Məhkəmə qərarları › İş №2(107)-1399/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1399/2020

11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1399/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 514 manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın əvəzi olaraq 200 manat tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-179/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 514 manatın və vurduğu ziyanın əvəzinin gec verilməsi ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdikləri xərclərin, habelə hüquqları pozulması idi, adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 200 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-179/2020 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 486 manat ziyan məbləği və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 10 manatının özünə aid edilməsi, qiymətləndirmə ilə bağlı “xxxx” MMC-yə ödənilməli olan 100 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixində, saat 09:00 radələrində mülkiyyətində və istifadəsində olan “VAZ-21060” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Şəki şəhəri, S.Mümtaz prospektində dayandığı zaman Cavabdeh etibarnaməsi olmadan idarə etdiyi “Mercedes” markalı, 55BO-980 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini arxaya doğru idarə edərkən onun avtomobilinin qabaq hissəsinə vurmuşdur. Hadisə nəticəsində bədən xəsarəti alan olmasa da, onun avtomobilinə maddi zərər dəymişdir. Hadisə zamanı Şəki ŞRPŞ-nin DYPX-nin polis əməkdaşları hadisə yerinə gəlmişlər. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 339.1.1-ci maddələri ilə xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 339.1-1-ci maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə təyin edilmişdir. Hadisə nəticəsində onun avtomobilinə 514 manat maddi ziyan dəymişdir. Belə ki, o, avtomobilinin təmiri ilə bağlı aldığı ehtiyat hissələrinə, yəni yan divarlara (krıloya) 30 manat, fartukuna 18 manat, trosa 8 manat, matorun baduşkasına 15 manat, qabaq oblisovkaya 12 manat, şüşə və digər hissələri də daxil olmaqla 134 manat xərcləmişdir. Həmçinin, avtomobilinin təmiri ilə bağlı dəmirçiyə 200 manat, rəngsaza isə 180 manat pul vermişdir. 514 manat həcmində olan həmin ziyan məbləği cavabdeh tərəfindən ona geri ödənilməlidir. Eyni zamanda cavabdeh ona vurduğu ziyanı vaxtında ödəmədiyindən işində çətinliklər yaranmş və cavabdeh tərəfindən ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Ona dəymiş ziyan məbləği ona vaxtında qaytarılsa idi, həmin pulla bu qədər müddət ərzində 200 manatdan çox pul qazana bilərdi. Ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh müraciət etsə də, Cavabdeh tərəfindən ona dəymiş ziyan məbləğləri ödənilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın qalan hissəsinin təmin edilməməsi hissəsi istisna olmaqla, qalan hissədə qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, İddiaçı avtomobilinin təmiri ilə bağlı 514 manat, yəni avtomobilin ehtiyat hissələrinin alınması üçün 134 manat, avtomobilin təmiri ilə bağlı usta pulu olaraq 380 manat xərclədiyini bildirsə də".xxxx" MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2001/20 nömrəli rəylə "VAZ-21060" markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin ehtiyat hissələri ilə bağlı 106 manat, avtomobilin təmiri ilə bağlı usta pulu olaraq 420 manat xərc çəkildiyi müəyyən olunub. "xxxx" MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2001/20 nömrəli rəylə "VAZ-21060" markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin təmiri ilə bağlı usta pulu olaraq 420 manat xərc çəkildiyi göstərilsə də İddiaçı iddiasında avtomobilin təmiri ilə bağlı usta pulu olaraq 380 manatın xərclənməsini qəbul edir. Həmçinin iddiaçı avtomobilin ehtiyat hissələrinin alınması məqsədi ilə 134 manat xərclədiyini bildirsə də cavabdehdən avtomobilin ehtiyat hissələrinin dəyəri olaraq 134 manat tələb etsə də"xxxx" MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2001/20 nömrəli rəylə"VAZ 21060" markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ehtiyat hissələri üçün 106 manat xərc tələb edildiyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı usta pulu olaraq 380 manat tələb etdiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi halda məhkəmə usta pulu kimi 380 manatın ödənilməsini qət etmişdir. Halbuki, o şifahi olaraq ümumilikdə avtomobilin ehtiyat hissələrinə və usta pulu kimi 200 manat xərclənə biləcəyini qeyd etmişdir. Lakin məhkəmə bunun nəzərə almamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-179/2020 nömrəli qətnaməsini dəyişdirərək, 200 manat dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir, o iddiaçıya məxsus olan avtomaşına cəmi 200 manat məbləğində ziyan vurmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ziyanın 200 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, avtomobilin təmiri üçün həm ehtiyat hissəslərinə, həm də ustalara 500 manata yaxın pul xərcləmişdir. Cavabdeh könüllü olaraq vurduğu ziyanı ödəmək istəmir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər : Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-179/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin DYPB-nin inspektoru, polis kapitanı X1 tərtib etdiyi xx xxxxxx 2019-cu il tarixli, AP-0133241 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçməmiş “Mercedes” markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini etibarnəməsiz idarə etdiyinə və İddiaçı maddi ziyan vurduğuna görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 339.1-1-ci maddələri ilə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin DYPB-nin inspektoru, polis kapitanı X1 tərtib etdiyi xx xxxxxx 2019-cu il tarixli, MN-0425158 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçməmiş və etibarnaməsi olmadan “Mercedes” markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini Şəki şəhəri, S.Mümtaz prospektində arxaya idarə edərkən, onun avtomobili İddiaçı “VAZ-21060” markalı, 55BL-241 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin qabaq hissəsinə dəymişdir. Buna görə də Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 339.1.1-ci maddələri ilə ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2001/20 nömrəli rəydən görünür ki, “VAZ-21060” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə dəymiş zərərin məbləği avtomobilin təmiri üçün usta pulu olaraq 420 manat və avtomobilin ehtiyat hissələri ilə bağlı 106 manat olmaqla, cəmi 526 manat təşkil edir. Qiymətləndirmə xərci 100 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın və apelyasiya şikayətinin dəlillərinin əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş “VAZ-21060” markalı, 55BL-241 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yararsız vəziyyətdə olmasını, həmin “VAZ-21060” markalı, 55BL-241 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmiş, həmçinin işə baxan birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilərək dəymiş ziyanın məbləği dəqiqləşdirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfin izahatı ilə yanaşı, həmçinin təqdim olunmuş sübutlar, o cümlədən də ekspert rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən kifayət qədər mötəbər və zəruri sübutlar təqdim edildiyindən və bu məhkəmə araşdırması zamanı təsdiq olunduğundan mülki qanunvericiliyin müddəalarına əsasən cavabdehin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyəti yaranmış hesab edilməlidir. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətinin dəlillərinə nəzər yetirməklə, cavabdeh tərəfindən iddia ərizəsində qoyulmuş tələbin hansı səviyyədə mübahisələndirilməsinə də xüsusi diqqət yetirmişdir. Cavabdeh öz etirazında və apelyasiya şikayətində 200 manatla İddiaçı avtomobilini təmir edərək, əvvəlki vəziyyətinə qaytarılması mümkün olduğunu qeyd etsə də, bu fakt məhkəmə kollegiyasının araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh tərəf apelyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı sənədi məhkəmə kollegiyasına təqdim edə bilməmiş, apelyasiya şikayətində qeyd olunan dəlilləri öz formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-179/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar