Məhkəmə qərarları › İş №2(107)-1347/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1347/2024

12.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1347/2024 12.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “süni maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş (açar sözlər: torpaq sahəsi, inventarlaşdırma) Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X21 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X22 qızının katibliyi, İddiaçı, apellyasiya şikayətini vermiş Cavabdeh2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Abdullayev Ehtibar Vaqif oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “süni maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2(014)-870/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: I. İşin halları: İddiaçı 08 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, mərhum qayınanası X5 və mərhum əri X9 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar ünvan 1ində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,55 hektar həyətyanı torpaq sahəsində DƏDRK X25 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş vərəqi: 4-6). İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı Qərarı və JN:042F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Ağdaş rayonunun Hüşün kəndi ərazisində X6, X15, İddiaçı, X11 və X10 ümumi birgə mülkiyyətinə 0,55 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətçi X6 - qayınanası, X15 - həyat yoldaşı, digərləri isə iddiaçının övladlarıdır. Mülkiyyətçilərdən X11 başqa şəxslə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur və evləndikdən sonra “Abdullayeva” soyadını qəbul etmişdir. Mülkiyyətçilərdən X5 08 noyabr 2000-ci ildə və iddiaçının əri olan X15 isə 01 avqust 2006-cı ildə ünvan 1ində vəfat etmişlər. X5 və X9 ölümündən sonra yuxarıda qeyd olunan 0,55 hektar həyətyanı torpaq sahəsindən iddiaçıya çatası payları və fərdi yaşayış evi miras qalmışdır. Onlardan miras qalmış həmin əmlakları faktiki olaraq iddiaçının özü və övladları qəbul edərək sahiblik və istifadə edirlər. Lakin, 0,55 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Mərhum qayınanası və mərhum ərinin ölümündən sonra onlardan miras qalmış həmin əmlaklara vərəsəlik işinin açılması ilə əlaqədar iddiaçı Ağdaş rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin, Notariat Ofisindən ona bildirilmişdir ki, vərəsəlik işinin açılması üçün 0,55 hektar həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin DƏDRK X25 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və texniki pasport tələb olunur. Bundan sonra iddiaçı torpaq sahəsinin ümumi birgə, üzərində olan fərdi yaşayış evinin isə tam mülkiyyət hüququ əsasında iddiaçının mərhum ərinin adına qeydə alınması üçün DƏDRK X25 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Fərdi yaşayış evini və həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması məqsədi ilə inventarlaşdırma aparmaq üçün DƏDRK X25 17 saylı Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı həmin yaşayış evinin və evin yerləşdiyi 0,55 hektar həyətyanı torpaq sahəsinin olduğu əraziyə gəlmişdir. Lakin, həmin yaşayış sahəsinin qonşuluğunda yaşayan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ölçü işlərinin aparılmasına etiraz edərək, inventarlaşdırma aparmaq üçün gəlmiş mütəxəssisin müayinə və ölçü işləri aparmasına süni manelər törətmişlər. Ona görə də, həmin ərazidə inventarlaşma işlərinin aparılması mümükün olmamışdır və bu barədə həmin İdarə tərəfindən iddiaçıya rəsmi məlumat verilmişdir. Bütün bunlara görə, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı qayınanası və ərinin ölümündən sonra vərəsəlik işini davam etdirə bilməmişdir (i/v: 4-6). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Ağdaş rayonunun Hüşün kəndi ərazisində X3, X9, İddiaçı, X7 və X10 ümumi birgə mülkiyyətinə 0,55 hektar həyətyanı torpaq sahəsi verilməsi barədə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı Qərarı və JN:042F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə; - X1 08 noyabr 2000-ci ildə “ağciyər, ürək çatışmamazlığından” ölməsi barədə Ağdaş rayon Qeydiyyat şöbəsinin 27 aprel 2024-cü il tarixli, 3-16-5/8-M-69-534/2024 nömrəli arayışı; - X2 01 avqust 2006-cı ildə “qaraciyər çatışmamazlığından ölməsi” barədə Ağdaş rayon Qeydiyyat şöbəsinin 30 yanvar 2024-cü il tarixli, 3-16-5/8-M-69-121/2024 nömrəli arayışı; - X15 ilə X8 08 may 1981-ci ildə Ağdaş rayon Qəsil kənd İcra Nümayəndəliyində 10 nömrəli akt qeydi ilə nikahlarının qeydə alınması və nikah bağlandıqdan sonra ərə “Ramazanov”, arvada “Ramazanova” soyadının verilməsi barədə Ağdaş rayon Qeydiyyat şöbəsinin 30 yanvar 2024-cü il tarixli, 3-16-5/8-M-69-120/2024 nömrəli arayışı; - Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün inventarlaşdırma işlərinin aparılması məqsədilə ünvan 1i ərazisində yerləşən X2 fərdi yaşayış evində müayinə aparılarkən torpaq sahəsinə gedən yolla əlaqədar digər mülkiyyətçi arasında mübahisəli vəziyyətin yaranması səbəbindən “ölçü işlərinin aparılmasının mümkün olmaması” barədə İddiaçı nümayəndəsi X12 ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri X25 17 saylı Yevlax Ərazi İdarəsinin 24 mart 2024-cü il tarixli, 3-21-3-35/2-1243/2023 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişi. II. Birinci instansiya məhkəməsində icraat: Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 30 avqust 2024-cü il tarixli e- 2(014)-870/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “süni maneələrin aradan qaldırılması” barədə iddia tələbi təmin edilərək, məhkəmə qətnaməsində qət olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,55 hektar həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri X25in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın (i/v: 86-89). 30 avqust 2024-cü il tarixli e-2(014)-870/2024 nömrəli qətnamədə birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı və JN:042F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsinə əsasən ünvan 1i ərazisində X6, X15, İddiaçı, X11 və X10 ümumi birgə mülkiyyətinə 0,55 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə Çıxarış almaq üçün müvafiq dövlət orqanlarına müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri X25 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada ara mərz nişanlarını ölçmək üçün həmin əraziyə gəlmişlər. Lakin, iddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında mübahisə mövcud olduğu üçün ölçmə işləri ilə əlaqədar mübahisəli vəziyyət yaranmış və ölçü işlərinin aparılması mümkün olmamışdır. Eyni zamanda, məhkəmə, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandrılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Həmçinin, qətnamənin əsaslandırıcı hissəsində iddiaçı tərəfin təqdim etdiyi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarında və JN:042F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə, Ağdaş rayon Qeydiyyat şöbəsinin 27 aprel 2024-cü il tarixli 3-16-5/8-M-69-534/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli 3-16-5/8-M-69-120/2024 nömrəli və 30 yanvar 2024-cü il tarixli 3-16-5/8-M-69-121/2024 nömrəli arayışlarında və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri X25 17 saylı Yevlax Ərazi İdarəsinin 24 mart 2024-cü il tarixli, 3-21-3- 35/2-1243/2023 nömrəli məktubunda göstərilən məlumatlar və konkret faktlar qeyd olunmuşdur. İş materialları və Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2(014)- 870/2024 nömrəli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil isə iddianı qəbul etməyərək, Cavabdeh2 həyətinə keçərək ölçü işlərinin aparılmasına etiraz etdiyini bildirib, iddianın təmin edilməməsini xahiş etmişdi. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəmə tərəfindən 31 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanda əraziyə baxış keçirilmiş və baxış zamanı cavabdehlərin torpaq sahəsində invertarlaşdırma işlərinin aparılmasına maneə yaratdıqları təsbit edilmişdir (i/v: 65-73). Bundan əlavə, iş materialları və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənədlərlə müəyyən olunur ki, birinci instansiya məhkəməsində aparılan icraatda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclaslarına gəlməsələr də, digər Cavabdeh2 məhkəmə araşdırmasında iştirak edən səlahiyyətli nümayəndəsi (vəkil) Vəkil məlum iddia tələbinin təmin olunmasına etiraz edərək, iddianın rədd olunmasını xahiş etsə də, cavabdeh tərəfin bu mövqeyi və iddiaya etirazının əsasları ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. O, yalnız birinci instansiya məhkəməsində aparılan araşdırmada iddia tələbinə etirazı ilə əlaqədar 28 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “... mülki iş üzrə mütəxəssisin iştirakı ilə məhkəmə mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası təyin edilməsinə dair qərardad qəbul edilməsi və ekspertin qarşısında “Şəhadətnamələr üzrə torpaq sahələri üst-üstə düşürmü, düşürsə hansı hissələrdə ?” və “Həyətlərdə bələdiyyə balansında olan torpaq sahələri mövcuddurmu və harada yerləşir?” sualların qoyulması” barədə yazılı vəsatət təqdim etmişdir. Lakin, iş üzrə 01 iyul 2024-cü ildə Cavabdeh2 nümayəndəsi Vəkil da iştirakı ilə keçirilən məhkəmə iclasında həmin vəsatət “iddianın predmeti ilə əlaqədar olmaması” əsası ilə təmin olunmamışdır (i/v: 45-48). III. Apellyasiya şikayəti və ona etiraz: a) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh2 30 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2(014)-870/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndəsi (vəkil) Vəkil imazalamışdır), “İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “süni maneənin aradan qaldırılması” tələbinə dair e- 2(014)-870/2024 saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (i/v: 96-110). Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdehlərin yaşadıqları həyətə giriş bir darvaza vasitəsi ilə olmaqla, həyətlərin hər ikisinin sərhədləri çəpərlə ayrılmışdır. Darvazadan həyətlərə giriş yolu isə Bələdiyyənin balansında olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuş yol ərazisidir. Həmin yolun ərazisindən, həmçinin həyətlərin kənarından keçən, lakin darvazanın həyətə tərəf olan hissəsində Bələdiyyə balansında olan torpaq sahəsindən şirə kanalı keçir. İddiaçı həmin şirə kanalının, Bələdiyyə balansında olan torpağın, həmçinin cavabdehlərin 50 ildən artıq istifadəsində olan hasarın daxilində olan torpaq sahəsini də ölçdürərək, öz torpaq sahəsinə qatmaq istəyir. Hər iki həyətyanı torpaq sahələrinə dair müvafiq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr mövcuddur və şəhadətnamələrin hər birində döngə nöqtələri, giriş-və çıxış yolları aydın göstərilmişdir. Ona görə də, cavabdehlər iddiaçı ilə aralarında yaranmış mübahisənin dəqiq həll edilməsi məqsədi ilə hər iki torpaq sahələrinin sərhədlərinin (döngə nöqtələrinin) dəqiq müəyyən edilməsi üçün iş üzrə mütəxəssisin iştirakı ilə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə zərurət yarandığından, vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə-mühəndis ekspertizasının keçirilməsini xahiş etmişlər. Lakin, işə baxan məhkəmə tərəfindən mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılaraq düzgün həllə edilməsi üçün iş üzrə məhkəmə-mühəndis ekspertizası təyin edilməli olduğu halda, bunu etməmiş və iş üzrə birtərəfli mövqe tutaraq iddia tələbini təmin etmişdir. Göründüyü kimi, işə baxan məhkəmə işin həmin faktiki hallarını tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, iddiaçı ilə cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etmək üçün iş üzrə məhkəmə-mühəndis ekspertizası təyin etməmiş və işin faktiki halları iddia ərizəsində qeyd edilən formada olmadığı halda, iddiaçı tərəfin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmasını əsas götürməklə, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbini təmin edərək, mülkiyyətçi və istifadəçi kimi cavabdehlərin qanunla qorunan hüquqlarını, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşə baxan birinci instasiya məhkəməsi işə baxarkən və araşdırma apararkən tərəflərin torpaq sahələrinin bir-birindən çəpərlə ayrılmasını, iddiaçının hazırkı iddia tələbi ilə cavabdehlərin qanuni istifadəsində və paylı mülkiyyətində olan torpaq sahəsinin bir qismini heç bir hüquqi əsasları olmadan tələb etməsini, torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəməmühəndis ekspertizasının keçirilməsi barədə vəsatəti nəzərə almayaraq, iddia tələbini təmin etməklə cavabdehlərin mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh tərəf iddia tələbinə qarşı etirazın əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, işə baxan birinci instansiya məhkəməsi həmin sübutları araşdırmamış və bundan istifadə etməmişdir. İşə baxan məhkəmə cavabdeh tərəfin etirazının əsasını təşkil edən təqdim olunmuş sənədlərə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, düzgün araşdırmamış, yalnız iddiaçının heç bir hüquqi əsasları olmayan tələbinə əsaslanıb, birtərəfli mövqe tutaraq iddia tələbini təmin etməklə, digər tərəf kimi cavabdeh tərəfin qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, ekspertiza qaydasında hər iki tərəfin mülkiyyətində olan torpaq sahələrinin sərhədləri dəqiq müəyyən edilmədən, iddiaçı tərəfin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi kimi sübutunun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və işə baxan məhkəmə qətnaməsini yalnız iddiaçı tərəfin təqdim etdiyi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə əsaslandırmaqla qanunvericiliyin tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. IV. İş üzrə apellyasiya icraatı: a) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 12 dekabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasına İddiaçı və apellyasiya şikayətini vermiş Cavabdeh2 nümayəndəsi Vəkil gəlmişlər. Lakin, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə 12 dekabr 2024-cü ildə keçirilən iclasda iştirak edən apellyasya şikayəti vermiş Cavabdeh2 nümayəndəsi Vəkil Cavabdeh2 Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2(014)-870/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “süni maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - apellyasiya şikayətinin dəlilləri ilə, o cümlədən də hər iki tərəfə məxsus torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə texniki-mühəndis ekspertizası keçirilmədən bu mübahisənin həll edilməsinin mümkün olmaması ilə əsaslandırdı. Həmin iclasda iştirak edən İddiaçı isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2(014)-870/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – iddia ərizəsində yazılanlarla və o cümlədən də, mərhum ərinin qardaşının ailə üzvləri olan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələrə görə mərhum qayınanası X4 və mərhum əri X9 ölümündən sonra mirasın qəbul edilməsi üçün vərəsəlik işinin açılması ilə əlaqədar ünvan 1ində miras qalmış fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,55 hektar həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müvafiq inventarlaşdırma, yəni ölçmə işlərinin aparılmasının mümkün olmaması ilə əsaslandırdı. Bundan əlavə, məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil şifahi vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə hər iki tərəfə məxsus torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə texniki-mühəndis ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərardadı ilə hazırkı mübahisə üzrə belə bir ekspertizanın keçirilməsinin əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyindən - həmin vəsatət təmin edilməmişdir. b). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, Cavabdeh2 hazırkı apellyasiya şikayətində “Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını” xahiş etmiş olduğundan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbləri nəzərə alınmaqla, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. c). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun normaları (maddələri): 1.1.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

d) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbninin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı Qərarı və JN:042F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsinə əsasən ünvan 1i ərazisində X6, X15, İddiaçı, X11 və X10 ümumi birgə mülkiyyətinə 0,55 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X6 08 noyabr 2000-ci ildə, onun övladı X15 (İddiaçı əri) isə 01 avqust 2006-cı ildə vəfat etmişlər. İddiaçı həmin torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı Çıxarış almaq üçün müvafiq dövlət orqanlarına müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri X25 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinin mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması və müvafiq ölçmə işlərinin naturada icra edilməsi üçün həmin əraziyə gəlmişlər. Lakin, cavabdehlər yuxarıda qeyd olunan dövlət orqanının səlahiyyətli əməkdaşlarının naturada ölçmə işləri, yəni daşınmaz əmlak olan torpaq sahəsinin qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına mane olmuş və buna görə də, müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri X25 17 saylı Yevlax Ərazi İdarəsinin 24 mart 2024-cü il tarixli, 3-21-3-35/2-1243/2023 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişlə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün inventarlaşdırma işlərinin aparılması məqsədilə ünvan 1i ərazisində yerləşən X2 fərdi yaşayış evində müayinə aparılarkən “torpaq sahəsinə gedən yolla əlaqədar digər mülkiyyətçi arasında mübahisəli vəziyyətin yaranması” səbəbindən ölçü işlərinin aparılması mümkün olmadığına görə İddiaçı məlum daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Ona görə də, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qayınanası X5 və mərhum əri X9 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar ünvan 1ində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,55 hektar həyətyanı torpaq sahəsində DƏDRK X25 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırmalarında bilavasitə iştirak etməsələr də, onların ailə üzvü olan digər Cavabdeh2 müvafiq səlahiyyətlər vermiş olduğu nümayəndəsi vasitəsi ilə məhkəmə icraatında iştirak etmiş və məhkəmə icraatı zamanı da öz mövqeyi və hərəkətləri ilə daşınmaz əmlakların qeydiyyatı və s. məsələlər üzrə səlahiyyətlərə malik müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən inventarlaşdırma məqsədilə ölçü işlərinin aparılmasına mane olduğunu bir daha təsdiq etmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 təmsil edən nümayəndə həm birinci instansiya məhkəməsində aparılan icraatda, həm də apellyasiya instansiyasıda aparılan icraatda iddiaya etirazını – “iş üzrə məhkəmə texniki-mühəndis ekspertizasının təyin edilməli olması və bu ekspertizanın rəyinə əsasən hazırkı mübahisənin həll edilməli olması” ilə əsaslandırmışdır. Halbuki, mövcud qanunvericiliyin tələblərinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualların izah olunması məqsədilə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunduğundan, iddia tələbinin əsaslandırıldığı hərəkətlərin edilməsi üzrə müvafiq səlahiyyətlərə malik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri X25in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına yaradılan süni maneələrin aradan qaldırılması ilə əlaqədar verilmiş iddia tələbi üzrə mövcud mübahisənin həll edilməsi üçün “məhkəmə texniki-mühəndis” ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Yəni, iş üzrə məhkəmə icraatlarında hazırkı mübahisənin həlli baxımından əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyindən və eyni zamanda, hazırkı iş üzrə iddia tələbi və mövcud mübahisənin xarakterinə görə “məhkəmə texniki-mühəndis ekspertizasının təyin edilməsi” barədə vəsatət təmin edilə bilməzdi (12 dekabr 2024-cü il tarixli qərardad). Bundan əlavə, qətnamədən verilmiş hazırkı apellyasiya şikayətində qeyd olunmuşdur ki, “Cavabdeh tərəf iddia tələbinə qarşı etirazın əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, işə baxan birinci instansiya məhkəməsi həmin sübutları araşdırmamış və bundan istifadə etməmişdir. İşə baxan məhkəmə cavabdeh tərəfin etirazının əsasını təşkil edən təqdim olunmuş sənədlərə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, düzgün araşdırmamış, yalnız iddiaçının heç bir hüquqi əsasları olmayan tələbinə əsaslanıb, birtərəfli mövqe tutaraq iddia tələbini təmin etməklə, digər tərəf kimi cavabdeh tərəfin qanunla qorunan hüquqlarını pozmuşdur.” Lakin, apellyasiya icraatında müəyyən olunmuşdur ki, apellyasiya şikayətində qeyd olunan bu dəlillər iş materialları ilə təsdiq olunmayan hallardır və bu kimi dəlillərə istinad olunması apellyasiya şikayətində şikayətçi tərəfindən işin konkret hallarının təhrif olunmasıdır. Çünki, mülki işin materiallarından və eləcə də, hazırkı iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən görünür ki, cavabdehlər tərəfindən, o cümlədən də apellyasiya şikayətini vermiş Cavabdeh2 və yaxud, onun müvafiq səlahiyyətlər vermiş olduğu nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində aparılan icraatda və eləcə də, apellyasiya icraatında məhkəmələrə hazırkı iddiaya etirazla əlaqədar hər hansı bir sübuti əhəmiyyəti olan sənəd və s. təqdim olunmamışdır. Onların tərəfindən birinci instansiya məhkəməsinə yalnız 28 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “məhkəmə mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası təyin edilməsi” barədə yazılı vəsatət verilmişdir ki, həmin vəsatət də iş üzrə 01 iyul 2024-cü ildə Cavabdeh2 nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə iclasında həll edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işləri Əmlak Məsələləri Dövlət Xidmətiinin müvafiq qurumları tərəfindən aparılır və daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi - daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, ölçülərini, tərkibini və s. müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Lakin, hazırkı mübahisə üzrə iddia tələbində qeyd olunmayan və iddia tələbinə daxil olmayan hər hansı bir digər mübahisə və yaxud yanaşmalara istinad olunmaqla, müvafiq səlahiyyətlərə malik icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən məlum vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə mane olunması - qanuni əsası olmayan hərəkətlərdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2(014)-870/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2(014)-870/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə).

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar