Məhkəmə qərarları › İş №2(107)-1392/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1392/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1392/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-495/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2789.12 (iki min yeddi yüz səksən doqquz manat 12 qəpik) manat məbləğində əsas borc, 207.86 (iki yüz yeddi manat 86 qəpik) manat faiz borcu olmaqla, cəmi 2996.98 (iki min doqquz yüz doxsan altı manat 98 qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın,40 qəpik bank xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxışı iclasında iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2789.12 (iki min yeddi yüz səksən doqquz manat 12 qəpik) manat məbləğində əsas borc, 446,49 (dörd yüz qırx altı manat 49 qəpik) manat faiz borcu olmaqla, cəmi 3235,61 (üç min iki yüz otuz beş manat 61 qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın, 40 qəpik bank xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-495/2019 nömrəli(hakim H.Səlimov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 2789.12 (iki min yeddi yüz səksən doqquz manat 12 qəpik) manat məbləğində əsas borc, 446,49 (dörd yüz qırx altı manat 49 qəpik) manat faiz borcu olmaqla, cəmi 3235,61 (üç min iki yüz otuz beş manat 61 qəpik) manat məbləğində kredit borcu, dövlət rüsumu olaraq ödənilmiş 30 manat və 0.40 qəpik bank xidməti haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış1574-xx.xx.2018-002961 nömrəli xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 60 ay müddətinə 28 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 (üç min manat 0 qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 1574xx.xx.20187-002961 nömrəli xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019cu il tarixə Cavabdeh 2789.12 (iki min yeddi yüz səksən doqquz manat 12 qəpik) manat məbləğində əsas borc, 446,49 (dörd yüz qırx altı manat 49 qəpik) manat faiz borcu olmaqla, cəmi 3235,61 (üç min iki yüz otuz beş manat 61 qəpik) manat məbləğində kredit borcu mövcuddur. Kredit borcu və faiz borcunun ödənilməsi müddətinin geçikdirilməsi 360 gündən az olduğundan bu kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən düzgün araşdırma aparılmamışdır. Belə ki, o, bank tərəfindən 2018-ci ildə kredit götürmüş və bir qismini ödəmişdir. Lakin qalan kredit borcu düzgün hesablamamışdır. Bank tərəfindən hesablanmış cərimə borcu həddindən artıq çoxdur. Həmin cərimə borcunu ödəməyə maddi imkanım yoxdur. Banklarla bağlı Prezidentin F ərmanı olsa da bank onu nəzərə almayaraq, hər ay onun əmək haqqından 75 faiz pul tutur. Ona görə də hesab edir ki, Balakən Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və onun banka olan borcu düzgün hesablanmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salılnmasını xahiş etmiş, lakin ərizəsinin əsaslığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı həmçinin istifadəsində olan 050 *** ** ** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə onların iştirakları olmadan baxılıb nəticə verilmişdir. Belə ki, işin 29-cu, 35-ci, 47-ci səhifələrinfdə olan məhkəmə bildirişindən aydın olur ki, cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin buna baxmayaraq məhkəmə bildirişlərinin cavabdehə çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi iş materiallarında mövcud deyildir, əksinə iş materiallarının 31-ci və 37-ci səhifələrindəki poçt zərflərindən müəyyən edilir ki, sonuncuya göndərilmiş bildirişlər həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. 32 və 39-cu səhifələrdəki “akt”lardan isə müəyyən edilir ki, cavabdeh qeyd olunan ünvanda yaşamadığından ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi mümkün olmamışdır. Cavabdehin rəsmi qeydiyyat yerinin müəyyən edilməsi məqsədilə məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə şəxsiyyət vəsiqəsi barədə məlumat bölməsinə baxış keçirilmiş” və bu zaman Cavabdeh işə baxılan zaman rəsmi qeydiyyat ünvanını ünvan 1 olsa da həmin ünvanda yaşaşamış, sonradan isə Bərdə rayonunun Hacallı kəndinə qeydiyyata düşməklə həmin ünvanda yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsiə görə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat vermədən işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. İddia tələbi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 1574-xx.xx.2018-002961 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 60 ay müddətinə illik 28 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2789.12 (iki min yeddi yüz səksən doqquz manat 12 qəpik) manat məbləğində əsas borc, 446,49 (dörd yüz qırx altı manat 49 qəpik) manat faiz borcu olmaqla, cəmi 3235,61 (üç min iki yüz otuz beş manat 61 qəpik) manat məbləğində kredit borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən Cavabdeh xx.xx.2018 il tarixli kredit müqaviləsinə əsasən borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya olunmalı kreditlərin siyahısına daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-cimaddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Zaqatala” filialı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2018 il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 60 ay müddətinə illik 28 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Borclu kreditin vaxtında qaytarılması ilə bağlı iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin Cavabdeh öhdəliyinə vaxtında və lazımi qaydada əməl etməmiş, nəticədə onun kreditora 2789.12 manat əsas, 446.49 manat faiz, ümumilikdə 3235.61 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin cavabdeh yenə də kredit borcunu ödəməmişdir. Kredit borcu və faiz borcunun ödənilməsi müddətinin geçikdirilməsi 360 gündən az olduğundan bu kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddia tələbinin rədd olunması üçün əsas deyil.Belə ki, cavabdeh apelyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, iddia tələbinə etirazının əsası kimi, o cümlədən də apelyasiya şikayətinin dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apelyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)- 495/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 2789.12 manat əsas, 446.49 manat faiz, ümumilikdə 3235.61 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı Azərbaycan Beynəlxal Bankı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-495/2019 nömrəli nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. Cavabdeh 2789.12 manat əsas, 446.49 manat faiz, ümumilikdə 3235.61 (üç min iki yüz otuz beş manat, 61 qəpik) manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı Azərbaycan Beynəlxal Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar