Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1416/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Balakən Rayon Məhkəməsinin e-2(019)-129/2023 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti(bundan sonra- Bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1094,29 manat əsas, 1199,59 manat faiz, 973,77 manat cərimə, borcun gecikdirilməsi ilə bağlı illik 5% dərəcəsi ilə hesablanmış 149,85 manat faiz borcu olmaqla, cəmi 3417,50 manat borcun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Balakən Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bank Rayon Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, ərizənin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərardadları ilə Bankın ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi “ərizənin təmin edilməməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, Bank Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)- 129/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Bank həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Bank şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə Elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Təqvimə nəzər saldıqda xx.xx.2023-cü il tarixinin həftənin şənbə gününə, yəni qeyri-iş gününə düşdüyünü görərik. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 370.1-ci maddəsində qeyd edilir ki, əgər hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə və həmin gün qeyri-iş günüdürsə, hərəkət növbəti iş günündə yerinə yetirilməlidir. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Balakən Rayon Məhkəməsinin müvafiq qətnaməsi qeyri-iş günündə elektron məhkəmə informasiya sisteminə yerləşdirildiyindən prosessual müddətin başlanması iddiaçı Bank tərəfindən növbəti iş günü, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla müddətin axımının xx.xx.2023-cü il tarixədək davam etdiyi nəzərdə tutulmuşdur. Eyni zamanda müddətin ötürülməsinin digər səbəbi elektron məhkəmə informasiya sistemində və “Asan imza”da baş vermiş nasazlıq olmuşdur. İddiaçı Bank tərəfindən apellyasiya şikayətinin tərtib olunma tarixinə nəzər yetirdikdə şikayətin iddiaçı tərəfindən 04 sentyabr 2023-cü il tarixdə imzalandığını görə bilərik. Eyni gündə iddiaçı bank tərəfindən apellyasiya şikayətinin göndərilməsi üçün dəfələrlə elektron məhkəmə informasiya sisteminə daxil olmağa cəhd edilmiş, lakin cəhdimiz uğursuz alınmışdır. Qeyd olunan nasazlıqlarla bağlı texniki dəstək xidmətinə bir neçə dəfə şifahi müraciətlər edilmiş, cavab olaraq bildirilmişdir ki, hazırda və bir neçə gündür ki, elektron məhkəmə informasiya sistemində davam edən nasazlığa səbəb elektron məhkəmə informasiya sistemində müəyyən yeniliklərin tətbiqi ilə bağlı işlərin görülməsidir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, mülki işin 134-cü vərəqəsində olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-129/2023 nömrəli qətnaməsi 05 avqust 2023-cü il tarixdə Bankın nümayəndəsi Nümayəndə “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə 06 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 05 sentyabr 2023-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, Bank apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasını onunla əsaslandırır ki, mübahisələndirilən məhkəmə qətnaməsi qeyri-iş günündə elektron kabinetə yerləşdirilmişdir və bu səbəbdən şikayətin verilməsi üçün müddətin axımı növbəti iş günündən hesablanmalıdır. Bank şikayətinin bu dəlilini mülki Məcəllənin 370-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 370-ci maddəsi prosessual müddətlərin müəyyən edilməsi qaydalarını tənzimləmir. Sözügedən norma mülki hüquq münasibətlərində mülki hüquq və vəzifələrin əmələ gəlməsini, dəyişdirilməsini və xitamını tənzimləyir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması qaydası isə Mülki Prosessual Məcəllənin “Prosessual müddətlər” adlanan 10-cu fəsli ilə tənzimlənir. Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsində qeyd edilir ki, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır(maddə 129.1). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur(maddə 129.2). Göründüyü kimi, Mülki Prosessual Məcəllədə müddətin başlanğıcının deyil, müddətin sonunun qeyri-iş gününə düşməsi halında müddətin sonrakı iş günündə qurtarması nəzərdə tutulmuşdur. Hazırki işdə prosessual müddətin bitmə tarixi 05 sentyabr 2023-cü il tarixə düşür ki, həmin tarix də qeyri-iş gününə düşmür. Bankın şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, prosessual müddəti Elektron məhkəmə informasiya sistemində yaranan nasazlıq səbəbindən ötürmüşlər. Məhkəmə qeyd edir ki, Bank bu dəilini təsdiq edən hər hansı sübutu məhkəmlərə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1416/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1416/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver