Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1412/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh Qadir oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Qadir oğluna qarşı cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəmənin 06 may 2021-ci il tarixli, 2(039)-881/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən, onun mülkiyyətində olan 06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş taxılın cavabdeh tərəfindən otarılması nəticəsində ona vurulmuş olan 3000 manat məbləğində ziyanın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəmənin (hakim G.Cavadova) 06 may 2021-ci il tarixli, 2(039)- 881/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdərə rayonundan məcburi köçkündür, hazırda müvəqqəti olaraq Tərtər rayonu Zolgörən kəndində ailəsi ilə birlikdə yaşayır. O, Yevlax rayonu Qaraməmmədli kəndinin ərazisindən 06 ha torpaq sahəsi almış, həmin torpaq sahəsi hazırda onun istifadəsindədir. O, müxtəlif vaxtlarda həmin torpaq sahəsinə taxıl, arpa, yonca və s. əkmişdir. Lakin çox vaxt ziyana uğramış, gəlir əldə edə bilməmişdir. Belə ki, hazırkı iş üzrə Qaraməmmədli kənd sakini Cavabdeh onun torpaq sahəsindən təxminən 300 metr aralıda ferması vardır. O, həmin fermada iri və xırda buynuzlu mal-qara saxlayır. O, artıq neçə illərdir ki, ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq otarır. Təkcə bu il ərzində o, təxminən onun sahəsini 10 dəfədən çox otarmışdır. Hansı ki, həmin sahədə o, bu il taxıl əkmişdir. Cavabdeh, həmçinin onunla qonşuluqda torpaq sahəsi olan şəxslərə küllü miqdarda ziyan vurmuşdur. Onlar dəfərlərlə ona bu barədə irad bildirsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən ona məxsus olan 06 ha taxıl sahəsinin otarılması nəticəsində ona 3000 manat məbləğində maddi ziyan vurmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi-hüquq normalarını pozmuş, əhəmiyyətli olan faktiki halları aydınlaşdırmamışdır. Hüququn tətbiq edilməsində, qanun və digər normativ hüquqi akt düzgün tətbiq edilməmiş, bir sözlə düzgün qətnamə çıxarılmamışdır. Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli İş№ 2(039)- 881/2021 saylı qətnaməsini göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. belə ki, cavabdeh dəfələrlə onun əkin sahəsinə iri buynuzlu və xırda buynuzlu heyvanlarını salaraq 300 metr sahəsini otartmış və ona 3000 manata qədər maddi ziyan vurmuşdur. Bu barədə o, dəfələrlə aidiyyatı cavabdeh qrumlara şikayətlər etmiş, hətda sözü gedən əraziyə aqronom gətirərək dəymiş ziyan barəsində rəy yazdırmışdır. Dəymiş ziyanla bağlı müxtəliv dövlət qrumlarından aldığı arayışları mməhkəmə prosesində məhkəməyə təqdim etmiş, məhkəmə prosesi zamanı şahidləri hakim tərəfindən səthi dindirilmiş və hətda qət etdiyi qətnamədə də şahidlərin və onun dediklərini düzgün qeyd etməmişdir. Bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmiş, bununlada onun mülkiyyətçi olaraq hüquqları hakim tərəfindən kobudcasına pozulması deməkdir. Bir halda qeyd edib apellyasiya məhkəməsinin işə baxan məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, cavadeh kənd təsərrüfatlı torpaq sahəsindən təyyinatı üzrə istifadə etməyərək öz başına heç bir dövlət orqanlarının icazəsi olmadan orda mal-heyvan saxlamaq üçün onun torpağının 300 metrtliyində ferma tikdirib. O bununla da həmin fermada saxladığı çoxlu sayda iri bunuzlu və xırda buynuzlu heyvanları ilə onun və qonşuluqda olan bir neçə adamın sahələrinə ziyan vurur. qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(039)-881/2021 saylı qətnaməsinin ləğv edilməsini, cavabdeh tərəfindən ona dəymiş ziyanın ödənilməsi barəsində yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onun torpaq sahəsinin qonşuluğunda bir neşə şəxsə, o cümlədən də cavabdehə məxsus fermalar var. Lakin onun əkin yerinə yaxın olan ferma cavabdehə məxsusdur. Cavabdeh həmin fermada, mal-heyvan, və hinduşka saxlayır. O, hər il həmin sahədən xeyli taxıl götürürdü, lakin bu il məhsulu az olmuşdur. Bunun da əsas səbəbi cavabdehə məxsus qoyunların, hinduşkaların həmin sahədə otlamasıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Qadir oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, həmin ərazidə ayrı-ayrı şəxslərə məxsus olan bir neçə ferma vardır. Onun mal-qarası iddiaçıya məxsus olan torpaq sahəsinə heç vaxt keçməmişdir. İddiaçı ondan pul almaq məqsədilə ona qarşı şər-böhtan atır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəmənin 06 may 2021-ci il tarixli, 2(039)-881/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* №li çıxarışdan görünür ki, Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 5,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 79 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçının əmisi oğludur. Tərtər rayonunda yaşasa da, hərdən iddiaçı ilə birlikdə Yevlax rayonu Qaramanlı kəndində yerləşən və İddiaçı məxsus olan torpaq sahəsini yoxlayırlar. Torpaq sahəsində olduqları zaman iddiaçının ailəsinə məxsus hind quşlarının həmin torpaq sahəsində olduqlarını görsələr də, iddiaçının orada mal-qara otardığını görməmişdir. İddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə qonşu ərazidə onun da torpaq sahəsi var və cavabdeh özünə məxsus mal-qaranı həm onun həm də iddiaçının torpaq sahəsində otarmaqla onlara ziyan vurur. O, cavabdehin həmin torpaq sahəsində mal-qara otardığını görməsə də, lakin heyvanların ayaq izlərinə görə müəyyən etmişdir ki, mal-qara cavabdehə məxsus fermanın ərazisindən keçərək qeyd etdiyi torpaq sahələrinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Üçüncüsü, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. İş materillarında olan (səh. 26) Yevlax rayon Qaraməmmədli kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, mübahisəli torpaq sahəsinə qonşuluqda olan fermanın çobanları tərəfindən ziyan vurulduğu qeyd edilmişdir. Göründüyü kimi həmin arayış da qeyri-müəyyən şəxs (lər) dairəsinə ünvalanmaqla, konkret olaraq ziyanın məhz cavabdeh tərəfindən vurulduğu sübut olunmur. Dördüncü, kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan vəziyyədə bu qənaəti əsaslı hesab etmək olarmı, ələbttə ki, açıqlanmamış və əsaslandırılmamış bu qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun hesab etmək olmaz. Beşincisi, şahid ifadələrinə gəldikdə isə kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəmənin 06 may 2021-ci il tarixli, 2(039)-881/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1412/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1412/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver