Məhkəmə qərarları › İş №2(107)-1353/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1353/2021

06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1353/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(075)-730/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş 13.12.2007-ci il təvəllüdlü X1 üçün aliment məbləğinin artıraraq hər ay üçün 175 manat (bir yüz yetmiş beş) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(075)-730/2021 nömrəli (hakim C. İmanov) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 13 dekabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 01 avqust 2017ci il tarixli, 2(075)-4534/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 80 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməsi, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(075)-730/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2006-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 13.12.2007-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Aralarında olan narazılıqlar səbəbindən nikahları Şəki rayon məhkəməsinin 04.07.2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş 13.12.2007-ci il təvəllüdlü X3 onun yanında saxlanılmış, onun saxlanması üçün Cavabdeh hər ay 30 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uzun müddət sonra tərəfindən təkrar olaraq aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Şəki rayon məhkəməsinin 2(075)- 4534/2017 saylı, 01.08.2017-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq, X1 üçün Cavabdeh hər ay sabit pul 65 (altmış beş) manat məbləğində aliment tutulması qət edilmişdir. Uşaqlar böyüdükcə onların xərcləri də artmaqdadır. Eyni zamanda ölkədə hər il üçün infiliyasiya artmaqdadır. Bunda başqa hər il yaşayış minimumu artır. Aliment kəsilərkən ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 135 manat təşkil etmişdir. Həmin müddətdən sonra 4 ildən çox vaxt keçib. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan bu məbləğ bir uşağın 1 ay ərzində qida tələbatını ödəmək üçün müəyyənləşdirilmiş məbləğdir. Hər bir uşağın əlavə xərcləri də mövcuddur. Uşağı məktəbə gedir. Onların paltarı, kitab-dəftərləri, nəqliyyat xərcləri və s. kimi xərcləri mövcuddur. Bunları nəzərə aldıqda bu gün Şəki rayon məhkəməsinin müəyyən etdiyi 80 manat aliment məbləği çox aşağı bir məbləğdir. O, məhkəmə iclası günü ərizə ilə hər uşaq üçün 150 manat aliment məbləği tələbi barədə iddia həcminin artırılması barədə ərizə göndərsə də məhkəmə həmin ərizənin yekun qərar çıxarıldıqdan sonra məhkəməyə daxil olduğunu bildirmiş və onun həmin ərizəsini nəzərə almamışdır. Lakin məhkəmənin cavab məktubundan göründüyü kimi onun ərizəsi proses günü daxil olmuşdur. Məhkəmə bunu nəzərə almamaqla prosessual pozuntuya yol vermişdir. qeyd edilənlərə əsasən Şəki rayon məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(075)-730/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləği düzgün müəyyən edilməmişdir. Uşaq böyüdükcə onun tələbatları da artır. Lakin cavabdeh uşağa lazımi köməkliyi göstərmir. Cavabdeh əlilliyə görə müavinət almaqla yanaşı, mal-qara saxlayır. Baxmayaraq ki, cavabdehin 2000 manatdan çox aliment borcu var, yenə də alimentin artırılmasında israrlıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, elektrik cərəyanının vurması nəticəsində əlil olmuş və cəmi 110 manat müavinət alır. Səhhətində yaranmış problemlə bağlı əlavə heç bir işlə məşğul ola bilmir. Belə ki, ayağının üç barmağı yox, əl barmaqları yığılıb,qarın nahiyyəsində yanıq xəsarətləri var. Əl barmaqları büküldüyündən fiziki işlə məşğul ola bilmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(075)-730/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(075)-4534/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh hər ay 65 (altmış beş) manat aliment tutularaq 13 dekabr 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 29 iyun 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Həmçinin həmin qətnamədə Cavabdeh xəsarət alması ilə əlaqədar sənədlər öz əksini tapmışdır. ƏƏSMN tabeliyində DSMF Publik hüquqi şəxsinin 15 saylı regional filialı tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Şəki rayonu, Vərəzət kənd sakini Cavabdeh İİİ qrup əlilliyə görə 471244 nömrəli (pensiya) müavinət işi üzə hər ayda 110 manat məbləğində sosial müavinət alır. Şəki MRX tərəfindən verilmiş tibbi kartadan çıxarışdan müəyyən edilir ki, (həkim travmatoloq Seymur İbadov) Cavabdeh əmək qabiliyyətli deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir Beləliklə məhkəmə kollegiyası iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh əvvəllər ailəli olmuş və onların birgə nikahından 13.12.2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Əvvəllər uşağa görə ödənilən alimentin məbləği 65 manat olsa da, hazırki mübahisələndirilən qətnamə ilə həmin alimentin məbləği 80 manat müəyyən edilmişdir. İddiaçı müəyyən edilmiş sonuncu alimentin məbləği ilə razılaşmır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın alimentlə bağlı hissəsinin tam təmin edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir ki, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən həmin dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi dəlilləri öz mülahizəsi ilə əsaslandırmağa çalışmış, eləcə də özünün izahatının daha mötəbər sübut kimi qiymətləndirilməsini israr etmişdir. Üçüncüsü, işin faktiki halından göründüyü kimi cavabdeh 3-cü qrup əlil olmaqla, 110 manat müavinət alır. Həmçinin iş materiallarınadan müəyyən edilir ki, cavabdeh əmək qabiliyyətli deyil. Göründüyü kimi hazırkı iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz. Çünkü alimentin 80 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası sonda qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 404-1-ci (kassasiya şikayətinin mümkünlüyü) maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırkı işdə iddianın qiyməti 1320 manat (175-65=110x12=1320) təşkil edir. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(075)-730/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar