Məhkəmə qərarları › İş №2(107)-1413/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1413/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1413/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “3000 manat pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(051)-619/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 30 mart 2021-ci il tarixli, 2(051)- 619/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 4 ildir ki, bir-birlərini tanıyırlar. 2020-ci ilin fevral ayında qısa müddətdə Bakı şəhərində kirayə evdə bir yerdə yaşayıblar. Həmin dövrdə o, Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonuncu kursda oxuyurdu. Ona Bakıda olan ərəblərlə iş birliyi yaratmaq istədiyini, müəyyən planları olduğunu, iş quracaqlarını bildirmişdir. Bu məqsədlə pul lazım olduğunu bildirmiş və ondan borc olaraq pul istəmişdir. Onun xahişi ilə 2020-ci ilin mart ayının 5-də ilk olaraq ona 1500 manat pulu nağd olaraq kirayədə yaşadıqları evdə vermişdir. Həmin pulu qohumu Rahibdən borc olaraq almışdı. Sonra isə Murad yenə pul lazım olduğunu bildirmiş və ona yenə Rahibdən aldığı 800 manatı aprelin 6-da vermişdir. Təkrar pul istəyəndə özünün Birkart hesabından 500 manat çıxarıb aprel ayının sonlarında Murada vermişdir. Cavabdeh ona 2020-ci il aprel ayının sonları, yaxud may ayının əvvəllərində verdiyi pulu qaytacağını söz vermiş, lakin keçmiş müddət ərzində ona heç bir məbləğ ödəməmişdir. Birkart hesabından götürdüyü pula faiz gəlməkdə indi də davam edir. Beləliklə, cavabdehin ona 3000 manat borcu yaranmışdır. Dəfələrlə borcu qaytarmasını tələb etsə də, qaytarmır. Son vaxtlar cavabdeh ümumiyyətlə gizlənib, axtarsa da tapa bilmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən hakim bir sıra maddi və prosesal hüquq pozuntusuna yol verilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, :“Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, Məmmədov X1 X4 öz qohumundan borc alaraq ilk öncə 1500 manat, daha sonra 800 manat borc pul vermişdir.Daha sonra isə öz Birkart hesabından 500 manat pul çıxarıb cavabdehə vermişdir. Cavabdeh pulu 2020-ci ilin aprel və ya may aylarında qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir”. Lakin bu halları nə ilə sübut olunduğunu və nəyə əsaslandığı qeyd olunmamışdır. Məhkəmə qətnaməsində “Bundan əlavə məhkəmə baxışı zamanı iddiaçı tərəfindən hər iki tərəfin razılığı ilə məhkəmə iclas zalında təqdim olunan diskə video baxış zamanı və təqdim olunmuş vatsap yazışmalarmdanda görünür ki, cavabdehin həqiqətəndə iddiaçıdan pul aldığı məlum olmuş ,həmin pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bu sübutlar eyni zamanda şahid ifadələri kifayət qədər əsas verir ki, iddiaçı öz tələbində haqlıdır. Cavabdeh isə iddianın əsassız olmasına dair lazım olan mötəbət sübutları məhkəməyə təqdim edə bilməmişlər.“ qeyd olunmuşdur. Tərəf mənşəyi məlum olmayan screenshot çap edərək məhkəməyə təqdim edir və təəssüflər olsun ki, hakim də bu saxta sübut əsasında iddianı təmin edir. Beləliklə də tərəfin həqiqiliyini müəyyən etmək mümkün olmayan Vatsap ekran görüntüləri əsasında qərar qəbul olunur. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-619/2021 nömrəli, 30.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh borcunu ödəməkdən yayınmaq məqsədilə işi süni şəkildə uzatmağa çalışır. O, həqiqətən də ayrı-ayrı vaxtlarda xalası oğlundan 1500 və 800 manat alaraq cavabdehə nəqd şəklində, 500 manat isə kart vasitəsilə borc vermişdir. Bütün bunlar cavabdehə olan etibarından irəli gəlmişdir. Lakin cavabdeh onun etibarından sui-istifadə edərək borcu qaytarmaqdan yayınır. O, yaranmış borcla bağlı həm cavabdehin özü ilə danışmış, həm də “ Wotsapp” vasitəsilə yazışmışdır. Cavabdeh hər dəfə borcunun olduğunu etiraf etsə də, sonda müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan yaynmışdır. O, telefon vasitəsilə cavabdehin anası Gülnarə xanımla da danışmış, sonuncu da pulu qaytaracağına söz vermişdir. Lakin pulu qaytarılmadığından məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron ərizə ünvanlayaraq hərbi xidmətə cağırıldığını bildirmişdir. Cavabdeh bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 070 878 8362 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun xalası oğludur. O, Moskvada olarkən Ruslan və Murad ona zəng vuraraq iş qurmaq məqsədi ilə ondan xahiş edərək pul istəmişlər. Əvvəl 1500 manat sonra 800 manat pul göndərmişdir. Bir müddət keçmiş o, Ruslana zəng vuraraq işin nə yerdə olduğunu soruşmuşdur. Ruslan ona bildirmişdir ki, Murad onuda aldadıb yoxa çıxıb. Valideyni Gülnarə ilə də dəfələrlə danışıb. Şəxsən özü onu dəfələrlə zəng vuraraq ondan vaxt istəyib. Murad özü isə qardaşı ilə görüşüb xahiş edərək vaxt istəyib. Artıq bir ildən çoxdur ki, pulunu qaytarmır. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Muradın anasıdır. Özü hazırda həkim işləyir. Oğlu Ruslandan pul almayıb. Muradın ehtiyacları olduqda özü hər zaman Murada pul göndərmişdir. Düzdür Muradın başqa şəxslərə borcu olmuşdur. Lakin həmin borclarını ödəmişdir. Ancaq Ruslana borcu olmamışdır. Mingəçevir Şəhər Polis Şöbəsinin 17.08.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Polis şöbəsinə müraciət etmiş və orada ona məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah olunmuşdur. Mülki işi materiallarına əlavə edilmiş “Wotsapp” yazışmasının məzmunundan (iş mat.səh.14-18) müəyyən edilir ki, iddiaçı ilə cavabdeh sözügedən pul məbləğinin qaytarılması ilə bağlı yazışmalar etmişlər. Həmin yazımaların məzmunu aşğıdakı kimidir: “mamama yazmısan sen nese? 2300 demisen? O deyibki gözlle 3-4 gün demisen he gözleyerem. Mamannan alım pulll? Day ne deyim ona. Aee başa düşmedin e meni sen ona demisen ki 2300 borcu var mene. Hedee. Mene de yığmışdı dedi 2300 ne puldu. Dedim lazım idi almışdım. Dedi neter qatarassan, dedim ki özüm qaytaracam. Ae bildimde mene de dediki 2300 ruslan dedi borcu vat. Seni axtarmaq çün yazdım ki xeberiz var, dedim he özüm tapıb verecem lazım idi deye, borc almışdım. Hedeee dedimki o da başqasından alıb, men de elə demişəm, dedi sen nece qaytarassan, dedim tapıb verecem bu güne və s”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığından iddiaçının tələbi də müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, bu apellyasiya şikayətininn dəlilləri qismən əsaslı olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması üçün əsaslı olsa da, iddianın tam rədd edilməsi üçün əsaslı deyildir. Kollegiya nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdehdə olduğunu sübut etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, kollegiya hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfin cavabdehlə aralarında yaranmış münasibət, eləcə də cavabdehin iddiaçıya borclu olması müvafiq mobil nömrələrlə “Wotsapp” yazışması ilə sübut olunur. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçıla Cavabdeh arasında tanışlıq münasibəti olmuş və iddiaçı öz qohumundan ilk öncə 1500 manat, daha sonra 800 manat pul alaraq cavabdehə borc pul vermişdir. Daha sonra isə dediyinə öz Birkart hesabından 500 manat pul çıxarıb cavabdehə vermişdir. Cavabdeh pulu 2020- ci ilin aprel və ya may aylarında qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan borc pul almadığını, iddiaçıya borcunun olmadığını bildirsə də, mübahisənin bu halı tərəflər arasında olmuş “Wotsapp” yazışması ilə qismən təsdiq olunur. Belə ki, iş materillarının 14-18-ci səhifələrində olan yazışmalardan görünür ki, cavabdeh iddiaçıya 2300 manat borcunun olmasını inkar etməmiş, həmin pulu tezliklə qaytaracğını bildirmişdir.Mübahisənin bu halı, yəni 2300 manat borcun olması, iddiaçı tərəfindən nəqd şəklində cavabdehə verilmiş (qohumundan aldığı) 1500 və 800 manat pul məbləğlərinin cəmi ilə üst-üstə düşür. Belə olan halda kollegiya tərəflər arasındakı bu yazışmasını cavabdehin qismən etirafı kimi qiymətləndirir və hesab edir ki, iddia tələbinin faktiki əsası yalnız 2300 manatın tələb edilməsi ilə bağlı qanuni əsasının şərtləri, yəni dizpozisiya şərtləri ilə uzlaşır. Məhkəmə kollegiyası tərəfindən sonda özündə daxili inam yaratmaq məqsədilə iddiaçı tərəfindən təqdim olunaraq iş materiallarına əlavə edilmiş “diskin” mətninə qulaq asılmış, bu zaman iddiaçı ilə cavabdehin anası “Gülnarə” adlı şəxs arasında mübahisəli pulla bağlı danışıqların aparıldığl, hətta mübahisənin olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddianın təmin olunmuş 700 manat hissəsi (pulun alınıb verilməsi) birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, ləğv olunmuş hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(051)-619/2021 nömrəli qismən - yəni “iddianın təmin olunmuş 700 manat” hissəsində ləğv edilsin . İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnаmə “cаvаbdeh Cavabdeh 2300 (iki min üç yüz) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar