bağlı davamlı müalicələr alır. Bundan başqa yeni ailə qurmuşdur. Aldığı məvacibdən aliment borcunu və kredit borcunu ödədikdən sonra dolanışığı üçünü az pul vəsaiti qalır. İddiaçı özü də işləyib uşağın maddi təminatının ödənilməsinə köməklik edə bilər. Uşağın saxlanması üçün təyin olunmuş alimentin azaldılaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat müəyyən edilməsini tələb edir. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur.

16. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 15 iyul 2022-ci il tarixli, 2(037)- 637/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-987/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 20 avqust 2006-cı il tarixdə doğulmuş X4 və 20 iyun 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay, hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi;

17. Cavabdeh 60,8 (altımış manat səksən qəpik) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı alimentin məbləğinin azaldılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-987/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 26 avqust 2006-cı il təvəllüdlü X8 və 20 iyun 2011-ci il təvəllüdlü X9 adlı uşaqların maddi təminatı üçün cavabdehdən ümumilikdə 308 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı təyin olunmuş alimentin uşaqların normal təminatını ödəmədiyini, özünün heç yerdə işləmədiyini, cavabdehin Bakı şəhərində yaşamaqla fərdi əməklə məşğul olduğunu, bununla yanaşı Binəqədi rayonunda olan iki mətrtəbəli fərdi yaşayış evini kirayəyə verməklə yüksək aylıq gəlirə malik olduğunu, buna baxmayaraq ödədiyi alimentdən başqa uşaqlara əlavə köməklik etmədiyini, uşaqların hər ikisinin “Skalyoz” xəstəliyindən əziyyət çəkdiklərindən bununla bağlı müalicəyə ehtiyacları olduğunu qeyd edərək alimentin artırılaraq hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat müəyyən edilməsini, alimentin azaldılması barədə qarşılıqlı iddianın təmin edilməməsinin xahiş edir. Cavabdeh "xxxx" MMC-də operator təmsilçisi vəzifəsində işləməklə ayda 546 manat əmək haqqı aldığını, “X13”-dan götürdüyü kreditə görə ayda 92,59 manat kredit ödədiyini, qara ciyəri xəstəliyi ilə bağlı davamlı müalicələr aldığını, yeni ailə qurduğunu, aldığı məvacibdən aliment borcunu və kredit borcunu ödədikdən sonra dolanışığı üçünü az pul vəsaitinin qaldığını qeyd edərək təyin olunmuş alimentin azaldılaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat müəyyən edilməsini, alimentin artırılmasına dair iddianın rədd edilməsini xahiş edir.

19. Məhkəmə hesab etmişdir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, uşaqların yaşı, hər ikisinin “Skalyoz” xəstəliyindən əziyyət çəkmələri, və müalicələri üçün xərcləri, dolanışıq səviyyəsi, uşaqlar üçün yaşayış minimumu ildən-ilə artdığı bir dövrdə alimentin azaldılması uşaqların mənafeyinə uyğun deyildir. Ona görə də Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1 və 75.4-cü maddələrinə, Azərbaycan Respublikasında 2022-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün aliment miqdarı müəyyən olunmuşdur (hər uşaq üçün 154 manat). Həmin vaxt o hazırda işlədiyi iş sahəsində işləyirdi və ailə vəziyyəti, maddi durumu, sağlamlığı nəzərə alınmaqla aliment təyin olunmuşdur. Hazırda iddiaçının tələbi 2022-ci ilin yaşayış minimumuna uyğun aliment miqdarının artırılması tələb edir. Maddi normanın açıqlanmasından məlum olur ki, aliment miqdarı tərəflərin ailə və maddi vəziyyətlərinin dəyişməsi ilə əlaqədar artırıla və ya azaldıla bilər. Onun ailə vəziyyətində dəyişkənlik olmuş, lakin iş yeri, maddi durum üzrə heç bir dəyişənlik olmamışdır. Əksinə, sağlamlıq durumunda isə ciddi problemlər yaranmışdır. Əlavə olaraq bank öhdəliyi vardır. Məhkəmə bu diqqətə layiq halları nəzərə almamış, qarşılıqlı iddia tələbini rədd etməklə bərabər, əvvəlki qətnamə ilə müəyyən olunmuş vəziyyətdə dəyişkənlik olmadığına baxmayaraq iddiaçının iddia tələbini qismən təmin etməklə, aliment miqdarını artırmaqla düzgün nəticəyə gəlməmişdir. Tərəf məhkəmədə yalnız şifahi izahat vermiş, heç bir sübut növü təqdim etməmişdir. O, isə qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi yazılı sübutları və izahatını məhkəməyə təqdim etdiyi halda, məhkəmə təqdim olunmayan sübutlar əsasında qanuna zidd şəkildə qətnamənin əsaslandırıcı hissəsində müəyyən göstərişlər qeyd etmiş, sonda düzgün nəticəyə gəlməmişdir.

23. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-637/2022 saylı 15 iyul 2022-ci il tarixli qətnaməsini iddia tələblərinin təmin olunmuş hissəsində ləğv edib, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əvvəlki alimenti çox çətinliklə ödəyir. Aldığı 546 manatdan həm aliment ödəməli, həm də öz dava-dərmanına xərcləməlidir. Səhhəti ilə bağlı vaxtaşırı müalicə olunur. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almadan alimenti artırmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

29.“Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun:

Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 637/2022 saylı 15 iyul 2022-ci il tarixli qətnaməsini iddia tələblərinin təmin olunmuş hissəsində ləğv edib, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(037)- 637/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq alimenti hər ay hər uşağa görə 170 manat, iki uşağa görə cəmi 340 manat məbləğində müəyyən etmişdir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

36. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

37. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

38. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir.

39. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

40. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

41. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir.

42. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

43. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini alimentlə bağlı hissədə qismən, hər uşaq üçün 170 manat təmin etməkdə, qarşılıqlı iddianı isə təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

44. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(037)-637/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar