Məhkəmə qərarları › İş №2(107)-1422/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1422/2022

13.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1422/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinə gedən su bərəsinin açılması və maneələrin aradan qaldırılması tələbinə dair (Açar sözlər: maneələrin aradan qaldırılması, su bərəsinin açılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh3 və Cavabdeh4, 3-cü şəxs Göyçay rayon Çaxırlı kənd bələdiyyəsinin nümayəndəsi (mühasib) Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "torpaq sahəsinə gedən su bərəsinin açılması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(046)-64/2022 nömrəli qətnaməsindən Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: 1.Torpağa Mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktından görünür ki, Göyçay rayon Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

2. X2 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci tarixli mütəxəssis rəyindən görünür ki, Torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi Cavabdeh1 tərəfindən bağlanmışdır.

3. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4687 saylı rəydən görünür ki, Torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

4. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

5. Göyçay rayon Çaxırlı bələdiyyəsinin sədri Nümayəndə2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur. Cavabdehlər mərhum Cavabdeh1 məxsus evdə yaşayır, ondan miras qalmış mirası idarə edirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyətində torpaq sahəsinə gedən qanunsuz bağlanmış su bərəsinin açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldıraraq, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 31 saylı qərarı ilə ona və ailə üzvülərinin mülkiyyətinə torpağın mülkiyyət verilməsinə dair JN-258 saylı dövlət aktına əsasən 2,00 ha torpaq sahəsi verilmişdir. 2017-ci ilindən başlayaraq mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd torpaq sahəsinin istifadəçiləri olan cavabdehlər onun torpağının suvarılması üçün nəzərdə tutulmuş su bərəsini qanunsuz olaraq bağlamış və onun torpağına su verilməsindən imtina edərək maneələr yaratmışlar. Bu barədə dəfələrlə Göyçay rayonu Çaxırlı Bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin üzvüləri, Göyçay rayon İHB-nin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və polis sahə inspektoru su yolunun açılması üçün əraziyə gəlmiş və cavabdehlərə su yolunun açılmalı olduğunu izah edərkən cavabdehlər su yolunu açmaqdan imtina etmişdir. Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin 29 sentyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməyimi tövsiyyə edilmişdir. Beləliklə cavabdehin təqsiri üzündən mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyi qərara almışdır.

8. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 25 aprel 2022-ci il tarixli, 2(046)- 64/2022) saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Torpağın Mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına açılması, iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılması, iş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci cavabdehlərdən müçtərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Göyçay rayonu Çaxırlı kəndində yerləşən Torpağın Mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlərin vəsaiti hesabına açılmalı, cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə, tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olan atası Cavabdeh1 10 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə mərhum atasının ölümündən sonra anasını, qardaşını və onu hüquq varisləri kimi işə cəlb etsə də onların bu barədə məlumatı olmamışdır.

13. İddiaçının tələbi Göyçay Rayon Məhkəməsinin 25 aprel2022-ci il tarixli 2(046)- 64/2022 saylı qətnaməsi ilə təmin edilmişdir. Məhkəmənin mübahisələndirdiyi qətnaməni qəbul etməsi barədə yalnız icra məmurları icra sənədini icra etmək istəyərkən məlumat almış və qətnamənin surətini 30 sentyabr 2022-ci il tarixdə, qətnamə ilə tanış olduqdan sonra hakimin əsaslandığı ekspertiza və mütəxəssis rəylərini isə 22 oktyabr 2022-ci il tarixdə əldə etmişdir.

14. İddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəmənin sübut kimi qiymət verdiyi torpağa mülkiyyət hüququna dair JN-258 saylı dövlət aktından görünür ki, onun torpaq sahəsinin qonşu sərhədlərinin mülkiyyətçiləri sırasında onların adları yoxdur. Yəni məhkəmənin qeyd etdiyinin əksinə onların torpaqları həmsərhəd deyil. Halbuki MPM-nin 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

15. Qeyd edilən maddənin tələbinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Ekspert, məhkəmə tərəfindən sual qoyulmasa belə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onların torpaq sahəsindən 285 metr kənarda yerləşdiyi halda ərazidə su bərəsinin olub-olmamasını, iddiaçının torpaq sahəsinə başqa ərazidən su gətirilməsinin mümkünlüyü barədə mülahizələrini rəyə daxil etməmişdir. Belə ki, onların torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı, iddiaçının torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bölgü sxemində həm gediş-gəliş yolları, həm də su yolları nəzərdə tutulmuşdur ki, nə məhkəmə, nə də ekspert bu halları araşdırmamışdır.

16. Birinci instansiya məhkəməsinin onun su bərəsini bağlamağı və torpaq sahəsinin suvarılmasına mane olmağı barədə məhkəmənin göstərdiyi hallar sübut edilmir. Belə ki, istər iddiaçı iddia ərizəsində, istərsə də məhkəmə qətnamədə işin halları kimi onların torpaq sahələrinə iddiaçının torpaq sahəsinin həmsərhəd olduğunu göstərir. Lakin məhkəmənin sübut kimi istinad etdiyi ekspertiza rəyində onların torpaq sahəsinin mübahisələndirilən ərazidən 285 metr kənarda yerləşdiyi göstərilir. Ekspert həmin ərazinin boş torpaq sahəsi olduğunu göstərsə də mütəxəssin rəyinə əlavə edilmiş planda orada yaşayış evlərinin olduğu görünür. Həmin plan ekspertin gəldiyi nəticəyə uyğun deyil. Belə ki, torpaq sahələrinin arasında olan ərazidə yaşayış evləri yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Belə ki, mübahisəli ərazidə su arxı mövcud olmadığı halda, ekspert rəy vermişdir ki, guya həmin arx onun tərəfindən bağlanmışdır. Halbuki orada heç vaxt arx olmayıb. Hesab edir ki, ekpertlər düzgün olmayan rəy vermişlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mövcud su arxı cavabdeh tərəfindən bağlanmış, arxın üstü basdırılmışdır. Əgər onun torpaq sahəsinə digər yerdən, alternativ su arxının çəkilməsi mümkün olsaydı, o bu iddianı verməzdi. Mübahisəli əraziyə mütəxəssis və ekspertlər gələrək baxış keçirmişlər. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 da apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar uzun müddət həmin su bərəsindən istifadə etmişlər. Lakin son vaxtlar cavabdeh tərəf mübahisəli su bərəsindən istifadə etməyə imkan vermir. Onların torpaq sahəsinə digər yerdən alternativ su bərəsinin çəkilməsi mümkün deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş 3-cü şəxs Göyçay rayon Çaxırlı kənd bələdiyyəsinin nümayəndəsi (mühasib) Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddiaçılar daim mübahsiəli su bərəsindən istifadə etmişlər. Son vaxtlar cavabdeh tərəf həmin bərədən su aparılmasına mane olur. Mübahisəli əraziyə ekspert və mütəxəssislər də gələrək baxış keçirmişlər.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

27. Azərbaycan Respublikası Su Məcəlləsinin:

64-cü maddəsinə əsasən Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətindən görünür ki, şikayət cavabdehlərdən yalnız Cavabdeh3 tərəfindən verilmişdir. Apellyator Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(046)-64/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini apellyatora münasibətdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İşdən görünür ki, iddiaçı hazırki tələbində mübahisəli ünvanda yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş su arxının (bərəsinin) açılmasını və maneənin aradan qaldırılmasını xahiş edir.

33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 170-ci maddəsi çıxış edir. Həmin normaya əsaslanan tələb o halda təmin oluna bilərdi ki, normanın dispozisiya şərti kimi müəyyən olunmuş hal – aşağı mülkiyyətçiyə əvvəllər yuxarı mülkiyyətçinin ərazisindən təbii yolla su gəlməsi – təsdiq olunsun. Yəni yuxarı mülkiyyətçinin mülkiyyətindən əvvəllər təbii yolla suyun keçib aşağı mülkiyyətçiyə keçməsi, yuxarı mülkiyyətçi üçün həmin suyu kəsməmək öhdəliyi, bundan gələn təsirlərə dözmək vəzifəsini yaradır.

34. Baxılan işdə də birinci instansiya məhkəməsi işin hallarını bu norma əsasında araşdırmış və müəyyən etmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Torpağın Mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən bağlanmışdır.

35. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.

36. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

37. Birinci instansiya məhkəməsi işin obyektiv araşdırıımlası məqəsədilə iddiaçının həyətinə gedən su arxının cavabdeh tərəfindən bağlanmasını müəyyən etmək məqəsədilə müvafiq ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4687 saylı rəyindən görünür ki, Torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi Cavabdeh1 tərəfindən bağlanmışdır.

38. Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində izahat vermiş Göyçay rayon Çaxırlı bələdiyyəsinin sədr əvəzi Nümayəndə2 göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır. Dəfələrlə onlara müraciət edilməsinə baxmayaraq su bərəsi açılmamış, nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsini suvara bilməmişdir. Cavabdeh1 vəfat etdikdən sonra ailə üzvləri olan cavabdehlər ondan miras qalmış fərdi yaşayış evində yaşayır və təsərrüfatı idarə edirlər. Qeyd edilən su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır.

39. Apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmamasının əsas səbəbini ekspertlərin düzgün rəyə gəlməməsi ilə əlaqələndirmişdir.

40. Məhkəmə kollegiyası hazırki mübahisə üzrə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməsini onunla əsaslandırır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

41. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi

42. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

43. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

44. Beləliklə də iş materiallarından aydın olur ki, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı cavabdehə məxsus torpaq sahəsindən keçməklə uzun illər həmin arxdan istifadə olunmuşdur. İddiaçıya məxsus həyətyanı sahəyə başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin bu kimi hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndiriliməlidir.

45. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

46. Kollegiya sonda apellyasiya şikayətinin daha bir dəlilinə, yəni cavabdeh tərəfin məhkəmə iclasının yeri və vaxtından məlumatsız olmasına da qiymət verərək qeyd edir ki, iş materiallarının 82-ci səhifəsində olan məhkəmə bildirişindən görünür ki, sonunculara məhkəmə iclasının yeri və vaxtı baradə lazımi qaydada məlumat verilmiş, lakin sonuncular tərəfindən bildirişlərin (o cümlədən də məhkəmə qətnaməsinin) qəbul olunmasından imtina edilmişdir (i/m səh.84-85 və 104-108).

47. MPM-in 137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur.

48. 137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(046)-64/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar