Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-136/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X9» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan, sübutetmə yükü, ekspertiza) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-31/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «X9» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh oğuna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, «X9» MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4618 (dörd min altı yüz on səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X9» MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. 11.10.2019-cu il tarixli 447-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasında yol vermişdir. Belə ki, 15.07.2019cu il tarixdə Oba – Nərimanov 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 15.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8368 (səkkiz min üç yüz altmış səkkiz) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 3750 (üç min yeddi yüz əlli) manat güzəşt edilmiş, qalıq borc 4618 (dörd min altı yüz on səkkiz) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-31/2021 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilmiş, Cavabdeh iddiaçı «X9» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə vurulmuş zərərə görə 4618 (dörd min altı yüz on səkkiz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 15.07.2019- cu il tarixdə NƏRİMANOV 2 (169) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 15.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8368 (səkkiz min üç yüz altmış səkkiz) manat məbləğində zərər vurması məlum olmuşdur. 3750 (üç min yeddi yüz əlli) manat güzəşt edilmiş, nəticədə 4618 (8368-3750) manat borcu qalmışdır. İşin bu halı iş materiallarında olan “İnventarizasiya Nəticələrinə” dair Aktdan və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, müvafiq qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/2782 nömrəli rəyi ilə Cavabdeh hesabında olan çatışmazlıq 4618 (8368-3750) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, «X9» MMC dövlət qeydiyyatı VÖEN ********** olmaqla, hüquqi ünvanı Sumqayıt şəhəri, 9 MKR, ev 25C ünvanı təşkil etməklə, təsisçisi X4r. Çıxarış 05.03.2019-cu il tarixdə **********755200 nömrə ilə verilmişdir. «X9» MMC VÖEN ********** təşkil etməklə vergi ödəyicisi kimi qeydə alınmışdır. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul ola bilər. Cavabdeh administrator vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə 30.03.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə administrator vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 30.03.2017-ci il tarixdən 30.03.2018-ci il tarixədək bir il müddətinə cəmiyyətin administrator vəzifəsinə təyin edilmişdir. «X9» MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə administrator vəzifəsinə işə qəbul olunmuş, ona 175 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Azərbaycan Respublikası qanunlarını və qüvvədə olan Şirkətin, Cəmiyyətin təlimat, əsasnamə və digər qaydalarını doğru və zamanında icra etmədikdə; şirkətin, kommersiya, maliyyə və daxili sirlərinin aidiyyatı olmayan şəxslər arasında yayılmasından, müvafiq sənəddə göstərilən vəzifələri doğru və zamanında icra etmədikdə, səlahiyyətində olan invertarları yararlı şəkildə istifadə etmədikdə; mal qəbulu zamanı məhsulların sayının sistemə doğru tanıdılmasından; mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən; tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əksik gəldikdə məsuliyyət daşıması Cavabdeh nəzərinə çatdırılmışdır. Cavabdeh 11.10.2019cu il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 əmək müqaviləsinə 11.10.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Əmrdə əsas olaraq Cavabdeh ərizəsi qeyd edilmişdir. 30.03.2017-ci il tarixdə «X9» MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 maddəsinin a bəndinə əsasən 11.10.2019-cu il tarixdə xitam verilmişdir. «X9» MMC-nin Bakı şəhəri Nərimanov R.F.X. Xoyski 110 küçəsində yerləşən “NƏRİMANOV 2” (169) “15” iyul 2019-cu il tarixinə təyin olunmuş təhvil təslim yoxlamasında, mağazada öhdəsində olan ticari malların təhvil təsliminin aparılması məqsədi ilə təhvil verən maddi məsul şəxs Cavabdeh edilmiş şifahi müraciətlərə və şirkətə məxsus ***-***-**-** nömrəli xidməti telefonuna edilən zənglərə baxmayaraq o, bütün bu çağırışlara məhəl qoymayaraq, mağazaya gəlməmiş və bununla da o, malların təhvil təslimində iştirak etməkdən imtina etmişdir. 4618 manat vurulmuş ziyanın 3 gün müddətində ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh ümumilikdə «X9» MMC-nə 4618 manat borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/2782 nömrəli rəyi ilə Cavabdeh hesabında olan çatışmazlıq 4618,00 (8368,00-3750,00) manat məbləğində müəyyən edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, «X9» MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilə Əmək Qanunvericiliyinin tələblərinə riayət olunmaqla (maddə 200, 1-ci bəndinə) tam qanuni əsaslarla tərtib olunmuşdur. Həmin müqavilə üzrə də cavabdehin iddiaçı qarşısında X7i yaranmışdır. Məhkəmə Əmək qanunvericiliyinin 191-ci maddəsinini 2-ci bəndinə əsasən hesab etmişdir ki, ziyanın həqiqətən vurulduğu aşkar olunduğu, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd, eləcə də təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduğu, işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə 4618 (dörd min altı yüz on səkkiz) manat müəyyən edildiyi nəzərə alınaraq «X9» MMC-nin iddia tələbi təmin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 15.07.2019-cu il tarixdə NƏRİMANOV 2 (169) mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair aktın düzgünlüyünü mübahisələndirməmişdir və həmin aktın düzgün olmaması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı «X9» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə vurulmuş zərərə görə 4618 (dörd min altı yüz on səkkiz) manat məbləğində pul tutularaq iddiaçı «X9» MMC-yə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 42-ci, 44.3-cü, 57-ci, 68-ci, 69-cu, 73-cü, 191ci, 199-cu, 200-cü, 202-ci, 205-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci, 21.2-ci, 1096-cı, 1097.1-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-cı, 81-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, "X9" MMC ilə onunla bağlanmış 30.03.2017-ci il tarixli əmək müqaviləsinə əsasən 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətisiz əmək müqaviləsi ilə administrator vəzifəsinə qəbul olunmuş, "X7" haqqında müqaviləni imzalamışdır. İddiaçı əsassız olaraq göstərmişdir ki, 15.07.2019-cu il tarixdə Oba-Nərimanov 2 mağazasında çalışdığı zaman guya iş yerində inzibati xətaya yol vermiş, aparılmış inventarizasiya nəticəsində zərər vermiş, saxta və qeyri-obyektiv əsaslarla tərtib edilmiş "İnventarizasiya Nəticələrinə" dair Akta əsasən yekun ziyan məbləği 8368 (səkkiz min üç yüz altmış səkkiz) manat məbləğində zərər vurulması iddia edilmişdir. Əsassız maliyyə arayışından məlum olur ki, iddia edilən ümumi qalıq borcdan 3750 (üç min yeddi yüz əlli) manat güzəşt edilmiş, qalıq borc 4618 (dörd min altı yüz on səkkiz) manat təşkil etmişdir. Qəbələ Rayon Məhkəməsində iş qeyri-obyektiv araşdırılmış, məhkəmə ədalətsiz nəticəyə gəlmişdir. Əsassız olaraq borc adına yazılmışdır. Onun "X9" MMC-yə hər hansı miqdarda borcu yoxdur. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-31/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-31/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə teleqram göndərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən təqdim edilmiş teleqramı təsdiq edən hər hansı bir sübut təqdim etmədiyi üçün əsassız hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 199-cu maddəsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… 200-cü maddənin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması və başqa əməliyyatların apralması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə görə işəgötürən ona vuralan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-31/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-31/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «X9» MMC dövlət qeydiyyatı VÖEN ********** olmaqla, hüquqi ünvanı Sumqayıt şəhəri, 9 MKR, ev 25C ünvanı təşkil etməklə, təsisçisi X4r. Çıxarış 05.03.2019-cu il tarixdə **********755200 nömrə ilə verilmişdir. «X9» MMC VÖEN ********** təşkil etməklə vergi ödəyicisi kimi qeydə alınmışdır. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul ola bilər. Cavabdeh administrator vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə 30.03.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə administrator vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 30.03.2017-ci il tarixdən 30.03.2018-ci il tarixədək bir il müddətinə cəmiyyətin administrator vəzifəsinə təyin edilmişdir. «X9» MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə administrator vəzifəsinə işə qəbul olunmuş, ona 175 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Azərbaycan Respublikası qanunlarını və qüvvədə olan Şirkətin, Cəmiyyətin təlimat, əsasnamə və digər qaydalarını doğru və zamanında icra etmədikdə; şirkətin, kommersiya, maliyyə və daxili sirlərinin aidiyyatı olmayan şəxslər arasında yayılmasından, müvafiq sənəddə göstərilən vəzifələri doğru və zamanında icra etmədikdə, səlahiyyətində olan invertarları yararlı şəkildə istifadə etmədikdə; mal qəbulu zamanı məhsulların sayının sistemə doğru tanıdılmasından; mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən; tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əksik gəldikdə məsuliyyət daşıması Cavabdeh nəzərinə çatdırılmışdır. Cavabdeh 11.10.2019-cu il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 əmək müqaviləsinə 11.10.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Əmrdə əsas olaraq Cavabdeh ərizəsi qeyd edilmişdir. 30.03.2017-ci il tarixdə «X9» MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 maddəsinin a bəndinə əsasən 11.10.2019-cu il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «X9» MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilə Əmək Qanunvericiliyinin tələblərinə riayət olunmaqla (maddə 200, 1-ci bəndinə) tam qanuni əsaslarla tərtib olunmuşdur. Həmin müqavilə üzrə də cavabdehin iddiaçı qarşısında X7i yaranmışdır. Əmək qanunvericiliyinin 191-ci maddəsinini 2-ci bəndinə əsasən hesab etmişdir ki, ziyanın həqiqətən vurulduğu aşkar olunduğu, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd, eləcə də təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduğu, işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə 4618 (dörd min altı yüz on səkkiz) manat müəyyən edildiyi nəzərə alınaraq «X9» MMC-nin iddia tələbi təmin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 15.07.2019-cu il tarixdə NƏRİMANOV 2 (169) mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair aktın düzgünlüyünü mübahisələndirməmişdir və həmin aktın düzgün olmaması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Cavabdeh İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 15.07.2019-cu il tarixdə NƏRİMANOV 2 (169) mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair aktın düzgünlüyünü mübahisələndirməsinə zərurət olmamışdır. Belə ki, həmin aktdan görünür ki, Cavabdeh aktı imzalamamışdır. İmzalanmamış aktın mübahisələndirilməsinə isə lüzum yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı tərəf cavabdehin iddia ərizəsində qeyd edilən məbləğdə borcunun olduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Əmək məcəlləsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… Kollegiya qeyd edir ki, cavabdeh öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlasada, iddiaçı tərəf cavabdehə nə qədər mal təhvil verməsi, cavabdehin verilən maldan nə qədərinin qaytarması, nə qədər ziyan vurmasınə sübut edə bilməmişdir. cavabdehin öz-özlüyündə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlaması, çatışmayan mallara görə cavabdehin məsuliyyət daşıması yetərli deyildir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyi barədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-31/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Eyni zamanda iddia təmin edilmədiyindən ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçı «X9» MMC-dən, tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qnunvericilik hazırkı qətnamədən kassasiya şikayətinin verilməsini nəzərdə tutmadığından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-31/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçı «X9» MMC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-136/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-136/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver