Məhkəmə qərarları › İş №2(107)-1413/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1413/2023

21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1413/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(019)-774/2023 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013- cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8. Balakən Rayon Məhkəməsinin 2(019)- 678/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 260 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-818/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarnda olan rəsmi nikahın pozulması və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 onun yanında qalması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iiə alimentin məbləği artırılmış və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 320 manat aliment tutulub ona verilməsi qət edilmişdir. O, 320 manat məbləğində alimerntlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab etmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ona verilməlidir. O, alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən o, ilkin mediasiya sesiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət etmişdir. O, mediasiya zamanı 50 manat rüsum ödəmişdir. Hesab etmişdir ki, həmin rüsum da cavabdehə aid olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat; Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 12 oktyabr 2023-cü il tarixli, 2(019)- 774/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2013-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından 07 may 2014-cü ildə X10 və 11 yanvar 2019-cu ildə X8 adında iki uşaqları doğulmuşdur. Tərəflər bir-birindən ayrı yaşayırlar. Uşaqlar iddiaçı Əliyeva (Bahalova) Elza Fərman qızının yanında və himayəsindədirlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(019)-678/2021 saylı qətnaməsilə ərizənin verildiyi 01 iyun 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 7 may 2014-cü ildə doğulmuş X5 və 11 yanvar 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X6 verilməsi verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-818/2021 saylı qətnaməsilə iddia təmin edilmiş, iddiaçı Əliyeva (Bahalova) Elza Fərman qızı ilə Cavabdeh arasında 13 iyun 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 7 may 2014-cü ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X4 anaları Əliyeva (Bahalova) Elza Fərman qızının yanında saxlanılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 30 iyun 2021-ci il tarixli 2(019)-678/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X5 və xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları-X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər ay hər uşaq üçün 160 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, ayda cəmi 440 manat miqdarında müəyyən olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-118/2022 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iş üzrə Cavabdeh ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, gəliri artmamış, həmçinin onun diqqətəlayiq hər hansı maraqları meydana çıxmamışdır. İş materiallarına əsasən Cavabdeh işləməsi, adında daşınar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların olması müəyyən edilməmiş, həmçinin onun banklarda əmanətlərinin olması, pensiya və ya hər hansı digər sosial müavinət alması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və sair qazanca malik olması müəyyən edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-118/2022 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunarkən tərəflərin, ailə və maddi vəziyyəti, diqqətəlayiq maraqları, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləği, valideynlərin uşaqlarına həmin yaşayış minimumu məbləğindən az olmayan maddi təminat yaratmaq vəzifəsi və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi nəzərə alınmışdır. İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(019)- 118/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməmiş, qətnamədə alimentin tutulmasına əsas olmuş faktoloji və hüquqi halları mübahisələndirməməklə, qəbul etmişdir. Aliment təyin olunduqdan sonra isə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) səbəb ola biləcək ailə və maddi vəziyyətində hər hansı halın baş verməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) əsas ola biləcək hallar müəyyən olunmadığı üçün bu alimentin miqdarının dəyişdirilməsi (artırılması) şübhəsiz kimi, işləməyən və yaşayış minimumu həddində müvafiq qazanca (gəlirə) malik olması müəyyən olunmayan Cavabdeh maddi vəziyyətinə əsaslı şəkildə mənfi təsir göstərəcəkdir ki, bu da yolverilməzdir. Həm də o hal nəzərə alınmalıdır ki, qanuna görə uşağı saxlamaq hər iki valideynin borcudur və bu xüsusda məhkəmə qətnaməsilə uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin (iddiaçının) üzərinə düşməsi nəzərə alınmış və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş minimum yaşayış məbləğinin çox hissəsi (hər uşaq üçün 160 manat) məbləğində aliment ödənişi cavabdehin üzərinə qoyulmuşdur. Belə olan halda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləği miqdarında aliment ödənişinin tam olaraq cavabdehin üzərinə qoyulması təbii kimi, cavabdeh üçün ağır maddi məhrumiyətlər yaratimaqla tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozardı və bu da hüququn universal prinsipi olan haqq-ədalət prinsipinə zidd olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədalət prinsipini bərabər mənafelərə bərabər münasibət kimi müəyyən edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alimentin artırılması barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-118/2022 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması və gəlirləri artmaqla maddi vəziyyətinin yaxşılaşması və ya başqa formada maddi vəziyyətində dəyişiklik olması, həmçinin başqa diqqətəlayiq maraqlarının meydana çıxması və bu halların təyin olunmuş alimentin miqdarının artırılması üçün faktoloji və hüquqi əsas yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlər də iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Birinci instansiya məhkəməsi iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 34 və 99-cu maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 112, 112.1-ci maddələri, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu, «Uşaq hüquqları haqqında» Konvensiyanın 5, 18, 27-ci maddələri, BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 və 4 saylı prinsipi, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4, 76.1, 76.2, 76.3, 77.1, 78.1, 80, 81, 88, 89.1, 106.1, 14.2, 217.4 və 218.3cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin e-2(019) 774/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilərək, xx.xx.2022-ci il tarixli, e-2(019)-118/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması haqqında qərar verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Birinci insyansiya məhkəməsinə təqdim olunmuş subutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, cavabdeh maddi vəziyyətinin aşağı olmasını əsas gətirərək alimentin artırılmamasını xahiş etmişdir. Cavabdehin iş yerinin olmaması yalandır. Rəsmi iş yeri olmasa belə gündəlik qazancla gəlir əldə edir. Lakin bu hala düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin e-2(019)-774/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə etiraz ərizə göndərərək qeyd etmişdir ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsnə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, ondan hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub birgə nigahdan olan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-678/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nigahdan olan hər iki uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 260 manat aliment tutulub ona verilməsi və uşaqların ananın yanında qalması qət edilmişdir. İddiaçının yenidən alimentin miqdarının artırılması ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış birgə nigahdan olan hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı cəmi 320 manat məbləğində təyin edilmişdir. İddiaçının məhkəmədə ona qarşı alimentin miqdannın daha da artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Yəni hər iki uşaq eyni zamanda onun da balalarımdır.Lakin iddiaçı bu fikirdə deyil. Heç yerdə işləmir. İddiaçıya ödədiyi alimenti hansı zülümlərlə, kimlərinsə həyətlərində fəhləlik edərək ödəyir. İşə düzəlmək üçün Əmək və Əhalinin Sosial şöbəsinə dəfələrlə müraciəti cavabsız qalmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən hesab etmişdir ki, hazırki işdə alimentin miqdarının artırılmasına əsas ola biləcək hallar müəyyən olunmadığı üçün bu alimentin miqdarının artırılması şübhəsiz kimi, işləməyən və yaşayış minimumu həddində müvafiq gəlirə malik olması müəyyən olunmayan onun maddi vəziyyətinə əsaslı şəkildə mənfi təsir göstərəcəkdir ki, bu da yolverilməzdir. Məhkəmə qeyd etmişdir ki, alimentin artırılması barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Lakin iddiaçı alimentin miqdarının artırılması üçün əsas ola biləcək sübutları təqdim edə bilməyib. Odur ki, İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-774/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin rədd edilməsini və Balakən Rayon Məhkəməsinin sözüğedən qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin e-2(019)-774/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və Balakən Rayon Məhkəməsinin 12 oktyabr 2023 cü il tarixli, 2(019)-774/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin e-2(019)- 774/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(019)-774/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə alimentin miqdarının artırılması tələbinin təmin edilməməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 12 oktyabr 2023cü il tarixli, 2(019)-774/2023 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2013-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından 07 may 2014-cü ildə X10 və 11 yanvar 2019-cu ildə X8 adında iki uşaqları doğulmuşdur. Tərəflər bir-birindən ayrı yaşayırlar. Uşaqlar iddiaçı Əliyeva (Bahalova) Elza Fərman qızının yanında və himayəsindədirlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(019)-678/2021 saylı qətnaməsilə ərizənin verildiyi 01 iyun 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 07 may 2014-cü ildə doğulmuş X5 və 11 yanvar 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X6 verilməsi verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-818/2021 saylı qətnaməsilə iddia təmin edilmiş, iddiaçı Əliyeva (Bahalova) Elza Fərman qızı ilə Cavabdeh arasında 13 iyun 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 07 may 2014-cü ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X4 anaları Əliyeva (Bahalova) Elza Fərman qızının yanında saxlanılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 30 iyun 2021-ci il tarixli 2(019)678/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X5 və xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat,cəmi 320 (üç yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları-X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər ay hər uşaq üçün 160 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, ayda cəmi 440 manat miqdarında müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyatorun apellyasiya şikayətinin əsasının Azərbaycanda uşaqların minimum yaşayış həddinin 220 manat olmasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası təqdim edilmiş "xxxx" MMC-nin blankından görünür ki, xx.xx.2019cu il təvəllüdlü X4 müayinəsi üçün 60 manat pul ödənilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyinin müalicəsi üçün reseptlər yazılmışdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilməli, cavabdehdən hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(019)-774/2023 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(019)-774/2023 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar