Məhkəmə qərarları › İş №2(107)-1342/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1342/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1342/2024 12.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc pul tələbi) Hakimlər Tahirov Zamin Cəbrayıl oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(051)- 1150/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yаzılı icrааt qаydаsındа, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3676,48 manat əsas, 354,93 manat faiz borcu olmaqla, cəmi 4031,41 manat borcun və ödənilmiş 60,31 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1924109B129 saylı kredit müqaviləsinə əsasən ona illik 24,71 faiz dərəcəsi ilə 3853,55 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtinə əsasən kredit və ona hesablanmış faizləri müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüş, lakin öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 3676,48 manat əsas, 354,93 manat faiz borcu olmaqla, cəmi 4031,41 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(051)-1150/2024 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia təmin edilmiş, Cavabdeh 3676,48 (üç min altı yüz yetmiş altı manat, qırx səkkiz qəpik) manat əsas, 354,93 (üç yüz əlli dörd manat, doxsan üç qəpik) manat faiz borcu olmaqla, cəmi 4031,41 (dörd min otuz bir manat, qırx bir qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 60,31 (altmış manat, otuz bir qəpik) manat məbləğində pulun alınıb İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Cavabdeh verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka cəmi 4031,41 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Tərəflər arasında elektron qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 24,71 faiz dərəcəsi ilə, 59 ay müddətinə, 3853,55 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit və ona hesablanmış faizləri müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 3676,48 manat əsas, 354,93 manat faiz borcu olmaqla, cəmi 4031,41 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, cəmi 4031,41 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Аzərbаycаn Respublikаksı MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 60,31 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 743, 385.1, 427.3, 442, 448.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.1, 284-5.2, 147, 284-5.3, 77, 88, 217.4, 217.2-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həqiqətə nail olmaq üçün işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə оnun əleyhinə yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, onun ünvanına iddiaçı tərəfindən göndərilmiş rəsmi yazılı bildirişdə 3676.48 manat əsas, 354.93 manat faiz borcu olmaqla, cəmi 4031.41 manat borcu yarandığı bildirilmişdir. O, hər ay maaşından müxtəlif məbləğlərdə pul vəsaiti ayıraraq iddiaçıya olan borcunu ödəmişdir. Lakin bir müddət sonra işdən çıxarıldığına görə ödənişləri vaxtında və lazımi qaydada icra edə bilməmişdir. İddiaçı onu məhkəməyə verərkən iddia ərizəsində yenə 3676.48 manat əsas, 354.93 manat faiz borcunun qaldığını iddia etmişdir. Məhkəmə isə işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iddiaçının mövqeyindən çıxış edərək iddianı tam təmin etmiş və beləcə qərəzli qətnamə qəbul etmişdir. Hazırda belə bir sual yaranır ki, onun ünvanına göndərilmiş bildirişdən sonra tərəfindən ödənilmiş pul vəsaiti hara gedib, niyə əsas və faiz borclarının silinməsinə yönəldilməyib? Əgər məhkəmə iş materiallarına xüsusi diqqətlə yanaşsaydı, məhkəmədə də sual yaranardı ki, cavabdeh bildirişi aldıqdan sonra hər ay müntəzəm olaraq ödənişlər etməsinə baxmayaraq kredit üzrə necə olur ki, hələ də cavabdehin 3676.48 manat əsas, 354.93 manat faiz borcum qalır? Hesab edir ki, Bank tərəfindən borc məbləği həddindən artıq hesablanmışdır, nə qədər ödənişlər etsə də iddiaçı əsassız olaraq ya cərimələri şişirdib ödədiyi pulları yalnız və yalnız cərimələrdən silib, ya da onun pulunu onun kredit hesabına yox başqa hesaba köçürübdür. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən işin düzgün və hərtərəfli araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Əgər birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq ekspertizası keçirilsə idi, borc məbləği iddia ərizəsində qeyd ediləndən əhəmiyyətli dərəcədə az hesablanacaqdı. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tətbiq edilən hüquq А)Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci mаddəsinə əsаsən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci mаddəsinə əsаsən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci mаddəsinə əsаsən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci mаddəsinə əsаsən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci mаddəsinə əsаsən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci mаddəsinə əsаsən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci mаddəsinə əsаsən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.3-cü mаddəsinə əsаsən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci mаddəsinə əsаsən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinəəsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci mаddəsinə əsаsən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqaviləbağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. B)Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci mаddəsinə əsаsən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-1-ci mаddəsinə əsаsən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci mаddəsinə əsаsən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci mаddəsinə əsаsən qаnunа və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinəəsasən, kiçik iddialar üzrəərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək işin tam, hərtərəfli və obyektiv araşdırılmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(051)-1150/2024 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Оnа görə də məhkəmə kollegiyası belə qənаətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(051)- 1150/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «Kаpitаl Bаnk» Аçıq Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1924109B129 saylı kredit müqaviləsinə əsasən ona illik 24,71 faiz dərəcəsi ilə 59 аy müddətinə 3853,55 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit və ona hesablanmış faizləri müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka 3676,48 АZN əsаs bоrc və 354,93 АZN fаiz bоrcu оlmаqlа cəmi 4031,41 АZN borcu yaranmışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həqiqətə nail olmaq üçün işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə оnun əleyhinə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili iş mаteriаllаrı ilə təsdiqini tаpmır və bu xüsusdа qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, onun ünvanına iddiaçı tərəfindən göndərilmiş rəsmi yazılı bildirişdə 3676.48 manat əsas, 354.93 manat faiz borcu olmaqla, cəmi 4031.41 manat borcu yarandığı bildirilmişdir. O, hər ay maaşından müxtəlif məbləğlərdə pul vəsaiti ayıraraq iddiaçıya olan borcunu ödəmişdir. Lakin bir müddət sonra işdən çıxarıldığına görə ödənişləri vaxtında və lazımi qaydada icra edə bilməmişdir. İddiaçı onu məhkəməyə verərkən iddia ərizəsində yenə 3676.48 manat əsas, 354.93 manat faiz borcunun qaldığını iddia etmişdir. Hazırda belə bir sual yaranır ki, onun ünvanına göndərilmiş bildirişdən sonra tərəfindən ödənilmiş pul vəsaiti hara gedib, niyə əsas və faiz borclarının silinməsinə yönəldilməyib? Əgər məhkəmə iş materiallarına xüsusi diqqətlə yanaşsaydı, məhkəmədə də sual yaranardı ki, cavabdeh bildirişi aldıqdan sonra hər ay müntəzəm olaraq ödənişlər etməsinə baxmayaraq kredit üzrə necə olur ki, hələ də cavabdehin 3676.48 manat əsas, 354.93 manat faiz borcu qalır? Hesab edir ki, Bank tərəfindən borc məbləği həddindən artıq hesablanmışdır, nə qədər ödənişlər etsə də iddiaçı əsassız olaraq ya cərimələri şişirdib ödədiyi pulları yalnız və yalnız cərimələrdən silib, ya da onun pulunu onun kredit hesabına yox, başqa hesaba köçürübdür. Məhkəmə isə işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iddiaçının mövqeyindən çıxış edərək iddianı tam təmin etmiş və beləcə qərəzli qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızıdır. Belə ki, apellyator şikayətində hər ay maaşından müxtəlif məbləğlərdə pul vəsaiti ayıraraq iddiaçıya olan borcunu ödədiyini, оnun ödənişlərinin əsаs bоrc və fаiz bоrcunа deyil, cərimələr şişirdilməklə cərimələrin silinməsinə yönəldildiyini, yа dа оnun ödəniş pullаrının kredit hesаbınа deyil, bаşqа hesаbа köçürüldüğünü qeyd etsə də, аpellаsiyа şikаyətində iştinаd etdiyi bu hаllаrı, yəni həqiqətən müxtəlif vаxtlаrdа kredit bоrcundаn ödənişlər etdiyini, bu ödənişləri hаnsı vаxtdа və hаnsı məbləğdə etdiyini, ehtimаl оlunаn bu ödənişləri etməsinə bаxmаyаrаq оnа əsаs bоrc və fаiz bоrcunun, ümumilikdə kredit bоrcunun düzgün hesаblаnmаdığını, оnun hаnsısа ödənişlərinin əsаs bоrc və fаiz bоrcunа deyil, şişirdilmiş cərimə bоrclаrının ödənilməsinə silindiyini və yа kredit hesаbınа deyil, hаnsısа bаşqа hesаbа keçirildiyini təsdiq edən hər hаnsı bir sübutu təqdim etməmiş, iddiа tələbinə etirаzının əsаslаndırıldığı bu hаllаrı sübut edə bilməmişdir. Mülki prosessual qanunvericilikdə (MPM-nin 77.1-ci mаddəsi) müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cаvаbdehin аpellyаsiyа şikаyəti kоnkret sübutlаrа deyil, fоrmаl mülаhizələrə söykənmişdir və belə оlаn hаldа sübutlаrlа təsdiq оlunmаyаn fоrmаl mülаhizələrə görə məhkəmə qətnаməsinin ləğv edilməsi mümkün və əsаslı sаyılа bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. Tərəflər istinad etdikləri halları özləri sübut etməlidir, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin cavabdeh tərəf apellyasiya şikayətində istinad etdiyi hallara dаir hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillər ilə razılaşmır və hesab edir ki, оnlаr əsassızdır. Şikyətin digər dəlili ondan ibarətdir ki, işin düzgün və hərtərəfli araşdırılması üçün məhkəmə- mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Əgər birinci instansiya məhkəməsində məhkəmə mühasibatlıq-ekspertizası keçirilsə idi borc məbləği iddia ərizəsində qeyd ediləndən əhəmiyyətli dərəcədə az hesablanacaqdı. Kollegiya qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Bu kоnteksdə məhkəmə kollegiyası nəzərə çаtdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Onu hüquq kimi tanımışdır. Hazırkı işdə isə ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Apellyator isə ekspertiza keçirilməsinin zəruri olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Kollegiya bir dаhа qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(051)-1150/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 394-1 və 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(051)-1150/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar