Məhkəmə qərarları › İş №2(107)-1352/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1352/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1352/2022 20.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı pul tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbi barədə iddia ərizəsinə dair (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı–cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı pul tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(063)-236/2022 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 1.Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı A.Seyidovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 aprel 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

2. AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, İddiaçı Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 2, ev 2-də qeydiyyatdadır.

3. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 fevral 2022-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, Cavabdeh1 Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır və yaşayır.

4. Ucar Rayon Polis Şöbəsinin 07 yanvar 2022-ci il tarixli, 187-426-1222 nömrəli məktubundan görünür ki, X1 rayonu, Boyat kəndində qeydiyyatdadır.

5. Ucar Rayon Polis Şöbəsinin 07 yanvar 2022-ci il tarixli, 187-933-1222 nömrəli məktubundan görünür ki, X2 rayonu, Boyat kəndində qeydiyyatdadır.

6. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ceyhun onun qohumu, yəni qardaşının oğludur, Ceyhun 2015ci ildə Vüsalə adlı şəxsdən hissə-hissə olmaqla 5000 manat pulu faizlə götürmüşdür, əvvəlcə onun yanında Vüsalə Ceyhuna 3000 manat vermişdir. Ceyhun götürdüyü pula görə girov kimi qızıl əşyaları qoymuşdur. Vüsalə əlavə olaraq 2000 manat pulu Vurğun adlı şəxslə göndərəcəyini demişdir. 2022-ci ilin yanvar ayında Ceyhun bazarda onun yanına gəlmiş və tanımadığı şəxslərin Ceyhunun pul borcu olduğunu bildirmişlər, o da DİN-nin 102 xidmətinə zəng etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 204 qram qızıl-zinət əşyalarının və ya onların ümumi dəyəri olan 13260 manatı və artıq ödədiyi 41566 manatı, cəmi 54826 manat pulun, həmçinin, 255 manat iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin mart ayında o, Cavabdeh2 Ucar bazarında əvvəlcə 3500 manat məbləğində faizə pul götürmüş və girov kimi 204 qram qızıl-zinət əşyaları vermişdir. Cavabdeh2 ona yanındakı Vurğun adlı şəxsi göstərib demişdir ki, sabah 1500 manat pulu da bu adam əlavə olaraq gətirib ona verəcəkdir. Həqiqətən də həmin şəxs səhəri günü ona Ucar bazarında 1500 manat pul gətirib vermişdir. Razılaşmalarına əsasən o, Cavabdeh2 5000 manat pula görə hər ay 300 manat faiz verməli idi və pulu faizi ilə birlikdə Cavabdeh2 qaytardıqdan sonra Cavabdeh2 ona girov saxladığı 204 qram çəkidə qızıl əşyalarını qaytarmalı idi. O, 2021-ci ilin noyabr ayı da daxil olmaqla 6156 manat Cavabdeh2 vermək üçün atası Cavabdeh1, 8045 manat Cavabdeh2 vermək üçün qardaşı X4 və 11620 manat Cavabdeh2 özünə hissə-hissə olmaqla ödəmiş, həmçinin, 2017-ci ildə yenə də Cavabdeh2 özünə öz evlərində birdəfəlik 16500 manat olmaqla, cəmi 42321 manat nağd pul ödəmişdir.

9. Bundan başqa, Cavabdeh2 tapşırığı ilə Cavabdeh2 ilə lotareya oynayan Ucar rayon Boyat kənd orta məktəbində müəllim işləyən, Cavabdeh2 iş yoldaşları olan Anar müəlimə 10 ay 120 manat, Mürşüd müəllimə isə 10 ay 100 manat olmaqla, cəmi 2200 manat ödəmiş, həmçinin, X3 qaynatası Vurgun adlı şəxsə 3 dəfə 80 manat olmaqla, cəmi 240 manat pul vermişdir. Cavabdeh2 birdəfəlik 16500 manat pul ödəyəndə Cavabdeh2 pulu götürməyə həmin Vurgun adlı şəxslə gəlmişdir. Bundan başqa, o, 28 noyabr 2021-ci il tarixdə X3 dostu Elçin Səmədova 205 manat, 30 iyun 2021-ci il tarixdə Cavabdeh2 300 manat, 29 may 2021-ci il tarixdə Cavabdeh2 600 manat, 22 noyabr 2021-ci il tarixdə Cavabdeh2 700 manat olmaqla, cəmi 1805 manat bank vasitəsi ilə ödəmişdir. Beləliklə, o, 5000 manat pulun müqabilində cavabdehlərə cəmi 46566 manat pul ödəmişdir. Ona görə də 2021-ci ilin dekabr ayının sonlarında o, Cavabdeh2 götürdüyü pulun 9 qatından da artığını ödədiyini demişdir. Ona görə də Cavabdeh2 tələb etmişdir ki, onun 204 qram qızılzinət əşyasını qaytarsın. Lakin Cavabdeh2 ona qızılı qaytarmamış və hələ 35000 manat pul ödəməli olduğunu bildirmişdir. Ona görə də hesab edir ki, cavabdehlər ona 204 qram qızılın dəyəri olan 13260 manatı və ya qızılın özünü (hal-hazırda qızılın bir qramı 65 manatdır) və artıq ödədiyi 41566 manatı (46566-5000=41566), cəmi 54826 manat pulu qaytarmalıdırlar.

10. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35000 manat məbləğində pulun və 195 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı pul tələbi barədə iddia ərizəsi ilə Ucar Rayon Məhəkəməsinə müraciət edərək 204 qram qızıl-zinət əşyalarının və ya onların ümumi dəyəri olan 13260 manatı və artıq ödədiyi 41566 manatı, cəmi 54826 manat pulun, həmçinin, 255 manat iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdelərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda həmin mülki iş Ucar Rayon Məhkəməsinin icraatındadır. Onun daha əvvəl iddia qaldırmamağının, xüsusən də qarşılıqlı iddia verməməyinin səbəbi odur ki, hazırda hüquq-mühafizə orqanlarında İddiaçı ondan dələduzluq yolu ilə pul alaraq geri qaytarmaması faktı araşdırılır. İddiaçı ona məxsus 35000 manat məbləğində pulu dələduzluq yolu ilə alaraq qaytarmamışdır. Belə ki, İddiaçı onun həyat yoldaşının qohumu, xalası qızının oğludur. 2021-ci ilin iyul ayında Ceyhun ona iş quracağını, qurulmuş işin qazancından ona xərclər çıxıldıqdan sonra aylıq gəlirin 30 faizini verəcəyini və qısa müddətə 35000 manat pulu tam hissədə qaytaracağına söz verərək onun etibarından sui-istifadə edərək qaytarmamışdır. Sonralar o, heç bir iş qurulmadığını, aldadıldığını anlayaraq pulu geri istədikdə Ceyhun və bibisi Sevil onu müxtəlif vasitələrlə şantaj edərək pulu qaytarmaqdan yayınmağa çalışmışlar. Bu barədə dəfələrlə Ceyhunun atası ilə Ucar şəhərində, dayısı Yaşarla Ucar rayonu, Qazyan kəndində, yeznələri Habil və İntiqam adlı şəxslərlə Ucar rayonu, Qazyan kəndində görüşərək bu problemin həllində, pulunu geri qaytarmaqda ona kömək etmələrini xahiş etmişlər, lakin bütün bu cəhdlərin heç bir faydası olmamış, həmin şəxslər pulu qaytarmağa Ceyhunun bibisi Sevilin imkan vermədiyini dilə gətirmişlər. İddiaçı ona məxsus 35000 manat pulu geri qaytarmalıdır.

12. Ucar Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(006)-236/2022 nömrəli qərardadı ilə mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işlərə birlikdə baxılması qərara alınmışdır.

13. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 26 may 2022-ci il tarixli, 2(063)- 236/2022 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə görə öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, məhkəmə iclasında hazırkı iş üzrə cavabdehlərin iddiaçı qarşısında iddia ərizəsində göstərilən öhdəliyi müəyyən edilməmiş, iddiaçı Cavabdeh2 girov kimi qızıl-zinət əşyalarını verməsi barədə, yəni tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, İddiaçı vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş şahidin ifadəsinə qiymət verərək bu nəticəyə gəlir ki, qeyd olunan şəxsin ifadəsi digər sübutlarla təsdiq olunmamış, bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə iddiaçı Cavabdeh1 iddiasına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və cavabdehin iddiaçı qarşısında iddia ərizəsində göstərilən öhdəliyinin olmasını sübut edə bilməmişdir. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçılar da istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduqları halda bunu edə bilmədiklərindən və iddia tələblərinin qanuni əsası müəyyən edilmədiyindən iddialar təmin edilə bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 448.1-ci maddələrinə, İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 81, 106.1, 107 və 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan cavabdeh-iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qətnamə çıxararkən nədənsə bir çox maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmənin qətnamə çıxararkən sübutların qiymətləndirilməsinə dair mülki prosessual qanunvericiliyi düzgün tətbiq etməmiş, qarşılıqlı iddiaçılar tərəfindən təqdim edilmiş sübutları əsassız olaraq düzgün qiymətləndirməmişdir.

18. Qeyd edir ki, tərəflərindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsində yer almış hüquq normaları və digər məqamlara ümumiyyətlə qətnamədə yer verilməmişdir. 2021-ci ilin iyul ayında Ceyhun ona iş quracağını, qurulmuş işin qazancından ona xərclər çıxıldıqdan sonra aylıq gəlirin 30 faizini verəcəyini və qısa müddətə 35000 (otuz beş min) manat pulu tam hissədə qaytaracağına söz verərək onun etibarından sui-istifadə edərək qaytarmamışdır.

19. Sonralar o heç bir iş qurulmadığını, aldadıldığını anlayaraq pulunu geri istədikdə Ceyhun və bibisi Sevil onu müxtəlif vasitələrlə şantaj edərək pulu qaytarmaqdan yayınmağa çalışmışlar.

20. Bu barədə dəfələrlə Ceyhunun atası Rasimlə (Ucar şəhərində), dayısı Yaşarla (Ucar rayonu, Qazyan kəndində), yeznələri Habil və İntiqam adlı şəxslərlə (Ucar rayonu, Qazyan kəndində) görüşərək bu problemin həllində, pulunu geri qaytarmaqda ona kömək etmələrini xahiş etmişdir. Lakin bütün bu cəhdlərin heç bir faydası olmamış, həmin şəxslər pulu qaytarmağa Ceyhunun bibisi Sevilin imkan vermədiyini dilə gətirmişlər.

21. Hesab edir ki, İddiaçı Rasim oğlu ona məxsus 35000 (otuz beş min) manat məbləğində pulu geri qaytarmalıdır.

22. Qeyd edilənlərə əsasən Ucar Rayon Məhkəməsinin 2(063)-236/2022 saylı, 26 may 2022-ci-il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o İddiaçı Ucar rayon bazarında 35000 manat pul vermiş, lakin bugünədək pulunu geri ala bilmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

25. Məhkəmə iclasında iştirak etmiş iddiaçı–cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Cavabdeh1 yalan danışır, ona heç bir pul verməyib. O, iddiaçının qızına qarşı iddia verdiyi üçün, sonuncu da ona qarşı iddia qaldırıb. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər tərəflər (cavabdehlər) səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətindən görünür ki, apellyator Ucar Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(063)-236/2022 nömrəli qətnaməsinin ləğv edilərək, özü tərəfindən verilmiş iddianın təmin olunmasını xahiş etmişdir. 30.Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndiruilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Mübahisələndirilən iddia tələbindən müəyyən edilir ki, tələb cavabdehdən 35000 manat məbləğində pulun ödənilməsi barədədir. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının istinad etdiyi halları sübut etməməsinə istinad etmişlər.

33. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.

34. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.

35. Qanunvericililin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

37. Hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və birinci instansiya məhkəməsi bununla bağlı maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.

38. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

39. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı)

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

41. Birincisi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

42. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir.

43. Üçüncü, Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

44. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Dördüncü, yuxarıda qeyd olunduğu kimi MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Lakin kollegiyanın araşdırması zamanı da təklif olunmasına baxmayaraq iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi pulun cavabdehə verilməsini və cavabdeh tərəfindən qaytarılmamasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, öz izahatını formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.

47. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiyası məhkəməsinin iddianı rədd etməklə mövqeyi əsaslı olmuşdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(063)-236/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh-iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(063)-236/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar