Məhkəmə qərarları › İş №2(107)-1369/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1369/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1369/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki iş üzrə (Açar sözlər: ilk iddia-pul tələbi, qarşılıqlı iddia, maddi ziyan, mənəvi zərər, kompensasiya ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 14 aprel 2021-ci tarixli, 2(025)-296/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona verilməli olan 16080 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı maddi ziyanın əvəzinin ödənilməsi üçün 20.000 (iyirmi min) manat məbləğində maddi, 15.000 (iyirmi beş min) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və ona məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh iddiaçıdan ümumilikdə 20580 manat pul alaraq əvəzində xırdabuynuzlu heyvan gətirib verəcəyinə söz vermişdir. Vədinə tam əməl etməmiş, yəni 4500 manatı versə də, yerdə qalan 16080 manat pulunu qaytarmamışdır. Bununla bağlı o, rəsmi olaraq Qəbələ rayon Polis şöbəsinə müraciət etmişdir. Qəbələ rayon Polis şöbəsində Fikrət barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İzahatı alınan Fikrət 16080 manat borcu olduğunu etiraf etmişdir. Bununla bağlı Qəbələ rayon Polis şöbəsində yazılı izahat da vermişdir. İş üzrə cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul ediləndən sonra, Qəbələ rayon Polis şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, onun hüquqları tamamilə pozulmuşdur və cavabdeh göstərilən pulu könüllü olaraq ödəmir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o - Əhmədxanov X8 rayonu, Zərgərli kəndində yaşayır. Qəbələ rayonu, Cığatelli kəndində yaşayan İddiaçı ilə 2016-cı il tarixdən ət işi ilə məşğuldular. Belə ki, xırda buynuzlu heyvanlara görə az-az ona 16000 manat pul verirdi, lakin bunun əvəzində o, Zaura ət verirdi. Gün ərzində 120-150 kilo civarında ət verirdi, hər ət verilişində onun gətirdiyi ətdən 3-4 kilo kəsirdi. Gətirdiyi ətin pulu 1250 manat edirdisə həmin puldan 30 manat kəsirdi, belə-belə bu 3-4 il ərzində ona olan borcdan çıxılmış və nəticə hesabı ilə ona borcu yoxdur. Əksinə Zaurun ona borcu var. Hazırda o son 6 aydır ki, onunla işləmir, hazırda onunla işləyən ətçilər ondan şikayətçidirlər. Həmin işlə bağlı onun güclü şahidləri var. Ona ümumilikdə 20.000 manatdan çox maddi və 15.000 manatdan çox mənəvi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 14 aprel 2021-ci tarixli, 2(025)-296/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh 16080 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 16110 (on altı min bir yüz on) manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 2019-cu ildə Qəbələ şəhərində ət alveri ilə məşğul olan İddiaçı, hissə-hissə ümumilikdə 20580 (iyirmi min beş yüz səksən) AZN məbləğində pul alaraq əvəzində qurban bayramında satmaq üçün xırdabuynuzlu heyvan alacağını bildirib, həmin heyvanları bayramda satıb qazanc əldə etdikdən sonra onun pulunu geri qaytaracağına, yaxud həmin pulun əvəzində ona tələbat olduqca satması üçün xırdabuynuzlu heyvan əti gətirəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. (İşin qeyd olunan halını Qəbələ rayon Polis şöbəsində izahatı alınan zaman cavabdehin özü də etiraf etmişdir). Lakin cavabdeh qeyd olunan puldan 4500 (dörd min beş yüz) AZN məbləğini hissə-hissə bir neçə dəfəyə geri qaytarsa da, qalan 16080 (on altı min səksən) AZN məbləğində pulu hazırki dövrədək qaytarmayaraq və ya əvəzində İddiaçı xırdabuynuzlu heyvan əti verməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin aldığı borc pulunun qaytarılmadığını görən iddiaçı 08.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ rayon Polis şöbəsinə bu barədə rəsmi ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında şöbədə HK-1/1051 saylı material toplanmış və müvafiq araşdırılma aparılaraq Qəbələ Rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən 07 oktyabr 2019-cu il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Qərarın nəticə hissəsində İddiaçı dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək, həmçinin qərardan şikayət etmək barədə hüquqları izah olunmuşdur. Qəbul olunmuş qərarın surəti 07.10.2020-ci il tarixli, 27/144- 27510-1220 saylı məktubla nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilmişdir. Hazırda iddiaçı borc məbləğinin ödənilməmiş hissəsini cavabdehdən tələb edir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Əhmədxanov X2 Zaur Nüsrət oğlundan maddi ziyanın əvəzinin ödənilməsi üçün 20.000 (iyirmi min) manat, həmçinin 15.000 (iyirmi beş min) manat məbləğində mənəvi ziyanın tutulmalı olmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında bağlanmış borc müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, borc müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Məhkəmənin qənaətinə görə işin hallarından, həmçinin şahid ifadələrindən də göründüyü kimi, borc müqaviləsi üzrə cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, borc müqaviləsi cavabdehin iradəsinə və iradə ifadəsinə uyğun şəkildə bağlınmışdır. İddiaçının istinad etdiyi borc müqaviləsi isə etibarlı əqd olmaqla, onun irəli sürdüyü faktiki hallar iddia tələblərinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Mülki qanunvericiliyin normaları baxımından ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öhdəliklərini həyata keçirməməsi əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən Cavabdeh verilmiş 25080 (iyirmi beş min səksən) manat məbləğində pulun qaytarılmamış 16080 (on altı min səksən) manat hissəsi İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə İddiaçı maddi ziyanın əvəzinin ödənilməsi üçün 20.000 (iyirmi min) manat, həmçinin 15.000 (iyirmi beş min) manat məbləğində mənəvi ziyanın tutulmalı olmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin, Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci, 337.1-ci, 1091-ci, 1092.1-ci maddələri, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apelyator apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Qəbələ Rayon Məhkəməsində gedən məhkəmə iclaslarında bildirmişdir ki, o və İddiaçı birlikdə işlədikləri üçün həmişə aralarında alacaq-verəcək məsələləri olmuşdur. İddiaçı ona bildirmişdir ki, həmin pulları hissə-hissə çıxarmaq olar. Onların birlikdə işlədikləri vaxtda həmin pul hissə-hissə, hətta artıqlaması ilə çıxmışdır. Hesab işləri aparılan zaman müəyyən edilmişdir ki, pul artıqlaması ilə ödənilmiş, hətta İddiaçı ona borcu yaranmışdır. Belə olan halda ondan borcunu istəmiş, buna görə də aralarında mübahisə yaranmışdır və İddiaçı onu polisə şikayət etmişdir. O, Polis Şöbəsində də bildirmişdir ki, İddiaçı borcu olub, lakin o, borcu artıqlaması ilə qaytarmışdır, əksinə İddiaçı ona borcu vardır. Odur ki, o, Qəbələ Rayon Məhkəməsinin 14 aprel 2021-ci tarixli, 2(025)-296/2021 saylı qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, Cavabdeh tərəfindən ona verilməli olan 16080 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü maddəsinə əsasən, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci, 337.1-ci, 1091-ci, 1092.1-ci maddələrini tətbiq etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 135.3-cü, 600.1-ci, 600.2-ci, 600.4-cü, 601.1-ci və 608-ci, 1097-ci maddələrinə istianad etməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 aprel 2021-ci tarixli, 2(025)-296/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi əsassızdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Birinci instansiya məhkəməsində izahat verən İddiaçı bildirmişdir ki, iş üzrə Cavabdeh iddiaçıdan ümumilikdə 20580 manat pul alaraq əvəzində xırdabuynuzlu heyvan gətirib verəcəyinə söz vermişdir. Vədinə tam əməl etməmiş, yəni 4500 manatı versə də, yerdə qalan 16080 manat pulunu qaytarmamışdır. Bununla bağlı o, rəsmi olaraq Qəbələ rayon Polis şöbəsinə müraciət etmişdir. Qəbələ rayon Polis şöbəsində Fikrət barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İzahatı alınan Fikrət 16080 manat borcu olduğunu etiraf etmişdir. Bununla bağlı Qəbələ rayon Polis şöbəsində yazılı izahat da vermişdir. İş üzrə cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul ediləndən sonra, Qəbələ rayon Polis şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, onun hüquqları tamamilə pozulmuşdur və cavabdeh göstərilən pulu könüllü olaraq ödəmir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh Güləhməd oğlu izahatında bildirmişdir ki, Qəbələ rayonu, Zərgərli kəndində yaşayır. Qəbələ rayonu, Cığatelli kəndində yaşayan İddiaçı ilə 2016-cı il tarixdən ət işi ilə məşğuldular. Belə ki, xırda buynuzlu heyvanlara görə az-az ona 16000 manat pul vermişdir, lakin bunun əvəzində o, Zaura ət verirdi. Gün ərzində 120-150 kilo civarında ət verirdi, hər ət verilişində onun gətirdiyi ətdən 3-4 kilo kəsirdi. Bundan sonra gətirdiyi ətin pulu 1250 manat edirdisə həmin puldan 30 manat kəsirdi, belə-belə bu 3-4 il ərzində ona olan borcdan çıxılmış və nəticə hesabı ilə ona borcu yoxdur. Əksinə Zaurun ona borcu var. Birinci instansiya məhkəməsində izahat verən şahid X6 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, İddiaçı, onun qardaşı Qafqaz Şəmsəddinov və Arzu Əliyev birlikdə Qəbələ şəhərində yerləşən “Qəbələ” ticarət mərkəzində Zaurun icarayə götürdüyü ət dükanında işləyirlər. 2019-cu ilin qurban bayramı ərəfəsində bayrama 2-3 həftə qalmış Fikrət Zaurdan xahiş etdi ki, qurban bayramında satmağa heyvan almaq üçün 20-25 min manat civarında pul versin. O heyvan alıb, qurban bayramına kimi saxlayıb, qurban bayramında isə onları satıb əldə etdiyi qazancdan pulu ödəməyi vəd etmişdir. Yaxud da pulun əvəzinə lazım olduqca quzu əti verəcək. Onlar belə fikirləşdilər ki, Fikrət onsuz da onlara tez-tez ət gətirir. Bu səbəbdən ona borc pul vermək olar. Zaur demişdi ki, “veriləcək pul hər üçümüzün payından olacaq”. Həmin ərəfədə Qafqaz maşını satdığı üçün pulun əksər hissəsini Zaur ondan götürüb vermişdir. Həm də Fikrətlə uzun müddətdir ki alver etdiklərinə görə ona inanmışdırlar. Beləliklə 2019-cu ilin yay aylarında dəqiq xatırlamadığı tarixlərdə hissə-hissə Fikrətə 20580 manat pul vermişdirlər. Həmin pulun 14500 manatı Qafqaza məxsus idi, 2080 manatı Zaurun, 2000 mantı onun, 2000 manatı isə Arzunun payına düşmüşdir. Fikrət onlardan 20580 pul aldıqdan sonra Qafqaz həqiqətən də onun heyvan alıb-almadığını yoxlamaq üçün Fikrətin həyətinə getmişdir. Qafqaz iki dəfə həyətə gedib baxandan sonra gəlib demişdir ki, Fikrətin həyətində 140- 150 baş xırdabuynuzlu heyvan var. Qurban bayramının bitməsinə Fikrət xeyli sayda heyvan satdığına baxmayaraq onların pulunu qaytarmamışdır. Fikrət Zaura bir neçə gün möhlət verilməsini xahiş etmiş, pulu qaytaracağını, yaxud əvəzində ət gətirəcəyini söz vermişdir. Bundan da 2 ay keçməsinə baxmayaraq Fikrət vədinə əməl etməmişdir. Belə olan halda Zaur Fikrətə artıq onunla alver etməyəcəyini bildirmiş, borcu tələb etmişdir. Fikrət isə hər dəfə bir bəhanə gətirmiş, hətta Şaiq adlı qəssab, Fikrətin qardaşı və qaynı Zaurun yanına gəlib xahiş etmişlər ki, Fikrət ayda 2000 manat pul ödəsin, həm də yenidən Fikrətlə alver edilsin. Bundan sonra Fikrət 3 ay ərzində hər ay 1500-2000 manat olmaqla, 5000 manat ödədikdən sonra yerdə qalan 16000 manatı ödəmədi. Həmin pulun əvəzinə onlara quzu əti verəcəyini söz vermişdir. Bundan sonra yenə Fikrətdən may ayına heyvan almağa başlamışdırlar. Lakin, Fikrət pulu qaytarmamış, yaxud da əvəzinə vəd etdiyi quzuları da verməmişdir. Hətta son zamanlar Qurban bayramı ərəfəsində 20580 manat pul borc almasını inkar etməyə başlamışdır. Özündən uydurdu ki, guya Zaurla alver etdiyi müddətdə Zaur onun pulundan 20-30 manat kəsib və buna görə də Zaurun ona borcu yaranmışdır. Fikrət özünü günahsız çıxartmaq üçün, pulu mənimsəmək üçün bu cür yalanlar demişdirr. Birinci instansiya məhkəməsində izahat verən şahid X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Cavabdeh iddiaçı Zaurdan xırdabuynuzlu heyvanlar almaq üçün 20580 manat borc almışdır. Həmin pulun bir hissəsini ödəsə də 16080 manat hissəsini ödəməmişdir. Bu məsələlər barədə Fikrət özü ona danışmışdır. Birinci instansiya məhkəməsində izahat verən şahid X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən qəssablıq fəaliyyəti ilə məşğuldur. Qəbələ rayonu Zərgərli kənd sakini Fikrət adlı qəssabı, eləcə də Qəbələ şəhərində ət dükanı işlədən Zauru uzun illərdir ki, tanıyır. Onların hər ikisi ilə ət alveri etmişdir. Belə ki, müxtəlif vaxtlarda Fikrətdən xırdabuynuzlu heyvan almış, Zaura isə mal əti satmışdır. Buna görə də hər ikisi ilə münasibəti olmuş, heç biri ilə ədavəti və ya düşmənçiliyi yoxdur. 2019-cu ilin qurban bayramı ərəfəsində dəqiq xatırlamadığı tarixdə Zaurla Zarağan kəndində yerləşən ona məxsus ət dükanında görüşüb söhbət edən zaman bildirmiş ki, bayram ərəfəsində Fikrətə xırdabuynuzlu heyvan almaq üçün 21000 manata yaxın borca pul verib. Son zamanlar alver edən şəxslərin bir-birinə uzun müddətli borclu qaldığını, ümumiyyətlə borcunu qaytarmayanları gördüyündən Zaura bildirmiş ki, gərək Fikrətə borc pul verməzdi. Qurban bayramından sonra Fikrətin özü ilə də görüşəndə sonuncu ona bildirmiş ki, Zaurdan heyvan almaq üçün 21000 manata yaxın pul alıb, həmin pulun 4500 manatını qaytarıb, lakin yerdə qalan pulu qaytarmayıb. Onu da bilirmiş ki, həmin 4500 manatı Fikrət “Şaka” ləqəbli qəssabın vasitəsi ilə Zaura ödəyib. Fikrətin özünün ona etiraf etdiyinə görə Zaura 16000 manat borcu qalıb. 2020-ci ilin may və ya iyun ayları olarmış ki, Zaur onunla görüşüb demiş ki, Fikrət ona olan 16080 manat borcunu qaytarmır, onun Fikrətlə yaxın münasibətləri olduğuna görə Zaur ondan xahiş etmiş ki, Fikrətə təsir göstərsin, onun pulunu qaytarsın. Bu barədə Fikrətə deyəndə bildirmiş ki, o, Zaurdan bir qədər möhlət istəsin, torpağını satıb Zaurun pulunu qaytaracaq. Bu barədə Zaura deyəndə sonuncu razılaşmışdır. Lakin, bir müddət keçmiş, yenə Zaur ona demiş ki, Fikrət pulu qaytarmır. Fikrət özü də sonradan bir neçə dəfə ondan xahiş etmiş ki, Zaurdan möhlət istəsin, onun pulunu hissə-hissə qaytaracaq. Təxminən Zaurdan 10-15 dəfə Fikrətə görə zəng vurub və ya görüşüb onun pulunu qaytarması üçün möhlət istəmişdir. Hətta 2 ay bundan əvvəl Fikrətin atası onun iş yerinə gəlib, o da xahiş etmiş ki, Zaurla olan münasibətindən istifadə edib ondan bir neçə aylıq möhlət götürsün, oğlu Fikrət Zaurun pulunu yaxın gələcəkdə qaytaracaq. Zaur da hər dəfə onun xahişini eşidib gözləyirmiş. Lakin, son 1 ay bundan əvvəl Zaur ona demiş ki, o, Fikrətin xahişini ondan etdiyi halda Fikrət polis şöbəsinə ondan ərizə yazaraq yalandan şikayət edib bildirib ki, guya Zaurun Fikrətə borcu var. Fikrətdən bu barədə soruşduqda özünü müdafiə etmək üçün ona da yalandan demiş ki, guya Zaur ona 4-5 il alver etdikləri müddətdə hər dəfə onun gətirdiyi heyvanın pulundan 20-30 manat kəsib. Amma o, bunun həqiqətə uyğun olub-olmadığını bilmədiyini, əgər belə bir şey olacağı halda Fikrətin özünün bir neçə dəfə Zaura borclu olduğunu ona deməməli olduğunu, hətta borcunu qaytarması üçün Zaurdan möhlət istəməsini xahiş etməməli idi. O, belə düşünür ki, Fikrət özünü müdafiə etmək üçün bu cür danışır. Birinci instansiya məhkəməsində izahat verən şahid X4 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Fikrət onun bibisi oğludur. Zaur Fikrətə 16000 manat pul vermişdir, lakin bunun əvəzində Fikrət ona ət verirdi ki, Zaura aparsın. Gün ərzində 120- 150 kilo civarında ət verirdi, hər ət verilişində onun gətirdiyi ətdən 3-4 kilo kəsirdi, ya da ki gətirdiyi ətin pulundan 30 manat kəsirdi, belə-belə bu 3-4 il ərzində Fikrətin ona olan borcundan çıxılmış və nəticə hesabı ilə ona borcu yoxdur. Birinci instansiya məhkəməsində izahat verən şahid X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Fikrət onun dayısı oğludur. Fikrət onunla Zaura borclu olması barədə danışmışdır. O əti Fikrətə verir, Fikrət Zaura satırdı. Hər ət verilişində Fikrətin apardığı ətdən Zaur 3-4 kilo kəsirdi, ya da ki gətirdiyi ətin pulundan 30 manat kəsirdi. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2019-cu ildə Qəbələ şəhərində ət alveri ilə məşğul olan İddiaçı, hissə-hissə ümumilikdə 20580 (iyirmi min beş yüz səksən) AZN məbləğində pul alaraq əvəzində xırdabuynuzlu heyvan əti gətirəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh qeyd olunan puldan 4500 (dörd min beş yüz) AZN məbləğini hissə-hissə bir neçə dəfəyə geri qaytarsa da, qalan 16080 (on altı min səksən) AZN məbləğində İddiaçı xırdabuynuzlu heyvan əti verməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin aldığı pulun qaytarılmadığını görən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ rayon Polis şöbəsinə bu barədə rəsmi ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında şöbədə HK-1/1051 saylı material toplanmış və müvafiq araşdırılma aparılaraq Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 07 oktyabr 2019-cu il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Qərarın nəticə hissəsində İddiaçı dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək, həmçinin qərardan şikayət etmək barədə hüquqları izah olunmuşdur. Beləliklə kollegiya belə qənaətə gəlir ki, ilk iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, cavabdehin iddiaçıdan 20580 (iyirmi min beş yüz səksən) AZN məbləğində pul alması işin mübahisə edilməyən tərəfidir. Cavabdeh aldığı pulu qaytarmamasına əsas kimi gün ərzində iddiaçıya 120-150 kilo civarında ət verməsi, hər ət verilişində onun gətirdiyi ətdən 3-4 kilo iddiaçının az hesablamasını göstərmişdir. Yəni iddiaçı onun gətirdiyi ətin pulundan 30 manat az verirmiş. Beləliklə 3-4 il ərzində iddiaçıya olan borcdan çıxılmış və nəticə hesabı ilə ona borcu yoxdur. Məhkəmə kollegiyası cavabdehin həmin arqumentlərini əsassız sayır. Belə ki, cavabdeh hər dəfə iddiaçıya ət verərəkən 30 manat pulunu az verməsini bilmiş, ancaq bu barədə iddiaçıya hər hansı bir etiraz bildirməmişdir. Yəni iddiaçını xəbərdar etmədən iddiaçıya olan borcunu qaytarması qənaətinə gəlmişdir. Halbuki cavabdeh iddiaçıya ət verərəkən hər dəfə iddiaçının 30 manat az verməsinə görə cavabdehin iddiaçıya etiraz etmək hüququ olmuşdur. Ona görə də kollegiya ümumilikdə 3-4 il ərzində cavabdehin iddiaçıya verdiyi ətin müqabilində iddiaçı tərəfindən ona 16080 manat pulun az verməsini inandırıcı hesab etmir. Beləliklə kollegiya hesab edir ki, cavabdeh iddiaçıdan 16080 manat pul aldığını etiraf etdiyindən və aldığı pulu qaytarmasına dair sübut təqdim etmədiyindən iddiaçının iddia ərizəsi təmin edilməli, Cavabdeh 16080 manat pul alınaraq İddiaçı verilməlidir. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir; Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: İddiaçı iddiasında qeyd edir ki, o hər dəfə cavabdehə ət verərəkən 30 manat pulunu az vermişdir. Lakin iddiaçı bununla bağlı məhkəmələrə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası ümumilkdə 3-4 il ərzində iddiaçının cavabdehə verdiyi ətin müqabilində iddiaçı tərəfindən ona 16080 manat pulun az verməsini inandırıçı hesab etmir. Kollegiya iddiaçının bu dəlilərini əsassız hesab edir. Ona görə ki, iddiaçı bu müddət ərzində onun pulunun kəsildiyini ehtimal etmişsə, bununla bağlı qarşı tərəfə hər hansı etiraz və pritenziyasını bildirməməməklə susmuş və etiraz etmək hüququndan istifadə etməmişdir. Kollegiya belə qənaətə gəlr ki, iddiaçının bu dəlilləri özünün formal mülahizələrinə əsaslanmaqla əsassızdır, ağlabatan və inadırıcı görünmür. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Mənəvi zərərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin iddiaçıya vurmuş olduğu mənəvi ziyanın sübut edilməsidir. İddiaçı tərəfindən belə bir sübut məhkəmələrə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olsa da, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası şikayətin digər dəlillərinə qiymət verərək hesab edir ki, şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslı olsa da, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Cavabdeh 2019-cu ildə Qəbələ şəhərində ət alveri ilə məşğul olan İddiaçı, hissə-hissə ümumilikdə 20580 (iyirmi min beş yüz səksən) AZN məbləğində pul alaraq əvəzində xırdabuynuzlu heyvan əti gətirəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh qeyd olunan puldan 4500 (dörd min beş yüz) AZN məbləğini hissə-hissə bir neçə dəfəyə geri qaytarsa da, qalan 16080 (on altı min səksən) AZN məbləğində İddiaçı xırdabuynuzlu heyvan əti verməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin iddiaçıdan 20580 (iyirmi min beş yüz səksən) AZN məbləğində pulun alınmasını etiraf etmişdir. Cavabdeh aldığı pulu qaytarmamasına əsas kimi gün ərzində iddiaçıya 120-150 kilo civarında ət verməsi, hər ət verilişində onun gətirdiyi ətdən 3-4 kilo iddiaçının az hesablaması olmuşdur. Məhkəmə kollegiyası cavabdehin həmin arqumentlərini əsassız sayır. Belə ki, cavabdeh hər dəfə iddiaçıya ət verərkən onun 30 manat pulunu az verməsini bilmiş, ancaq bu barədə iddiaçıya hər hansı bir etiraz bildirməmişdir. Yəni iddiaçını xəbərdar etmədən iddiaçıya olan borcunu qaytarması qənaətinə gəlmişdir. Halbuki cavabdeh iddiaçıya ət verərkən hər dəfə iddiaçının 30 manat az verməsinə görə cavabdehin iddiaçıya etiraz etmək hüququ olmuşdur. Ona görə də kollegiya ümumilikdə 3-4 il ərzində cavabdehin iddiaçıya verdiyi ətin müqabilində iddiaçı tərəfindən ona 16080 manat pulu az verməsini inandırıcı hesab etmir. Beləliklə kollegiya hesab edir ki, cavabdeh iddiaçıdan 16080 manat pul aldığını etiraf etdiyindən və aldığı pulu qaytarmasına dair sübut təqdim etmədiyindən şikayətin dəlilləri ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 aprel 2021-ci tarixli, 2(025)-296/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 14 aprel 2021-ci tarixli, 2(025)-296/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilsin. Cavabdeh 16080 manat pul alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia rədd edisin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar