Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-140/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-1531/2020 saylı qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2300 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2686/2019 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 2300 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabheh Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-1531/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2686/2019 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-1531/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2300 manat pul alınaraq İddiaçı ödənilməsi və Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsində maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o iddiaçıdan heç vaxt borc pul almamışdır. İddiaçıya heç bir borcu yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər yalançı şahidlərdir. Bundan əlavə onun birinci instansiya məhkəməsində verdiyi ifadə təhrif edilmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-1531/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh qızının nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-1531/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, iddiaçı 2015-ci ilin axırlarında Yevlax şəhər Mərkəzi bazarında paltar və qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olurmuş. Cavabdeh da qonşuluqda paltar alqı-satqısı ilə məşğul olurmuş. İddiaçı Bankdan kredit götürmək qərarına gəlmiş və aralarında olan söhbət zamanı bu barədə Sevincə də danışmışdır. Cavabdeh ehtiyacı olduğu üçün krediti artıq götürməsini xahiş etmişdir. Bankdan götürdüyü kreditin 2300 manatnı borc olaraq Sevincə vermişdir. Cavabdeh ondan aldığı borc pulu iki il müddətdə qaytaracağına söz versə də, hal-hazıradək borclu olduğu pulu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş şahidlərin yalançı şahid olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsində verdiyi ifadənin təhrif edildiyini bildirsə də, həmin məhkəmə iclasının protokoluna qeydlər edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edilməmişdir. Digər tərəfdən həmin iclasda cavabdeh yox, onun nümayəndəsi X2 iştirak etmiş və arvadının həqiqətən də iddiaçıdıan 2300 manat pulun alınaraq banka olan borclarını ödədiklərini qeyd etmişdir. Beləliklə kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayətİ təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-1531/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-1531/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-140/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-140/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver