Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1393/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(063)-76/2021 nömrəli qətnaməsindən iş üzrə iddiçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 425.70 manatın və iddia ərizəsi üçün ödənilmiş 20,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə; Cavabdeh isə İddiaçınə qarşı borcun silinməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Ağsu X3 İdarəsi tərəfindən ona hesablanmış 453,60 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 08 fevral 2021-ci il tarixli, 2(063)- 76/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı Ağsu X3 İdarəsinin 30 iyul 2019-cu il tarixli, ******* saylı aktına əsasən Cavabdeh hesablanmış 453 (dörd yüz əlli üç) manat 60 (altmış) qəpik məbləğində borcun onun hesabından silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi apellyasiya şikayəti vermişdir. İşin halları: İlk iddia onunla əsaslandırılmışdır ki, 17 aprel 2019-cu il tarixdə İddiaçı Ağsu X3 İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları Ucar rayonu, Gəraybəyli kəndində yaşayan cavabdehə məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 17 aprel 2019-cu il tarixli, ******* nömrəl akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29 iyul 2019-cu il tarixli, MSK-29/1710-01555 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən cavabdehin mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30 iyul 2019-cu il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı Ağsu X3 İdarəsinə göndərilmişdir. Həmin akta əsasən Ağsu X3 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində 31 iyul 2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək cavabdehin Ucar Xidmət Sahəsinin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 4536 kub/metr-453.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonentin-cavabdehin abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdehlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə İddiaçı Ağsu X3 İdarəsinin Ucar Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənlməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh hər ay bildiriş almış, sonuncu dəfə 2020-ci ilin sentyabr ayında cəmi 21 manat pul ödəmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmiş, lakin yaranmış borcu yenə də tam ödəməmişdir. Cavabdehin borclu olduğu məbləğin yaranması **********00000 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Bu kimi hallar İddiaçı əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı, 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, aylıq olaraq kommunal borclarını mütəmadi ödəyən məsuliyyətli bir vətəndaşdıır. Bu günə qədər hər hansı bir dövlət təşkilatı və ya idarə ondan ödənilməmiş kommunal borca görə məhkəməyə müraciət etməmişdir. Vaxtlı-vaxtında İddiaçı Ağsu X3 İdarəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. İdarənin əməkdaşları barəsində 31 iyul 2019-cu il tarixli akt tərtib etmişlər. Lakin barəsində tərtib edilmiş akt harada tərtib olunmasından xəbəri yoxdur. Cavabdeh təşkilat tərəfindən barəsində tərtib edilmiş həmin akt qanuna uyğun tərtib edilməmişdir. Belə ki, təşkilat tərəfindən ona ünvanlanmış məktublarda qeyd olunur ki, ona məxsus fərdi yaşayış evinə keçən qazı qeyd edən sayğaca kənar müdaxilə edilmişdir. Ona məxsus fərdi yaşayış evinə keçən qazı qeyd edən sayğaca heç bir müdaxilə etməmişdir. O, evimə keçən qazı qeyd edən sayğacı sındırmamış və heç bir müdaxilə etməmişdir. Bununla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa, təşkilatın əməkdaşları tərəfındən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Sayğacın dəyişdirilməsi barədə akt tərtib edilməmişdən əvvəl ayda iki dəfə olmaqla cavabdeh idarənin nəzarətçi-mühəndisi sayğaca baxış keçirməklə ödəniş qəbzi təqdim etmiş, lakin sayğacda hər hansı qüsur barədə məlumat verməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385- 390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən Hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Lakin hazırki qətnamədə təqdim edilmiş heç bir sənəd və sübut nəzərə alınmadan əsassız qətnamə çıxrılmışdır. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(063)-76/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; X5 İstismar İdarəsi ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə 27 iyun 2013-ci ildə 3342 nömrəli müqavilə bağlanmışdır. 30 iyul 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. İddiaçı Ağsu X3 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfinin 1.2 kub/m/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 kub/m/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, axımlı su qızdırıcı maksimal saatlıq qaz sərfi 2.25 kub/m/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan həcmin hesablanması və hesablanmış məbləğin ödənilməsi, cəmi 4536 kub/metr göstərilmişdir. Abonentin saldosundan görünür ki, 2019-cu ilin iyul ayı üçün abonentə-cavabdehə akt üzrə 453.60 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, cavabdeh tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz cavabdehin özü tərəfindən törədilməsi barədə iddiaçının dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər cavabdeh sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(063)-76/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(063)-76/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1393/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1393/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver