Məhkəmə qərarları › İş №2(107)-1382/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1382/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1382/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi vərəsəlik məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tаrixli, 2(016)-284/2023 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş borclu Abdullayev Əli Fərhad oğlunun 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona olan 10.000 manat məbləğində borcunun onun vərəsəsi Cavabdeh alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən o, dostluq münasibətində olduğu Abdullayev Əli Fərhad oğluna 10.000 manat məbləğində faizsiz borc vermişdir. Müqaviləyə əsasən o, pulu 30 oktyabr 2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixə pulu qaytarmamışdır. O, bir neçə dəfə zəng edib, danışıb xəbərdarlıq etsə də borclu maddi sıxıntıları olduğunu bildirərək pulunu qaytarmamışdır. O, dostluq münasibətlərini nəzərə alaraq gözləmişdir. Bu yaxınlarda öyrənmişdir ki, Abdullayev Əli Fərhad oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 23 saylı Notariat Ofisinin 29 dekabr 2022-ci il tarixli, 2708 saylı arayışına əsasən Cavabdeh Abdullayev Əli Fərhad oğlunun vəfat etməsi ilə əlaqədar vərəsə kimi tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında 24 may 2022-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən miras əmlak 18.258,50 manat təşkil edir və həmin məbləğ 2-ci qrup müharibə əlillərinə görə Prezident təqaüdü alan X4 Fərhad oğluna hesablanmış və alınmayan vəsaitdən ibarətdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 3 iyul 2023-cü il tarixli, 2(016)- 284/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 10.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı dostluq münasibətində olduğu Abdullayev Əli Fərhad oğluna 10.000 manat məbləğində faizsiz borc vermişdir. Müqaviləyə əsasən o, pulu 30 oktyabr 2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixə pulu qaytarmamışdır. İddiaçı bir neçə dəfə zəng edib, danışıb xəbərdarlıq etsə də borclu maddi sıxıntıları olduğunu bildirərək pulunu qaytarmamışdır. Abdullayev Əli Fərhad oğlu xx.xx.2021ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 23 saylı Notariat Ofisinin 29 dekabr 2022-ci il tarixli, 2708 saylı arayışına əsasən Cavabdeh Abdullayev Əli Fərhad oğlunun vəfat etməsi ilə əlaqədar vərəsə kimi tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında 24 may 2022-ci il tarixli şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; X4 Fərhad oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən borc vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.2021-ci il tarixdə ölmüş Abdullayev Əli Fərhad oğlunun adına 23 saylı notariat ofisində V-11/2022 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsəsi Cavabdeh qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 1146, 1255 və 1306.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli, 2(016)-284/2023-cü il tarixli qətnaməsini qanunsuz və əsassız hesab etmişdir. Əvvəla qeyd olunan 10.000 manat borcun mövcudluğu barədə vərəsə kimi nə onun, nə də digər ailə üzvlərinin heç bir məlumatı olmamış, İddiaçı ilə münasibətləri olmamışdır. Eləcə də məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti qanunla müəyyən olunmuş qaydada əvvəlcədən cavabdeh tərəfə vaxtında təqdim edilməmiş, nəticədə cavabdehin müdafiə hüququ pozulmuşdur. Lakin işin faktiki halları kimi bu qeyd olunanlar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəzərə alınmamışdır. Nəhayət, məhkəmə kredit müqaviləsi üzrə borcun götürülməsi faktını araşdırarkən həmin müqavilə üzrə borc bağlanarkən pul vəsaitinin notariat orqanının depozit hesabına yerləşdirilib-yerləşdirilməməsi, borcun vaxtında qaytarılıb-qaytarılmaması, vaxtında ödənilmədiyi təqdirdə notariusa icra qeydi ilə bağlı kreditorun müraciət edib-etməməsi, notarius tərəfindən müvafiq icra qeydinin verilib-verilməməsi, icra qeydinin müvafiq icra orqanına göndərilib-göndərilməməsi, habelə icra qeydinin icra orqanı tərəfindən icra olunub-olunmaması və s. halları sübut edən dəlilləri müəyyən etməmişdir. Bu isə məhkəmə araşdırmasının səthi, birtərəfli və qərəzli aparılmasını dəlalət edir. Qeyd edilənləri nəzərə alaraq, Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il, 2(016)-284/2023-cü il tarixli qətnaməsi tam olaraq ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək əməliyyat olması ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcini və iclasın təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhətində yaranmış problemlə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh xəstə olması ilə bağlı məhkəmə kollegiyasına heç bir sübüt növü təqdim edilməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən ki, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il, 2(016)-284/2023-cü il tarixli qətnaməsi tam olaraq ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tаrixli, 2(016)-284/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tаrixli, 2(016)-284/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı dostluq münasibətində olduğu Abdullayev Əli Fərhad oğluna 10.000 manat məbləğində faizsiz borc vermişdir. Müqaviləyə əsasən o, pulu 30 oktyabr 2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixə pulu qaytarmamışdır. İddiaçı bir neçə dəfə zəng edib, danışıb xəbərdarlıq etsə də borclu maddi sıxıntıları olduğunu bildirərək pulunu qaytarmamışdır. Abdullayev Əli Fərhad oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 23 saylı Notariat Ofisinin 29 dekabr 2022-ci il tarixli, 2708 saylı arayışına əsasən Cavabdeh Abdullayev Əli Fərhad oğlunun vəfat etməsi ilə əlaqədar vərəsə kimi tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında 24 may 2022-ci il tarixli şəhadətnamə verilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti qanunla müəyyən olunmuş qaydada əvvəlcədən cavabdeh tərəfə vaxtında təqdim edilməmiş, nəticədə cavabdehin müdafiə hüququ pozulmuşdur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Ağsu Rayon Məhkəməsinin 14 fevral 2023cü il tarixli məhkəmə bildirişi ilə Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti Ağsu şəhəri S.Vurğun küçəsi ev 4, mənzil 7 ünvanına rəsmi qaydada göndərilmişdir. Lakin həmin zərfin üzərinə Poçt şöbəsi tərəfindən “Köçüb” qeydi qeyd olunaraq geri qaytarılmışdır. Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli məhkəmə qətnaməsinin surəti Cavabdeh həmin yuxarıda qeyd olunan ünvanına göndərilmiş və iş materiallarının 56-cı səhifəsində olan xəbərnamədən görünür ki, Cavabdeh qətnamənin surətini rəsmi şəkildə almışdır. Eyni zamanda kollegiya qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində öz ünvanını ünvan 1 məhkəməyə göndəndərdiyi 21 dekabr 2023-cü il tarixli teleqramında da həmin ünvan göstərilmişdir. Göründüyü kimi şikayətin yuxarıda qeyd edilən dəlili əsassızdır. Şikayətin digər dəlilləri ondan ibarətdir ki, qeyd olunan 10.000 manat borcun mövcudluğu barədə vərəsə kimi nə onun, nə də digər ailə üzvlərinin heç bir məlumatı olmamış, İddiaçı ilə münasibətləri olmamışdır. Məhkəmə kredit müqaviləsi üzrə borcun götürülməsi faktını araşdırarkən həmin müqavilə üzrə borc bağlanarkən pul vəsaitinin notariat orqanının depozit hesabına yerləşdirilibyerləşdirilməməsi hallarını sübut edən dəlilləri müəyyən etməmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızıdır. Belə ki, 10.000 manat borcun mövcudluğu barədə vərəsə kimi nə onun, nə də digər ailə üzvlərinin heç bir məlumatının olmaması, İddiaçı ilə münasibətlərinin olmaması, borc bağlanarkən pul vəsaitinin notariat orqanının depozit hesabına yerləşdirilməməsi iddianın əsassız olması anlamına gəlmir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən Abdullayev Əli Fərhad oğluna xx.xx.2020-ci il tarixinə kimi qaytarılması şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Yəni borc müqaviləsinin bağlandığı şəksizdir. Daha sonra kollegiya qeyd edir ki, iddiaçı ilə X4 Fərhad oğlu yuxarıda qeyd edilən kredit müqaviləsini xx.xx.2020-ci il tarixdə bağlamışlar. Abdullayev Əli Fərhad oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X6 Fərhad oğlu müqavilə bağlandıqdan təqribən 1 il 4 ay sonra ölmüşdür. Bu müddətdə onun yuxarıda qeyd edilən kredit müqaviləsini mübahisələndirmək üçün kifayət qədər vaxtı olmuşdur. X5 Fərhad oğlu həmin kredit müqaviləsini mübahisələndirməmişdir. Kollegiyanın qənaətinə görə nə qədər ki, yuxarıda qeyd edilən kredit müqaviləsi mövcuddur və etibarsız hesab edilməmişdir iddiaçı iddia tələbində haqlıdır. Şikayətin digər dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun vaxtında qaytarılıb-qaytarılmaması, vaxtında ödənilmədiyi təqdirdə notariusa icra qeydi ilə bağlı kreditorun müraciət edib-etməməsi, notarius tərəfindən müvafiq icra qeydinin verilib-verilməməsi, icra qeydinin müvafiq icra orqanına göndərilib-göndərilməməsi, habelə icra qeydinin icra orqanı tərəfindən icra olunub-olunmaması araşdırılmamışdır. Kollegiya şikayətin həmin dəlillərini əsassız sayır. Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib: “digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin iş materiallarında Abdullayev Əli Fərhad oğlunun iddiaçıya olan borcunun qaytarılması barədə heç bir sübut möbcud olmamışdır. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, notariusa icra qeydi ilə bağlı kreditorun müraciət edib-etməməsi, notarius tərəfindən müvafiq icra qeydinin verilib-verilməməsi, icra qeydinin müvafiq icra orqanına göndərilib-göndərilməməsi, habelə icra qeydinin icra orqanı tərəfindən icra olunub-olunmamasını araşdırmaq və bu barədə sübutlar toplamaq məhkəmənin vəzifəsi deyildir. Yəni sübutları təqdim etmək tərəflərin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1.Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Şikayətin digər dəlili olan ərinin 2-ci qrup Çernobıl əlili olduğu və radioaktiv şüalanmaya məruz qaldığından səhhəti ilə bağlı son 8-10 il ərzində mütəmadi müayinə və müalicə olunması, bununla əlaqədar zəruri bahalı dərman vasitələri alıb istifadə etməsini, 10.000 manatdan artıq kredit götürüb mərhumun müalicə və müayinə olunmasına, Ə.Abdullayevin vəfatı ilə əlaqədar dəfn xərci, Ağsu şəhərində və Masazır qəsəbəsində hüzr mərasimlərinin keçirilməsi, məzar daşının sifarişi, hazırlanması və qəbirüstü abidəsinin qoyulması ilə bağlı təxminən 10.000 manatdan artıq məbləğdə vəsait xərclənməsi barədə işin faktiki halları kimi bu qeyd olunanların məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamsı və nəzərə alınmaması hissəsinə münasibət bildirən kollegiya qeyd edir ki, yuxaırda qeyd edilən dəlillərin məhkəmə tərəfindən araşdırılması məhkəmənin səlahiyyəti xaricindədir. Yəni həmin dəlillər hazırkı qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Çünki, cavabdeh mərhum ərinin müalicə və dəfninə çəkmiş olduğu xərclər barədə özü qərar vermək səlahiyyətində olmuş və işin qeyd edilən halları məhkəmə araşdırmasının predmeti olmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin 3 iyul 2023-cü il tarixli, 2(016)- 284/2023 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, iddia təmin edilmiş, 10.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində borcun cavabdehin qəbul etdiyi miras payı həcmində tutulması kim i qeyd edilməməsi həmin qətnamənin ləğv və ya dəyişdirlməsi üçün əsas ola bilməz. Kredit müqaviləsindən görünür ki, mirasqoyanın iddiaçıya 10000 manat borcu olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Abdullayev Əli Fərhad oğlunun vərəsəsi Cavabdehdır və miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak İİ qrup müharibə əlillərinə görə Prezident təqaüdü alan X4 Fərhad oğluna görə alınmayan vəsait 18.258,50 manatdan ibarətdir. Kollegiyanın qənaətinə görə Abdullayev Əli Fərhad oğlunun vərəsəsi Cavabdeh alacağı miras əmlakın dəyəri Abdullayev Əli Fərhad oğlunun borcundan təqribən 8 min manat çox olduğundan, Cavabdeh Abdullayev Əli Fərhad oğlunun borcunu tam ödəmək üçün yetərli miqdarda yəni, 18.258,50 manat miras əmlakı olacaqdır. Ona görə də kollegiya hesab edir ki, işin bu halı birinci instansiya məhkəməsinin qətnaməsinin borcun cavabdehin qəbul etdiyi miras payı həcmində tutulması kimi dəyişdirlməli və ya ləğv olunmasını aradan qaldırmış olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tаrixli, 2(016)-284/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tаrixli, 2(016)-284/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar