Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1404/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(075)-669/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1300 manat və dövlət büdcəsinə ödədiyi 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh səhlənkarlığı nəticəsində ona məxsus 1300 manat dəyərində inək naxırda olan vaxt dağda canavar hücum etmiş və inək tələf olmuşdur. Cavabdeh mal-qaranı nəzarətsiz qoymuş və heç heyvanları güdməmişdir. Cavabdeh səhlənkarlığı nəticəsində Şəki rayonu Göybulaq kənd sakinləri Mirzəcan, Əlican və Elburus adlı şəxslərə də maddi ziyan dəymişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(075)-669/2021 saylı qətnaməsi ilə (hakim P. Hacıyev) iddia təmin edilmiş, Cavabdeh 1300 (bir min üç yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1330 (bir min üç yüz otuz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 19 noyabr 2020-ci il tarixdə ona məxsus bir baş inəyi naxıra göndərmişdir. Lakin həmin gün inək naxırdan qayıtmamış, səhəri gün inək ölü tapılmışdır. İnəyin ölməsi nəticəsində iddiaçıya 1300 manat maddi ziyan dəymişdir. Həmin gün naxıra nəzarət etmək Cavabdeh tapşırılmışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə həmin gün naxıra çıxa bilmədiyini və müəyyən ödəniş əvəzində başqa şəxsin çıxdığını bildirərək iddianı qəbul etmir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı özünə məxsus bir baş inəyi cavabdehə həvalə edilmiş naxıra göndərmişdir. Cavabdeh tapşırığın icrasını üçüncü şəxsə vermiş və nəticədə inəyi naxırda olarkən canavar parçalamışdır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.2-ci maddəsinə əsasən, vəkalət alan cavabdeh üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyaraq iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur. İddiaçıya dəymiş ziyan "xxxx" Qiymətləndirmə MMC tərəfindən 1300 manat müəyyən edilmişdir. Buna görə də Cavabdeh törətmiş olduğu mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı vurulmuş zərərin əvəzi, yəni 1300 manat onun tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 777.1-ci, 777.2-ci, 779.1-ci, 780.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, apelyator Şəki rayon Göybulaq kendində yaşayır va həmin kənddə məktəb direktoru vəzifəsində işləyir. Kənd camaatı arasında olan qaydalara görə naxıra növbəli nəzarət edilir, 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək ona həvalə edilmişdir, lakin o öz növbəsini həmin gün kənd sakini X1 30 manat əvəzində vermişdir. Həmin vaxt naxırçı Fərrux axşam saatlarında kəndin mal-qarasını gətirmiş və heç bir hadisə olmadığını bildirmişdir. Lakin 4 gün sonra məlum oldu ki, bir baş mal qayıtmayıb. Əgər iddiaçı inəyinin hımin gün naxırdan qayıtmadığını iddia edirsə, niyə bu barədə ona məlumat verməyib. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, "inəyin naxırdan gəlmədiyini görmüş və onu axtarmağa çıxmışdır, lakin inəyin gəlməməsi barədə ona heç bir söz deməmişdir. Məhkəmə iclaslarında dindirilən şahidlər yalnız iddiaçının qohumlarıdır va onun lehinə izahatlar vermişdirlər. İddiaçının inəyi naxır günü təhvil verilib, lakin iddiaçı öz səhlənkarlığı nəticəsində tələf olan inəyin pulunu ondan almaq istəyir. Hesab edir ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb. İddiaçının təqdim etdiyi "xxxx" Qiymətləndirmə MMC tərəfindən verilmiş 19 aprel 2021ci il tarixli 1102/21 saylı rəydən görünür ki, bir baş iribuynuz ana malın 19 aprel 2021-ci il tarixinə olan təqribi bazar qiyməti 1300 manatdır. Hesab edir ki, həmin rəy həqiqəti əks etdirmir. Belə ki, tələf olan inəyin çəkisi və onun yaşı göstərilməyib, yalnız təxmini uydurma qiymət müəyyən edilib və məhkəmə bu halları araşdırmayıb. Odur ki, o, Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(075)-669/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən, əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(075)-669/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(075)-669/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 19 noyabr 2020-ci il tarixdə ona məxsus bir baş inəyi naxıra göndərmişdir. Lakin həmin gün inək naxırdan qayıtmamış, səhəri gün inək ölü tapılmışdır. İnəyin ölməsi nəticəsində iddiaçıya 1300 manat maddi ziyan dəymişdir. Həmin gün naxıra nəzarət etmək Cavabdeh tapşırılmışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə həmin gün naxıra çıxa bilmədiyini və müəyyən ödəniş əvəzində başqa şəxsin çıxdığını bildirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək cavabdehə həvalə edilmişdir. Ancaq cavabdeh mal qaranı otarmaq vəzifəsini kənd sakini olan X3 30 manat əvəzində tapşırmışdır. Lakin cavabdeh öhtəliyi yerinə yetirməmiş, iddiaçıya məxsus inək itmiş və tələf olmuşdur. Nəticədə iddiaçıya 1300 manat ziyan dəymişdir. Bundan başqa apelyator dəymiş zərərin daha az olduğunu bildirsə də, bu barədə məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(075)-669/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(075)-669/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1404/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1404/2021
15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver