Məhkəmə qərarları › İş №2(107)-1373/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1373/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1373/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi, nisyə alqı-satqı müqaviləsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tаrixli, 2(051)-293/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 25.11.2019-cu il tarixli “Avtomobilin nisyə alqı-satqısı” müqaviləsi üzrə 46800 manat borcun və həmin müqaviləni vaxtında icra etmədiyi üçün 5040 manat cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tаrixli, 2(051)-293/2021 saylı qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 25.11.2019-cu il tarixli “Avtomobilin nisyə alqı-satqısı” müqaviləsi üzrə 46800 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “MAN” yük modelli **-NF-*** dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh satmışdır. Aralarında olan qarşılıqlı razılığa əsasən, alqı-satqı nisyə üsulla həyata keçirilmiş, tərəflər arasında Bakı şəhəri 43 saylı Notarial Ofisində bağlanılan “avtomobilin nisyə alqı-satqı müqaviləsinə” əsasən satılan əmlakın dəyəri 55000 manat müəyyən edilmişdir. 200 manat müqavilə bağlanılarkən yerində ödənilmiş, bundan sonra 24 yanvar 2019-cu il tarixdə 3000 manat ödənilmiş, daha sonra isə 13 fevral 2019-cu il tarixdə 5000 manat pul vəsaiti ödənilmişdir. Yəni toplam 8200 manat pul ödəmişdir. 25 yanvar 2020-ci il tarixdə 3000 manatın ödənilməsinə dair qəbz var. Lakin bildirirəm ki, həmin pulu 24.01.2019-cu il tarixdə cavabdeh ona ödədikdən sonra geri götürüb, təkrar ertəsi gün ödədi ki, müqavilədə nəzərdə tutulmuş (5 gün ərzində 10000 manatın ödənişi) həll edilsin. Həmin vaxt aralarında olan xoş münasibətlərdən istifadə edərək, biraz maddi vəziyyətinin ağır olmasını bildirdi və ona belə güzəşt etdi. Müqaviləyə əsasən yerdə qalan borcu 4 ay müddətində tamamlamalı idi. Lakin, borclu olduğu pulu bu günədək ödəməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək ödənişdən yayınır, son zamanlar isə ümumiyyətlə onunla ünsiyyətdən qaçır, telefon zənglərinə cavab vermir. Ona görə də Cavabdeh 25.11.2019-cu il tarixli “Avtomobilin nisyə alqı-satqısı” müqaviləsi üzrə 46800 manat borcun və həmin müqaviləni vaxtında icra etmədiyi üçün 5040 manat cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsi, 1096.1-ci, 1097-ci, 1110-cu, 1115-ci maddələri ilə həll etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi və prosessual normalar baxımından düzgün qəbul edilməmişdir. Qeyd edir ki, o iddiaçını şəxsən tanımamışdır. Onun əri X2 tanımışdır. Apelyator qeyd edir ki, avtomobilin alqısatqısına görə Zaur Tağıyevə bir dəfə 46000 (qırx altı min) manat, bir dəfə 10000 (on min) manat, birdəfə də 4500 (dörd min beş yüz) manat pul ödəmişdir. Beləliklə, qeyd edir ki, o “MAN” yük modelli 99NF-903 dövlət nişanli avtomabili ona etibarnamə ilə Emil Tağıyev anası Sahibə Ağayevin adından 25.11.2019-cu il tarixdə satmışdır. O isə avtomobilin pulunu tam şəkildə artıqlaması ilə ödəmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tаrixli, 2(051)-293/2021 saylı qətnaməsi ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Əlibaba qızı məhkəmə iclasına gəlməmiş, gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi və Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tаrixli, 2(051)-293/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Məhkəmə kollegiyası qeyd edtməyi lazım bilir ki, iddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirməmiş və qəbul edilən qətnamə ilə razılaşmışdır. Apellyasiya şikayətində apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-293/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-293/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1-ci maddəsi, 1096.1-ci, 1097-ci, 1110-cu, 1115-ci maddələrinə istinad etmişdir. Halbuki məhkəmə tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normaların dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, birinci instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddiaçı sözügedən müqavilə üzrə cavabdehin borclu olmasına istinad edir. Tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “MAN” yük modelli **- NF-*** dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh satmışdır. Aralarında olan qarşılıqlı razılığa əsasən, alqısatqı nisyə üsulla həyata keçirilmiş, tərəflər arasında Bakı şəhəri 43 saylı Notarial Ofisində bağlanılan “avtomobilin nisyə alqı-satqı müqaviləsinə” əsasən satılan əmlakın dəyəri 55000 manat müəyyən edilmişdir. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385-ci, 443.1-ci, 448.1-ci, 431.1-ci, 600.1-ci maddələri tətbiq edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “MAN” yük modelli **-NF-*** dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh satmışdır. Aralarında olan qarşılıqlı razılığa əsasən, alqı-satqı nisyə üsulla həyata keçirilmiş, tərəflər arasında Bakı şəhəri 43 saylı Notarial Ofisində bağlanılan “avtomobilin nisyə alqı-satqı müqaviləsinə” əsasən satılan əmlakın dəyəri 55000 manat müəyyən edilmişdir. 200 manat müqavilə bağlanılarkən yerində ödənilmiş, bundan sonra 24 yanvar 2019-cu il tarixdə 3000 manat ödənilmiş, daha sonra isə 13 fevral 2019-cu il tarixdə 5000 manat pul vəsaiti ödənilmişdir. Yəni toplam 8200 manat pul ödəmişdir. Müqaviləyə əsasən yerdə qalan borcu cavabdeh 4 ay müddətində tamamlamalı idi. Lakin, cavabdeh borclu olduğu pulu bu günədək ödəməmişdir. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulduğu kimi mülkiyyətində olan “MAN” yük modelli **-NF-*** dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh satmış və onu cavabdehin mülkiyyətinə vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Yəni cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 46800 manat pul ödənilməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, 46800 manat pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddia qismən təmin edilməli, 46800 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin 5040 manat cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apelyator bildirir ki, o, iddiaçını tanımır. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsinin surətindən görünür ki, alqı-satqı müqaviləsini iddiaçının adından onun nümayəndəsi imzalamışdır. Yəni müqavilə imzalanarkən iddiaçının şəxsən imza etməsinə lüzum yoxdur. Daha sonra apelyator bildirir ki, həmin müqavilə üzrə maşın üçün ödəniləcək məbləği Zaur Tağıyevə bir dəfə 46000 (qırx altı min) manat, bir dəfə 10000 (on min) manat, birdəfə də 4500 (dörd min beş yüz) manat pul ödəmişdir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, Zaur Tağıyev tərəflər arasında imzalanmış müqavilənin tərəfi deyil. Eyni zamanda cavabdeh qeyd edilən məbləğin iddiaçının əri Zaur Tağıyevə ödəməsi barədə bu barədə məhkəmə kollegiyasına hər hansı bir sübut növü təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-293/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-293/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 46800 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar