Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1374/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı BOKT “X3” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “LD/15203/00001 saylı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməklə həmin müqavilədən irəli gələn öhdəlik üzrə kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-3016/2017 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı BOKT "X4" MMC-nin nümayəndəsi Aytən İbrahimova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 arasında bağlanmış İİ iyul 2015-ci il tarixli, LD 15203/00001 saylı kredit müqaviləsinə xitam verilməsi və borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 660 (altı yüz altmış) AZN, kredit faizləri üzrə 93 (doxsan üç) AZN, cərimə faizləri üzrə 66 (altmış altı) AZN dolları olmaqla ümumilikdə 819 (səkkiz yüz on doqquz) AZN məbləğində kredit borcu və o cümlədən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq "X4" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-3016/2017 nömrəli (hakim V.Məlikov) qətnaməsinə əsasən iddiа təmin оlunmuş, Cavabdeh1 ilə BOKT "X4" ASC-nin arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD 15203/00001 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 660 (altı yüz altmış) AZN, kredit faizləri üzrə 93 (doxsan üç) AZN, cərimə faizləri üzrə 66 (altmış altı) AZN dolları olmaqla ümumilikdə 819 (səkkiz yüz on doqquz) AZN məbləğində kredit borcu və o cümlədən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "X4" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-3016/2017 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT "X4" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015- ci il tarixli, LD 15203/00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə qədər illik 36 % dərəcəsini tətbiq etməklə 1500 (bir min beş yüz) AZN məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin həmin xx xxxx 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, LD 15203/00001 saylı kredit müqaviləsi üzrə əsas borc 660 (altı yüz altmış) AZN, kredit faizləri üzrə 93 (doxsan üç) AZN, cərimə faizləri üzrə 66 (altmış altı) AZN dolları olmaqla ümumilikdə 819 (səkkiz yüz on doqquz) AZN məbləğində borcu yaranmışdır. BOKT "X4" MMC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. Onlara bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişlər. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan məhkəmə işinin həqiqi hallarını araşdırmaq üçün müəyyən addımlar atmalı idi. Lakin bu hərəkət məhkəmə tərəfindən edilməmişdir. Əksinə bank tərəfindən ona əsas cavabdehin ödəməli olduğu borcu verməyini tələb etmişdir. Bu da onun qanunla qorunan hüquqularının pozulması deməkdir. Cavabdeh1 götürdüyü krediti ödəməyə imkanı çatır və buna görə zamin olaraq o, məsuliyyət daşısa da, iddiaçı əsas cavabdehin borcunu ödəyə biləcəyi, və ya borca görə yönəldilə biləcək hər hansı obyekt ətraflı araşdırılmamışdır. Lakin nədənsə onun kartından tuturlar. O, hesab edir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-3016/2017 saylı qətnaməsi maddi prosessual hüquq normalarının tələblərini pozmaqla çıxarıldığından ləğv edilməli, kredit müqaviləsi üzrə əsas borc və faiz borcu əsas cavabdehdən tutulmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdeh2 rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 050 ******* mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə onun iştirakları olmadan baxılıb nəticə verilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə bildirişindən aydın olur ki, cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin buna baxmayaraq məhkəmə bildirişlərinin cavabdehə çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsiə görə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat vermədən işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. İddia tələbi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual MəcəlləsininHəmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: BOKT "X4" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD 15203/00001 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 18 ay müddətinə, illik 36% dərəcəsi ilə 1500 manatməbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. BOKT "X4" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD 15203/00001 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında öz öhdəliklərini yerinə yetirmədiyi halda məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. xx xxxx 2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, LD 15203/00001 saylı kredit müqaviləsi üzrə əsas borc 660 (altı yüz altmış) AZN, kredit faizləri üzrə 93 (doxsan üç) AZN, cərimə faizləri üzrə 66 (altmış altı) AZN olmaqla ümumilikdə 819 (səkkiz yüz on doqquz) AZN məbləğində borcu vardır. xx xxxx 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəf 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2. maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı BOKT "X4" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015- ci il tarixli, LD 15203/00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə qədər illik 36 % dərəcəsini tətbiq etməklə 1500 (bir min beş yüz) AZN məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin həmin xx xxxx 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə ödənlməmiş kredit borcunu cavabdehlərdən müştərək qaydada tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD/15203/00001 nömrəli kredit müqaviləsinin müddəti xx xxxxxx 2017-ci il tarixdə bitdiyindən iddia tələbinin birinci hissəsi, yəni “müqaviləyə xitam verilməsi” hissəsində təmin oluna bilməz. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddia tələbinin rədd olunması, eləcə də Cavabdeh2 zaminlikdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1.-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Cavabdeh apelyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, iddia tələbinə etirazının əsası kimi, o cümlədən də apelyasiya şikayətinin dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apelyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-3016/2017 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 660 (altı yüz altmış) AZN, kredit faizləri üzrə 93 (doxsan üç) AZN, cərimə faizləri üzrə 66 (altmış altı) AZN dolları olmaqla ümumilikdə 819 (səkkiz yüz on doqquz) AZN məbləğində kredit borcu və o cümlədən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "X4" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-3016/2017 nömrəli qətnaməsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 660 (altı yüz altmış) AZN, kredit faizləri üzrə 93 (doxsan üç) AZN, cərimə faizləri üzrə 66 (altmış altı) AZN dolları olmaqla ümumilikdə 819 (səkkiz yüz on doqquz) AZN məbləğində kredit borcu və o cümlədən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "X4" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1374/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1374/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver