Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1383/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-692/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 09 yanvar 2012-ci il təvəllüdlü Əsbət və 19 dekabr 2012-ci il təvəllülü İncinin saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslanmışdır ki, Cavabdeh ilə 19.01.2010-cu ildə nikahlarını bağlamışlar. Birgə nikahdan 09 yanvar 2012-ci il təvəllüdlü Əsbət və 19 dekabr 2012-ci il təvəllülü İnci adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin 02.08.2019-cu il tarixli, 2(051)-1164/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və uşağın yetkinlik yaşına çatana kimi saxlanması cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Mingəçevir Şəhər məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir təlabatının ödənilməsi üçün yetərli deyil. Ötən illərdə yaşayış minimumu həddi 2 dəfə müxtəlif məbləğlərdə artırılmış, uşaqların saxlanması üzrə xərclər və maddi tələbat xərcləri artmış, aliment ödəmələrinin də artırılması üzrə xərclər və maddi tələbat xərcləri artmış, aliment ödəmələrinin də artırılması labüd hal almışdır. Odur ki, 2019cu ildə təyin edilmiş alimentin məbləğinin artırılması üçün hazırkı iddia ilə müraciət edir. Bu zaman hər uşağa 120 manat məbləğində alimentin uşağın cəmisi 15 günlük tələbatlarını ödəməyə kifayət etmədiyi, onun uşağıyla birlikdə çətin maddi vəziyyətdə yaşadığı, işləmədiyi, heç bir qazanc (gəlir) yerinin olmadığı, cavabdehin 2 uşağı saxlamağa görə maddi imkanının qənaətbəxş olduğu nəzərə alınmalıdır. Ona görə də Məhkəmədən yetkinlik yaşına çatmayan 09 yanvar 2012-ci il təvəllüdlü Əsbət və 19 dekabr 2012-ci il təvəllülü İncinin saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-692/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin olunmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X2 09 yanvar 2012-ci ildə, X1 isə 19 dekabr 2012-ci ildə anadan olmuşdur. Həmin şəhadətnamələrdə uşağın atası kimi Cavabdeh göstərilmişdir. Mingəçevir Şəhər məhkəməsinin 2(018)-1164/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 19 yanvar 2010-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlamış 15 nömrəli nikahın pozulması, 09 yanvar 2012-ci il təvəllüdlü Əsbət və 19 dekabr 2012-ci il təvəllülü İnci yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilməsi qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Aliment kəsildikdən sonra birgə nikahdan doğulmuş Əsbət və İnci adlı uşaq anası İddiaçı yanında qalmışdır. 10 iyul 2019-cu il tarixdə çıxarılmış qətnaməyə əsasən, Cavabdeh 120 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin məhkəmə tərəfindən qətnamə çıxarıldığı vaxtdan hazırki vaxtadək tərəflərin ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir dəyişiklik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçıya dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və öz tələbini təstiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçı alimentin artırılması və Cavabdeh maddi vəziyətinin yaxşılaşması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikas Konstitusiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4, 78.1, 78.2-ci 112.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir təlabatının ödənilməsi üçün yetərli deyil. Alimentin təyin edilməsindən iki ilə yaxın vaxt keçmişdir. Ötən illərdə yaşayış minimumu həddi 2 dəfə müxtəlif məbləğlərdə artırılmış, uşaqların saxlanması üzrə xərclər və maddi tələbat xərcləri artmış, aliment ödəmələrinin də artırılması üzrə xərclər və maddi tələbat xərcləri artmış, aliment ödəmələrinin də artırılması labüd hal almışdır. 2019-cu ildə təyin olunmuş alimentlə, iki il sonra daha da böyümüş, hazırda 9 və 10 yaşlarında olan, xərcləri günbəgün artan iki övladı vardır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)- 692/2021 saylı qətnaməsinin ləğv edilməsini, alimentin miqdarının dəyişdirilməsinə dair iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh yeni ailə qurduğunu, buna görə də artırılmış aliment məbləğini ödəməkdə çətinlik çəkəcəyini bildirmiş, ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-692/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-692/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X2 09 yanvar 2012-ci ildə, X1 isə 19 dekabr 2012-ci ildə anadan olmuşdur. Həmin şəhadətnamələrdə uşağın atası kimi Cavabdeh göstərilmişdir. Mingəçevir Şəhər məhkəməsinin 2(018)-1164/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 19 yanvar 2010-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlamış 15 nömrəli nikahın pozulması, 09 yanvar 2012-ci il təvəllüdlü Əsbət və 19 dekabr 2012-ci il təvəllüdlü İnci yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh tutulub, İddiaçı verilməsi qət edilmişdir. Aliment təyin edildikdən sonra birgə nikahdan doğulmuş Əsbət və İnci adlı uşaq anası İddiaçı yanında qalmışdır. 10 iyul 2019-cu il tarixdə çıxarılmış qətnaməyə əsasən Cavabdeh 120 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin məhkəmə tərəfindən qətnamə çıxarıldığı vaxtdan hazırki vaxtadək tərəflərin ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir dəyişiklik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçı alimentin artırılması və Cavabdeh maddi vəziyətinin yaxşılaşması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə tərəfindən qətnamə çıxarıldığı vaxtdan hazırki vaxtadək tərəflərin ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir dəyişiklik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçı alimentin artırılması və cavabdeh Əliyarova Teymurun maddi vəziyətinin yaxşılaşması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-692/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-692/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1383/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1383/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver