Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1425/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi, nisyə alqı-satqı müqaviləsi,sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(054)-100/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə nisyə olaraq satdığı tikinti materiallarının dəyəri olaraq 3371,50 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,00 manat - cəmi 3401,50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, özünə məxsus olan mağazada müxtəlif növ tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Cavabdeh ondan 18.06.2019-cu il tarixdə satış məqsədi ilə bir kisəsi 6,90 manat olmaqla, 200 kisə 300 markalı sement, bir kisəsi 7,90 manat olmaqla, 400 kisə 400 markalı sement - cəmi 4540,00 manat dəyərində tikinti materialını nisyə olaraq alıb aparmışdır. Cavabdehə satılan tikinti materialının maya dəyəri sonradan zavod tərəfindən aşağı salındığından ümumi məbləğdən 85,00 manat cavabdehə güzəşt edilmişdir. Bundan sonra cavabdeh 08.07.2019-cu il tarixdə 350,00 manat, 11.08.2019-cu il tarixdə 200,00 manat və 07.01.2020-ci il tarixdə 260,00 manat ödəniş edərək borcunu azaltmış, həmçinin, 273,50 manat dəyərində tikinti materialını sata bilməyərək geri qaytarmışdır. Hazırda cavabdehin ödənilməmiş qalan borcu 3371,50 manat təşkil edir. Həmin vaxtdan xeyli müddət keçməsinə və cavabdehdən borclu olduğu məbləği ödəməsi tələb edilməsinə baxmayaraq, cavabdeh indiyədək borcunu ödəməmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(054)-100/2021 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, Cavabdeh nisyə satılmış əşyaların dəyəri olaraq 3371,50 manat və dövlət rüsumu kimi ödənilmiş 30,00 manat - cəmi 3401 (üç min dörd yüz bir) manat 50 (əlli) qəpik tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən, tərəflərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş 17.06.2019-cu il tarixli əmtəə nəqliyyat qaiməsi, 26.01.2021-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılığa əsasən cavabdeh iddiaçıya məxsus tikinti materialları mağazasından 18.06.2019cu il tarixdə bir kisəsi 6,90 manat olmaqla, 200 kisə 300 markalı sement, bir kisəsi 7,90 manat olmaqla, 400 kisə 400 markalı sement - cəmi 4540,00 manat dəyərində tikinti materialını nisyə olaraq alıb aparmışdır. Cavabdeh aldığı malların dəyərini qısa müddət ərzində ödəyəcəyini vəd etsə də, həmin məbləği indiyədək tam şəkildə ödəməmişdir. Cavabdeh iddiaçıya olan borcunu tam şəkildə ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən alınan malların çeşidi, sayı, dəyəri, ümumi satış məbləği ilə bağlı tərəflər arasında mübahisə və fikir ayrılığı yoxdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, ancaq iddiaçıdan 18.06.2019-cu il tarixdə cəmi 4540,00 manat dəyərində tikinti materiallarını nisyə olaraq aldığını da inkar etməmişdir. Cavabdeh iddiaçıdan, həqiqətən də, cəmi 4540,00 manat dəyərində nisyə mal aldığını etiraf etməklə, iddiaçıya həmin miqdarda borcu yaranmış olduğunu da bilavasitə etiraf etmiş hesab edilir. Belə olan halda, həmin məbləğin (və ya onun bir hissəsinin) qaytarıldığını sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Bu faktın təsdiq edilməsi üçün cavabdeh məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddiaçıya ödədiyi məbləğləri dəqiq olaraq xatırlamadığından və bu məbləğləri hansı miqdarda, nə vaxt, harada verməsi ilə bağlı konkret faktlara istinad edə bilmədiyindən, iddiaçı isə həmin borcun 810,00 manatdan ibarət hissəsinin nağd şəkildə, 273,50 manatdan ibarət hissəsinin natura şəklində ona ödənildiyini, 85,00 manatdan ibarət hissəsinin isə malın maya dəyərinə görə güzəşt məbləği olduğunu etiraf etdiyinə görə məhkəmə hazırki vəziyyətdə iddiaçıya ödənilməli olan borcun qalıq məbləğinin 3371,50 manat (4540,00 manat - 810,00 manat - 273,50 manat - 85,00 manat = 3371,50 manat) miqdarında olması faktını sübuta yetirilməmiş hesab edir. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin nisyə satılmış əşyaların dəyərinə görə ödənilməmiş qalan məbləğ olaraq cavabdehdən 3371,50 manat pul tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır, cavabdehi isə atasına məxsus mağazanın müştərisi kimi tanıyır. Təxminən, iki il əvvəl cavabdehə atasına məxsus mağazadan tikinti materialları götürüb pərakəndə satışını təşkil etməyi təklif etmişdir. Belə ki, cavabdehin yaşadığı ərazidə özünün saxlanc yeri kimi istifadə etdiyi yer vardır. Cavabdeh də onun təklifi ilə raşılaşmış və o, bu barədə atasına demişdir. Cavabdeh 18.06.2019-cu il tarixdə onun atasından bir kisəsi 6,90 manat olmaqla, 200 kisə 300 markalı sement, bir kisəsi 7,90 manat olmaqla, 400 kisə 400 markalı sement - cəmi 4540,00 manat dəyərində tikinti materialını nisyə olaraq almışdır. Bundan sonra cavabdeh nisyə aldığı mallara görə ayrıayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 810,00 manat ödəniş etmişdir. Cavabdeh onun özünə cəmi bir dəfə - 08.07.2019-cu il tarixdə 350,00 manat pul vermişdir. Doğrudur, o, nisyə satılmış malların dəyərini tələb etmək üçün cavabdehlə dəfələrlə görüşmüşdür, ancaq cavabdeh ona cəmi bir dəfə pul vermişdir. Cavabdehin nisyə aldığı mallara görə mağazaya başqa borcu da olmuş və onun mağazaya ödədiyi digər məbləğlər həmin borcun ödənilməsi üçün verilmiş məbləğ olmuşdur. Cavabdehin ödədiyi bütün məbləğlər qeydiyyat kitabında dəqiq qeyd edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçıya məxsus mağazada işləyir, cavabdehi də həmin mağazanın müştərisi kimi tanıyır. Cavabdeh iddiaçıdan nisyə olaraq aldığı tikinti materiallarının dəyəri kimi, yəni mağazaya olan borcunun azaldılması niyyəti ilə ona hər hansı məbləğdə pul verməmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdehi iddiaçıya məxsus mağazanın müştərisi kimi tanıyır. Cavabdehin 18.06.2019-cu il tarixdə iddiaçıdan aldığı tikinti materiallarını - 200 kisə 300 markalı və 400 kisə 400 markalı sementin cavabdehin işlətdiyi saxlanc yerinə aparılıb boşaldılmasını o özü təşkil etmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 567, 600, 777, 780, 1096,1097-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçıya olan borcunun hissə-hissə ödənilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və mövcud olan borcunu ödəməkdən boyun qaçırmamağına hüquqi qiymət verilməmişdir. Onun tərəfindən 08.07.2019-cu il tarixdə 350 manat, 11.08.2019-cu il tarixdə 2000 manat və 07.01.2020-ci il tarixdə 260 manat ödəniş edilmiş, eyni zamanda 273,50 manat dəyərində tikinti materialları geri qaytarılmışdır. Bildirmişdir ki, onun iddiaçıya qarşı heç bir pis niyyəti və məqsədi olmamışdır. Qeyd etmişdir ki, İddiaçı oğlu Tural Haşımova sementlərin oğurlanmasını bildirsə də Tural bu xəbərdarlığa əhəmiyyət verməyərək sementlərin oğurlanmasına biganə yanaşmışdır. Odur ki, cavabdeh Oğuz Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(054)- 100/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməsini və Oğuz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(054)-100/2021ci il tarixli, qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Oğuz Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(054)-100/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(054)-100/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında tərəflərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş 17.06.2019-cu il tarixli əmtəə nəqliyyat qaiməsi, 26.01.2021-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılığa əsasən cavabdeh iddiaçıya məxsus tikinti materialları mağazasından 18.06.2019-cu il tarixdə bir kisəsi 6,90 manat olmaqla, 200 kisə 300 markalı sement, bir kisəsi 7,90 manat olmaqla, 400 kisə 400 markalı sement - cəmi 4540,00 manat dəyərində tikinti materialını nisyə olaraq alıb aparmışdır. Cavabdeh aldığı malların dəyərini qısa müddət ərzində ödəyəcəyini vəd etsə də, həmin məbləği indiyədək tam şəkildə ödəməmişdir. Cavabdeh iddiaçıya olan borcunu tam şəkildə ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən alınan malların çeşidi, sayı, dəyəri, ümumi satış məbləği ilə bağlı tərəflər arasında mübahisə və fikir ayrılığı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apelyasiya şikayətinin dəlili olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, ancaq iddiaçıdan 18.06.2019-cu il tarixdə cəmi 4540,00 manat dəyərində tikinti materiallarını nisyə olaraq aldığını etiraf etmişdir. Cavabdeh iddiaçıdan, həqiqətən də, cəmi 4540,00 manat dəyərində nisyə mal aldığını etiraf etməklə, iddiaçıya həmin miqdarda borcu yaranmış olduğunu da bilavasitə etiraf etmiş hesab edilir. Belə olan halda, həmin məbləğin (və ya onun bir hissəsinin) qaytarıldığını sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Bu faktın təsdiq edilməsi üçün cavabdeh məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddiaçıya ödədiyi məbləğləri dəqiq olaraq xatırlamadığından və bu məbləğləri hansı miqdarda, nə vaxt, harada verməsi ilə bağlı konkret faktlara istinad edə bilmədiyindən, iddiaçı isə həmin borcun 810,00 manatdan ibarət hissəsinin nağd şəkildə, 273,50 manatdan ibarət hissəsinin natura şəklində ona ödənildiyini, 85,00 manatdan ibarət hissəsinin isə malın maya dəyərinə görə güzəşt məbləği olduğunu etiraf etdiyinə görə məhkəmə kollegiyası hazırki vəziyyətdə cavabdehin şikayətini sübuta yetirilməmiş hesab edir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçıya ödədiyi məbləğlər nəzərə alınmaqla ümumi borcdan çıxılmışdır. Ona görə də şikayət həmin hissədə əsassızdır. Eyni zamanda nisyə aldığı malların təhlükəsizliyini təmin etmək cavabdehin vəzifəsi olmuşdur. Qeyd olunan əsaslara görə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq qismən təmin etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(054)-100/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(054)-100/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1425/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1425/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver