Məhkəmə qərarları › İş №2(107)-1364/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1364/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1364/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə “xxxx” MMM QBKT-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddiasına dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-619/2021 nömrəli qətnaməsindən iddiaçı “xxxx” MMM QBKT tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” MMM QBKT Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1843 manat əsas borcun, 471 manat faiz borcun,54,02 manat cərimə borcun, cəmi 2368,02 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 08 aprel 2021-ci il tarixli, 2(014)- 619/2021 nömrəli qətnaməsi ilə iddia müddətinin tətbiq edilməsi, “xxxx” MMM QBKT-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan “xxxx” MMM QBKT apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, “xxxx” MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli **********3071 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün «xxxx» MMM QBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin «xxxx» MMM QBKT-yə 1843 manat əsas borcu, 471 manat faiz borcu,54,02 manat cərimə borcu, cəmi 2368,02 manat məbləğində borcu vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı “xxxx” MMM QBKT apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin ikinci səhifəsinin 1-ci abzasında cavabdeh tərəfindən verilən ifadəsindən də aydın görünür ki, borcunun olmasını etiraf edir. İşə əlavə edilən kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlindən qeyd şərtsiz göründüyü kimi cavadeh tərəfində edilməli olan ödənişlər 05.10.2014- 05.09.2016-cı illəri əhatə edir. İfadəsində qeyd etdiyi kimi sonuncu dəfə 2015-ci ilin may ayında ödəniş etmiş və ondan sonra hər hansı məbləğdə borc üzrə ödənişi etməmişdir. Göründüyü kimi cavabdeh tərəf borcunun olmasını etiraf etmiş, sonuncu dəfə 2015-ci ilin may ayında 136 manat ödəniş etdiyini, həmin vaxtdan sonra borc üzrə ödəniş etmədiyini qeyd etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Beləliklə hakim araşdırılmalı olan halı prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmamış, Mülki Məcəllənin 380-ci madəsini nəzərə almamış, nəticədə maddi və prosessual mülki hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarındakı tövsiyələrini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-(014)-619/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə razılıq əldə olunması səbəbindən mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. (lakin cavabdeh tərəflə əlaqə saxladıqda heç bir razılığın əldə olunmadığını və işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-619/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: «xxxx» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli **********3071 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün «xxxx» MMM QBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbi də məhz öhdəlik (müqavilə) hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 51-ci səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli **********3071 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün «xxxx» MMM QBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin iddiaçıya borcu vardır. Lakin, işin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş 05 may 2015-ci il tarixdə, yəni müqavilə müddəti ərzində olmuşdur. Müqavilənin son müddəti isə 05.09.2016-cı ildir. Göründüyü kimi həm cavabdehin ödəniş etdiyi tarixdən, həm də müqavilə müddətinin sonundan hesabladıqda, hər iki halda müddət keçmişdir. Beləliklə iş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış kredit müqavilələrinin icrası müddəti müvafiq olaraq 05 sentyabr 2016-ci il tarixdə başa çatmasına, cavabdehin də 05 may 2015-ci il tarixdən sonra hər hansı ödəniş etməməsinə və müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda, iddiaçının borcalanın müqavilə üzrə banka olan borcunun tələb etmək hüququna malik olmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə müddəti bitdiyi tarixdən 4 ildən çox, son ödənişin olduğu tarixdən isə 5 ildən çox vaxt keçdikdən sonra, yəni 25 yanvar 2021-ci il tarixdə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi. Bu səbəbdən də iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağalbatan görünmür Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, iddiaçı apelyasiya şikayətində qeyd olunan məbləğin cavabdehə 05.09.2014-cü ildə 24 ay müddətə verdiyini, cavabdeh tərəfindən sonuncu ödənişin 2015ci ilin may ayında edildiyini və bunda sonra cavabdeh tərəfindən ödəniş olunmadığını bildirir. İkincisi, iddiaçı apellyasiya şikayətinin digər dəlilini onunla əsaslandırır ki, cavabdeh tərəf borcunun olmasını etiraf etməklə, sonuncu dəfə ödənişin 2015-ci ilin may ayında ödəniş etdiyini etiraf edir. Apellyatorun qənaətinə görə Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 380.2-ci maddəsinin tələbinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, müddətin kəsilməsinə səbəb olmuş hallar baş verənədək ötmüş zaman kəsiyi hesaba alınmır və müddət yenidən axmağa başlayır. İddia müddətinin axımının kəsilməsi əsasları imperativ xarakter daşıyır və genişləndirici qaydada təfsir edilə bilməz. Məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış “işin baxılmamış saxlanılması barədə” ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Lakin göründüyü kimi cavabdeh tərəf məhkəməyə teleqram ünvanlayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etməklə, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir (cavabdehlə həmçinin telefon vasitəsilə əlaqə saxladıqda da iddiaçı tərəflə qarşılqılı razılığa gəlmədiyini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.) Ona görə də kollegiya iddiaçı tərəfin ərizəsini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “xxxx” MMM QBKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-619/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar