Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1420/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Abdulrahman oğluna qarşı pul tələbinə tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı MMC-in nümayəndəsi X1, Cavabdeh Abdulrahman oğlunun ilə, Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tаrixli, 2(016)-103/2021 saylı qətnaməsindən Cavabdeh Abdulrahman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh Abdulrahman oğluna qarşı – cavabdehdən 2175.37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağsu Filialı və cavabdeh arasında bağlanmış 22.01.2019-cu il tarixli 71 saylı müqaviləyə əsasən cavabdeh (Ərəbsarvan kəndi ərazisində yerləşən) 12.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9536,75 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini hər hektardan 20 sentnerdən az olmamaq şərti ilə xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında - 570.0 manat dəyərində şum, 144.00 manat dəyərində çiyid səpini, 1894,40 manat dəyərində çiyid toxumu, 377.0 manat dəyərində kultivasiya, 96.00 manat dəyərində sahədaxili arx çəkilişi, 168.0 manat mala çəkmə, 418.20 manat məbləğində ağır mala, 477.00 manat dəyərində gübrə, 735.05 manat dəyərində dərmanlar, 1702.10 manat əl yığımına avans, 2760.00 manat becərmə, suvarmaya avans, cəmi 9536.75 manat məbləğində vəsait ödənilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 7361,38 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 2175,37 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tаrixli, 2(016)-103/2021 saylı qətnaməsi (hakim E.Hümbətov) ilə iddia təmin edilmiş, 2175.37 (iki min yüz yetmiş beş manat 37 qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh Abdulrahman oğlundan alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı MMC-in Ağsu filialı ilə Cavabdeh Abdulrahman oğlu arasında bağlanmış 22.01.2019-cu il tarixli, 71 saylı müqavilə ilə müəyyən olunur ki, Cavabdeh Abdulrahman oğlu 12 hektar sahədə pambıq becərməyi və yetişdirdiyi məhsulu filiala satmağı öhdəsinə götürmüşdür. 29.12.2019-cu il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılaraq cavabdehin ümumilikdə 2175.37 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh Abdulrahman oğluna ünvanlanmış 31.05.2020-ci il tarixli pretenziya ilə cavabdehdən cəmiyyətə olan borclarının ödənilməsi tələb edilmişdir. Cavabdeh Abdulrahman oğlunun Ağsu rayonu, Göydəlləkli kəndində əkdiyi 12 hektar torpaq sahəsindən 3 hektar sahədə aparılmış defolyasiya və dərmanlamaya baxmayaraq 648 manat xərc çəkilsə də heç bir təsiri olmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan avans almaq hüququna malik olduğu kimi, eyni zamanda sahədə pambıq becərmək və məhsul əldə etməklə xam-pambıq istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsi qətnamə çıxararkən onun əkin-biçin zamanı artıq xərclər çəkdiyini nəzərə almamış və tələb etdiyi ekspertizanı təyin etməmişdir. Əkin biçin zamanı çıxan xərclər dedikdə pambıq yığımında, pambıq yığan işçilərə və digər tekniki işçilərə çəkilən 1650 ( min altı yüz əlli) manat xərc nəzərdə tutulur. Odur ki, o, Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tаrixli, 2(016)- 103/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı MMC-in nümayəndəsi X2 məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Abdulrahman oğlu məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021ci il tаrixli, 2(016)-103/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tаrixli, 2(016)- 103/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC-in Ağsu filialı ilə Cavabdeh Abdulrahman oğlu arasında bağlanmış 22.01.2019-cu il tarixli, 71 saylı müqaviləyə əsasən, Cavabdeh Abdulrahman oğlu 12 hektar sahədə pambıq becərməyi və yetişdirdiyi məhsulu filiala satmağı öhdəsinə götürmüşdür. 29.12.2019-cu il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılaraq cavabdehin ümumilikdə 2175.37 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apellyasiya şikayətində göstərilmişdir ki, Ağsu Rayon Məhkəməsi qətnamə çıxararkən onun əkin-biçin zamanı artıq xərclər çəkdiyini nəzərə almamış və tələb etdiyi ekspertizanı təyin etməmişdir. O, pambıq yığımında, pambıq yığan işçilərə və digər tekniki işçilərə 1650 ( min altı yüz əlli) manat xərc çəkmişdir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. İş materiallarının 6-cı səhifəsində olan üzləşmə aktından görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə 1702 manat yığım pulu ödənilmişdir. Yəni apelyatorun 1650 manat yığım üçün artıq xərc çəkməsi barədə dəlili əsassızdır. Digər tərəfdən ekspertizanın nə məqsəd üçün təyin edilməsini əsaslandırmayıb. Ekspertizanın təyin edilməsinin zəruriliyi şikayətdə öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmələrə ekspertiza təyin edilməsi hüququnu tanımışdır. Hazırkı halda isə cavabdeh tərəf hansı sualların izah edilməsi üçün ekspertizanın təyin edilməsini əsaslandıra bilməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı deyildir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və , Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tаrixli, 2(016)-103/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Abdulrahman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tаrixli, 2(016)-103/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1420/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1420/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver