Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1416/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-751/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 27 aprel 2021-ci il tarixli, 2(051)- 751/2021 nömrəli qətnaməsi ilə İddia qismən təmin edilərək 08 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul miqdarında alimentin hər ay cavabdeh X1 tutulub, İddiaçı verilməsi, alimentin qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulması, cavabdeh X1 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Məmmədova X2 Şəhər Məhkəməsinin 27 aprel 2021ci il tarixli, 2(051)-751/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 ilə 27 noyabr 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 08 noyabr 2008-ci il təvəllüdlü Mələk adlı bir nəfər uşağı doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Göstərilən məbləğ uşağın saxlanması üçün yetərli deyil. Uşağın saxlanmasında çətnlik çəkir. Cavabdehin də uşağına baxmaq borcudur. Cavabdehin uşağın saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı var. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Qətnamə obyektiv həqiqəti, işin faktiki hallarını əks etdirmir. Qətnamədə iddianın təmin edilməyən hissəsi “tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı” ilə əsaslandırılmışdır. Lakin, məhkəmə cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını nəzərə almamışdır. Cavabdeh 200 manat alimenti ödəmək imkanındadır. O, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun “Şuşa” adlı marketi və çay evi vardır. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-751/2021 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilərək cavabdehdən uşağın saxlanması üçün hər ay 200 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 274 00 00 və 050 397 67 44 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-751/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 noyabr 2008-ci il təvəllüdlü X4 valideynləri X6 və İddiaçıdır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 20 sentyabr 2012-ci ildə ləğv edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1628/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 08 noyabr 2008- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir Beləliklə məhkəmə kollegiyası iclasında təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh əvvəllər ailəli olmuş və onların birgə nikahından 08 noyabr 2008-ci il təvəllüdlü Mələk adlı bir nəfər uşağı doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. İddiaçı qeyd olunan məbləğlə razılaşmayaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın alimentlə bağlı hissəsinin tam təmin edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir ki, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən həmin dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi haqlı olaraq uşağın əvvəlki təminat səviyyəsini və uşaqlar üçün yaşayış minimumunu əsas götürərək iddianı qeyd olunan meyarlar nəzərə alınmaqla qismən təmin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı qanunvericiliklə nəzərdə qaydada məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını və ya aliment ödəməli olan şəxsin diqqətəlayiq başqa maraqlarını nəzərə alınmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, bundan əlavə məhkəmə kollegiyasının iclasına dəvət olunmalarına baxmayaraq məhkəməyə gəlməmişdir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası irəli sürülən iddia məbləğinin, alimentin miqdarının hər ay uşaq üçün 200 manat məbləğində müəyyən edilməsinə əsas verən halların, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilmədiyini, cavabdehin aylıq qazancının kifayət qədər çox olmamasını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmamasını məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, cavabdeh alimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay 130 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin hər uşaq üçün 200 manat məbləğində artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 70 (200-130=70) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın illik qiyməti 840 (12x70) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-751/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1416/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1416/2021
27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver