Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-138/2024 05.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)- 657/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı iddia edir ki, aralarında olan razılığa əsasən “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün icarə əsasında Cavabdeh vermişdir. Cavabdeh 2019-cu ilin noyabr ayının axırlarında avtomobilin motorunun sepinin qırıldığını və avtomobili təmir etdirmək üçün ustanın yanına qoyduğunu bildirmiş, lakin, cavabdeh nə avtomobili təmir etdirməmiş, nə də ki, avtomobilin icarə haqqını ödəməmişdir. Avtomobilin təmir olunaraq işlək vəziyyətə gətirilməsi üçün 6150 manat məbləğdə vəsait tələb olunur.
2. 2019-cu ilin iyun ayında cavabdehdən xahiş etmişdir ki, 5.5 qram çəkidə, 583 əyarlı olmaqla Rusiya istehsalı qızıl üzüyünün qaşını düzəltdirib versin. Cavabdeh də qızıl üzüyü ondan almış, lakin geri qaytarmamışdır.
3. Bundan başqa o, Cavabdeh iaşə obyektlərinə kömür paylamasını xahiş etmişdir. Cavabdeh da şəhər ərazisində yerləşən iaşə obyektlərinə kömür paylamış, bəzi obyektlərdən 400 manat məbləğdə pul almışdır. Lakin, cavabdeh həmin pulu da ona verməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən cəmi 8176 manat məbləğində pulun və ödənilmiş 96 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh 2019-cu ilin aprel ayından tanıyır. Belə ki, həmin vaxt məhkəmə işi ilə əlaqədar Cavabdeh ona köməklik etmişdir. Elə o vaxtdan da cavabdeh onun etibarını qazanmağa başlamışdır. 03 may 2019cu il tarixdə Cavabdeh ilə birlikdə idarə etdiyi “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə yeni avtomobil almağa getmişdir. Bakı şəhərindən “Changan” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili alıb cavabdehlə birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Bundan sonra aralarında olan razılığa əsasən “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün icarə əsasında Cavabdeh vermişdir. Bunun müqabilində Cavabdeh günlük ona 20 manat pul verməli olmuşdur. Cavabdeh avtomobilin kirayəsi üçün ona 1200 manat məbləğdə pul verməli olduğu halda, cəmi 400 manat pul verdi. Elə buna görə də avtomobili Cavabdeh geri almışdır. Lakin, 20 sentyabr 2019-cu ildə Cavabdeh yenidən avtomobili ondan icarəyə götürdü. Cavabdeh 2019-cu ilin noyabr ayının axırlarında istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək avtomobilin motorunun sepinin qırıldığını və avtomobili təmir etdirmək üçün ustanın yanına qoyduğunu bildirdi. Lakin, bundan sonra cavabdeh nə avtomobili təmir etdirməmiş, nə də ki, avtomobilin icarə haqqını ödəməmişdir. O, dəfələrlə cavabdehdən avtomobilini təmir etdirməsini tələb etsə də, heç bir nəticəsi olmadı və cavabdeh avtomobili təmir etdirməkdən imtina etdi. Avtomobilin təmir olunaraq işlək vəziyyətə gətirilməsi üçün 6150 manat məbləğdə vəsait tələb olunur. Avtomobili cavabdehin istifadəsi müddətində yararsız vəziyyətə düşmüşdür. Bundan başqa 2019-cu ilin iyun ayında cavabdehlə birlikdə Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən “Turay” kafesində əyləşən zaman cavabdehə qızıl üzüyünün qaşının düşdüyünü və təmir olunmasını xahiş etmiş, cavabdeh birinci dəfə qızıl üzüyünün qaşını düzəltdirib ona təqdim etdi. Lakin, 2 gün sonra yenə üzüyünün qaşı düşdü. O, yenə də cavabdehdən xahiş etdi ki, üzüyün qaşını düzəltdirib versin. Cavabdeh də qızıl üzüyü ondan aldı, lakin geri qaytarmadı. Həmin qızıl üzük 5.5 qram çəkidə, 583 əyarlı olmaqla Rusiya istehsalı olan üzükdür. O, dəfələrlə cavabdehdən ona məxsus qızıl üzüyünü qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmadı və cavabdeh ona məxsus üzüyü qaytarmaqdan imtina etdi. Bundan başqa o, şəhər ərazisində iaşə obyektlərinə kömür paylanması ilə məşğuldur. 2019-cu ildə səhhətində yaranmış problemlərlə bağlı Cavabdeh qarajın açarını verdi və iaşə obyektlərinə kömür paylamasını xahiş etdi. Çünki, Cavabdeh onun etibarını qazanmışdır. Cavabdeh da, şəhər ərazisində yerləşən iaşə obyektlərinə kömür paylamış, bəzi obyektlərdən 400 manat məbləğdə pul almışdır. Lakin, cavabdeh həmin pulu da ona verməmişdir. O, cavabdehdən kömürün pulunu tələb etsə də, cavabdeh həmin pulu qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh ona maddi ziyan vurmuşdur. Elə buna görə də o, şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi. Lakin, 1-ci dəfə cavabdehin yeri məlum olmadığına görə onun izahatının alınması mümkün olmamışdır. Bundan sonra o, yenidən şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi. Şikayətim əsasında iş üzrə təhqiqat aparıldı. Təhqiqat zamanı Cavabdeh iddia ərizəsində qeyd etdiklərini inkar etdi. Lakin, cavabdeh onunla telefon vasitəsi ilə əlaqə saxlayarkən avtomobilini yarasız vəziyyətə saldığını, qızıl üzüyünün onda olduğunu və kömür üçün aldığı pulu ona vermədiyini etiraf etmişdir. O, telefon vasitəsi ilə qeydə alınmış danışığı yazmış və bunu təhqiqatçıya təqdim etmişdir. Lakin, işi aparan təhqiqatçı səs yazısına heç bir hüquqi qiymət verməmiş, həmin səs yazısını qərarında belə qeyd etməmişdir. Buradan da açıq-aydın görünür ki, Cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinin təhqiqat bölməsində izahat verərkən qeyri-səmimi, yalan izahat vermişdir. Onu da qeyd edir ki, cavabdeh bütün bu qanunsuz hərəkətləri ilə mənə maddi ziyan vurmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən 7576 manat məbləğində maddi ziyan dəymişdir.
7. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır.
8. Hüquq normaları iddiaçıya vurulmuş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və İddiaçı vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir.
9. Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)-657/2022 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Cavabdeh cəmi 8176 manat pulun alınıb İddiaçı verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 96 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1115-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Cinayət işi başlanmasının rədd edilməsi barədə qərar "xxxx" MMC-nin 03.112021-ci il tarixli 239 saylı rəyi Cavabdehin səs yazısı yazılan disk
12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, İddiaçı tanıyır, lakin ondan heç vaxt borc pul almamış, nə də ona heç vaxt maddi ziyan vurmamışdır. İddiaçı qeyd edir ki, o, “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün icarəyə götürmüşdür. Guya o, iddiaçıya 1200 manat əvəzinə 400 manat vermişdir. 2019-cu ilin iyun ayında ona qızıl üzük vermişdir və o da həmin üzüyü qaytarmamışdır. Guya iddiaçının 2019-cu ildə səhhətində yaranmış problemlərlə bağlı ona qarajın açarını vermiş və iaşə obyektlərinə kömür paylamasını xahiş etmişdir və bu işdən də o iddiaçının 400 manat pulunu mənimsəmişdir. Bütün bu hallar məhkəmə araşdırması zamanı sübuta yetirilməyən, heç bir sənədə əsaslanmayan şifahi mülahizələr və ya iddiaçının yalan fikirləridir. Onun sürücülük vəsiqəsi yoxdur, heç kimə kömür verməmişdir, nə də kiminsə üzüyünü təmir etməmişdir.
14. Bundan başqa, onun səs yazısı olan diskə qulaq asanda guya o qeyd edilən halların hamısını etiraf etmişdir, bu məsələ də tamamilə yalandır. O, belə bir diskin olmasına inanmır.
15. Qətnamənin əsaslandırma hissəsində maddi ziyan 7576 müəyyən edilsə də, qətnamənin nəticə hissəsində bu rəqəm 600 manat artaraq 8176 manat olmuşdur. İşin bilavasitə əhəmiyyət daşıyan bu hissəsinə də aydınlıq gətirilməmişdir.
16. Məhkəmə baxılan iş üzrə “maddi zərər”in vurulması nəticəsinə gəlsə də, tərəflərin qarşılıqlı münasibətləri nəticəsində iddiaçıda belə bir hüququn yaranması məsələsini əsaslandırmamışdır, başqa sözlə desək, iddiaçının subyektiv tələb etmək hüququ müəyyən edilmir.
17. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)- 657/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)-657/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə yanaşı məhkəmə kollegiyasına ərizə təqdim edərək iddianı qismən – qızıl üzüyə görə 600 manat, 10 kisə kömürə görə 120 manat, avtomobilin motorunun təmirinə görə 1000 manat həcmində qəbul etdiyini və həmin məbləği hissəhissə ödəyəcəyini bildirmiş, həmin məbləğdə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)- 657/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı tam təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Mülki işin materiallarından görünür ki, iş üzrə 17 mart 2022-ci ilə təyin olunmuş məhkəmə hazırlıq iclası üçün cavabdehə ünvanlanmış məhkəmə bildirişi ünvan 1ünvan düzgün deyil” əsası ilə məhkəməyə geri qaytarılmışdır. 17 mart 2022-ci ildə baş tutmuş məhkəmə hazırlıq iclası cavabdehin iştirakı olmadan keçirilməklə hazırlıq iclası 13 aprel 2022-ci ilə təxirə salınmışdır. Bu barədə bildiriş yenə həmin ünvana göndərilmiş, poçt zərfi “ünvan düzgün deyil” əsası ilə məhkəməyə geri qaytarılmışdır. Hazırlıq iclası 29 aprel 2022-ci ilə təxirə salınmış, bildiriş yenə həmin ünvana göndərilmişdir. Məhkəmə baxış iclası 6 may 2022-ci ilə təyin olunmuş, məhkəmə bildirişi yenə eyni ünvana göndərilmişdir. Bildirişin arxa üzündə Mingəçevir şəhər İcra Hakimiyyəti 2 nömrəli inzibati ərazi dairəsinin möhürü ilə təsdiqlənməklə Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37/13 ünvanının Daxili İşlər Nazirliyinin inzibati binası olduğu, orada yaşayış olmadığı, cavabdehin hara olduğu barədə heç bir məlumatlarının olmadığı barədə qeyd yazılmışdır. Məhkəmə baxışı 10 may 2022-ci ilə təxirə salınmış, məhkəmə bildirişi yenə həmin ünvana göndərilmiş, bildirişin arxa üzündə yenə eyni qeyd edilmişdir. Cavabdehin adına heç bir SMS bildiriş göndərilməmiş, cavabdeh məlumat verilməsi üçün başqa heç bir hərəkət edilməmiş və 10 may 2022-ci ildə baxış iclası keçirilməklə yekun məhkəmə qətnaməsi çıxarılmışdır. Cavabdeh məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətində ünvan olaraq Yevlax rayon Əkşəm kəndini göstərmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
27. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Belə olan vəziyyətdə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Əvvəla, müəyyən edilməlidir ki, kim kimdən nəyi hansı əsasla tələb edir. İşə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, işdə olan sübutları qarşılıqlı şəkildə tədqiq etmədən, iddiaçının izahatlarına uyğun olaraq tələb olunan məbləği bütünlükdə işin təqdim edilmiş sübutlarla təsdiq olunmuş halı kimi qiymətləndirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı qərarlarında göstərildiyi kimi, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən birinci instansiya məhkəməsi iddiaçının bildirdikləri əsasında qətnamə qəbul etməkdə haqlı olmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. 385.1.2-ci mаddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)- 657/2022 nömrəli qətnaməsi ləğv edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı bu qətnamənin 1-3-cü bəndlərində göstərilən iddialarla çıxış etsə də, iddialarının əsası kimi cinayət işi başlanmasının rədd edilməsi haqqında 2 mart 2020-ci il tarixli və 12 iyun 2021-ci il tatrixli qərarlara və iş materiallarına əlavə etdiyi CD diskə istinad etmişdir. 12 iyun 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 2 mart 2020-ci il tarixli qərar Mingəçevir şəhər prokurorluğu tərəfindən ləğv edilmiş və əlavə araşdırma üçün Mingəçevir şəhər Polis Şöpbəsinə göndərilmişdir. 12 iyun 2021-ci il tarixli qərardan həmçinin görünür ki, Cavabdeh izahat verərək, Vüsaləni 2019-cu ilin may ayının 16-dan tanıdığını, onunla qeyri-rəsmi münasibətlərinin olduğunu, 2019-cu ilin may ayının 3-də Vüsalə ilə birlikdə Bakı şəhərinə “Chevrolit Aveo” markalı **-TO-*** dövlət-qeydiyyat nişanlı avtomobil ilə birlikdə gedib “Ghangan” markalı 99-H1-878 dövlət- qeydiyvat nişanlı avtomobil alıb Mingəçevir şəhərinə gəldiklərini, aralarında olan şifahi razılığa əsasən Chevrolit Aveo markalı **-TO-*** dövlət-qeydiyyat nişanlı avtomobili həmin vaxtdan etibarən günü 20 manata Vüsalənin ona icarəyə verdiyini, icarə haqqını günlük olaraq verdiyini, sonradan avtomobildə nasazlıq yarandığını, Vüsaləyə avtomobili təhvil verdiyini, bu səbəbdən də aralarında narazılıq yarandığını, sonradan avtomobili Vüsalənin satdığını öyrəndiyini, 2019-cu ilin iyun ayının ortalarında isə şəhərin Ş.İ.Xətai küçəsi 22 ünvanında “Turay” kafesində olan zaman Vüsalə ilə birlikdə əyləşən zaman Vüsalə qızıl üzüyünün qaşının düşdüyünü , düzəlməli olduğunu bildirdiyini, onun isə etiraz etmədiyini düzəltdirdiyini, sonra isə geri qaytardığını, iki gün sonra yenə təkrar üzüyün qaşı düşüb düzəltmək lazım olduğunu bildirdiyini, təkrar olaraq etiraz etməyib aparıb düzəltdirdiyini, eyni zamanda Vüsalə ilə birlikdə şəhərin bəzi iaşə obyektlərində kömür paylanması ilə məşğul olduğunu, şəhər ərazisində kömürləri payladığını, lakin, pullarını isə Vüsalənin yığdığını, izahatına əlavə olaraq 2-ci Qarabağ müharibəsi qazisi olduğunu, son zamanlar da Vüsalə ilə qeyri-rəsmi münasibətlərinin olduğunu, münasibətləri pozulduğu üçün təkrar olaraq ondan şikayət etdiyini, qeyd etdiklərinin yalan olduğunu göstərmişdir. Göründüyü kimi, qeyd olunan qərarla iddiaçının iddia etdiyi üç halın heç biri - nə avtomobilin təmirini həyata keçirmədiyi, nə təmir üçün götürülmüş üzüyü geri qaytarmadığı, nə də paylanmış kömür üçün pulu mənimsədiyi birbaşa təsdiq olunmur.
29. Bununla belə, kollegiya qeyd edir ki, iddiaçı cavabdehə Chevrolit Aveo markalı **- TO-*** dövlət-qeydiyyat nişanlı avtomobili istifadə üçün verdiyini, avtomobilin təmirə ehtiyacı olduğu zaman, avtomobili təmirə verdiyini, lakin daha sonra təmiri həyata keçirmədiyini iddia etmiş, cavabdeh isə öz növbəsində Chevrolit Aveo markalı **-TO-*** dövlət-qeydiyyat nişanlı avtomobili istifadə üçün iddiaçıdan aldığını və sonradan avtomobilin təmirə ehtiyacı olduğunu etiraf etmiş, lakin avtomobili iddiaçıya təhvil verdiyini bildirməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Avtomobilin təmirinə çəkilməli olan xərcə gəldikdə isə, kollegiya qeyd edir ki, iddiaçının sübut qismində təqdim etdiyi Mobil MMC-nin 3 noyabr 2021-ci il tarixli qiymətləndirmə rəyi sübut kimi qəbul edilə bilməz. Belə ki, eyni təşkilat tərəfindən həm avtomobilin təmirinə çəkilməli olan xərc, həm qızıl üzüyün qiyməti, həm də kömür satışından əldə olunması gözlənilən gəlir qiymətləndirilmişdir. Mobil MMC-nin tamamilə ayrı sahələrə aid olan bütün bu məsələləri qiymətlnədirməyə səlahiyyətinin olması barədə iş materiallarında heç bir sənədə rast gəlinmir. Avtomobilin təmirinə çəkilməli olan xərclə bağlı kollegiya xüsusilə vurğulayır ki, rəydə Chevrolet AVEO servis şirkəti ilə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq Chevrolet AVEO markalı avtomobilin motorunun yeni qiymətinin 5700 manat olduğu müəyyən edildiyi göstərilmişdir. Göründüyü kimi, Chevrolet servis tərəfindən məhz həmin qiymətin təsdiqləndiyi barədə heç bir əyani sübut mövcud deyildir. Bundan başqa, mübahisəli avtomobil 2012-ci il istehsalı olduğu halda, rəydən yeni motorun qiymətinin müəyyən edildiyi görünür. Rəydə göstərilən digər qiymətlərin də hansı vasitə ilə müəyyən edildiyi aydın deyildir. Göründüyü kimi, iddiaçı avtomobilin təmirinə görə iddia etdiyi qiyməti sübut edə bilməmişdir. Cavabdeh isə məhkəmə kollegiyasının əvvəlki iclasında avtomobilin motorunun təmiri üçün 1000 manat pul verməyə razı olduğunu bildirmişdir. Kollegiya MPM-nin 106-cı maddəsinə əsaslanmaqla iddia tələbinin həmin - bu qətnamənin 1-ci bəndində göstərilmiş hissəsinin 1000 manat həcmində təmin olunmalı olduğu qənaətinə gəlir.
30. Qızıl üzüklə bağlı bu qətnamənin 2-ci bəndində göstərilmiş hissəyə gəldikdə, iddiaçı 5.5 qram çəkidə, 583 əyarlı olmaqla Rusiya istehsalı qızıl üzüyü təmir üçün cavabdehə verdiyini, lakin cavabdehin üzüyü qaytarmadığını iddia etmiş, cavabdeh isə öz növbəsində üzüyü təmir üçün iddiaçıdan götürdüyünü etiraf etmiş və təmir etdirdiyini bildirmişdir. Mübahisəli qızıl üzüyün iddiaçıya qaytarıldığı barədə cavabdeh tərəfindən heç bir sübut və ya dəlil təqdim edilmədiyindən kollegiya MPM-nin 106-cı maddəsinə əsaslanmaqla iddia tələbinin həmin hissədə əsaslı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Cavabdeh kollegiyanın iclasında üzüyün qiymətini 600 manat bildiyini qeyd etsə də, iddia tələbi həmin hissədə 440 manat həcmində olduğundan kollegiya MPM-nin 218.3-cü maddəsi baxımından iddianın həmin həcmdə təmin edilməli olduğu qənaətinə gəlir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. İddia tələbinin bu qətnamənin 3-cü bəndində göstərilmiş hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı və cavabdeh arasında şəhərdə iaşə obyektlərinə kömür paylanılması ilə bağlı razılaşma olduğu cavabdeh tərəfindən məhkəmə kollegiyasının iclasında etiraf edilmişdir. Lakin cavabdeh kömürün paylanmasından əldə olunan pulları ididaçının özünün yığdığını iddia etsə də, bu barədə məhkəmə kollegiyasına heç bir sübut və ya dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Paylanılan kömürün miqdarı və qiyməti ilə bağlı isə, yuxarıda göstərilən səbəblərdən iddiaçının sübut qismində təqdim etdiyi Mobil MMC-nin qiymətləndirmə rəyi sübut kimi qəbul edilməmişdir. Cavabdeh isə kollegiyanın əvvəlki iclasında 10 kisə kömür payladığını və bu işdən 120 manat əldə etdiyini bildirmişdir. Kollegiya bu hissədə də MPM-nin 106-cı maddəsinə əsaslanmaqla iddia tələbinin həmin hissəsinin 120 manat həcmində təmin edilməli olduğu qənaətinə gəlmişdir.
32. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində həmçinin vəkil ilə bağladığı müqaviləyə görə 500 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində qeyd olunan dəlillərində göstərilmiş 7576 manat və 8176 manat fərqi də həmin 500 manatın tələb edilməsi ilə əlaqədar olmuşdur. Tələbin həmin hissəsi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X2 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir İddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tələb olunduğu kimi 500 manat deyil, 200 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı çəkilən xərc qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 13 və 16-cı bəndlərində qeyd olunmuş dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər bu qətnamənin 28-31-ci bəndlərində göstərilmiş əsaslarla qismən təkzib edilir.
34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində qeyd olunmuş dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında iddiaçının məhkəməyə təqdim etdiyi CD disk mövcuddur ki, həmin diskdə iddiaçı ilə cavabdehin telefon danışığının səs yazısı yer alır. Həmin yazıda isə cavabdeh tərəfindən avtomobilin xarab olduğu və təmirə ehtiyacı olduğu bildirilir.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)-657/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə 1000 manat, 5.5 qram çəkidə, 583 əyarlı olmaqla Rusiya istehsalı qızıl üzüyə görə 440 manat, 10 kisə kömürün satışından əldə olunan 120 manat və vəkillə müqaviləyə görə 200 manat, cəmi 1760 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, dövlət rüsumu olaraq ödənilmiş 96 manatın 19.2 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Kollegiya onu da qeyd edir ki, hazırki qətnamə ilə iddiaçının cavabdehə qarşı tələbi 1760 manat həcmində təmin olunduğundan və həmin məbləğ 5000 manatdan az olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İddiaçının iddiasının təmin olunmamış hissədə qiyməti 5000 manatdan artıq olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)-657/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə 1000 manat, 5.5 qram çəkidə, 583 əyarlı olmaqla Rusiya istehsalı qızıl üzüyə görə 440 manat, 10 kisə kömürün satışından əldə olunan 120 manat və vəkilə ödənilmiş pula görə 200 manat, cəmi 1760 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 96 manatın 20.6 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçı ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.