Məhkəmə qərarları › İş №2(107)-1425/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1425/2022

21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1425/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli 2(019)-679/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ilə 23 dekabr 2010- cu il tarixdə rəsmi nikahla evlənmişdir. Cavabdehlə birgə nikah dövründə xx.xx.2011-ci tarixdə X6 adında bir uşaqları olmuşdur. Cavabdeh ilə ailə münasibətləri 2014-cü ilə qədər davam etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1503/2015 nömrəli 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə himayəsində olan bir uşağın saxlanması üçün cəmi 100 manat miqdarında alimentin tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)- 1503/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan 11 dekabr 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay hər 193 (bir yüz doxsan üç) manat, sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddiasının müdafiə edib, onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 23 dekabr 2010-cu il tarixdə rəsmi nikahla evlənmişdir. Cavabdehlə birgə nikah dövründə xx.xx.2011-ci tarixdə X6 adında bir uşaqları olmuşdur. Cavabdeh ilə ailə münasibətləri 2014-cü ilə qədər davam etmişdir. Daha sonralar aralarında ailə münaqişələri baş vermiş və aralarında olan nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)-1503/2015 nömrəli 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə himayəsində olan bir uşağın saxlanması üçün cəmi 100 manat miqdarında alimentin tutulması qət edilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 2(019)-1503/2015 nömrəli 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentlə uşağının pal-paltarlarının, sağlamlığının, maddi təminatının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birgə nikahdan olan uşaqları X6 mürəkkəb göz çəpliyi xəstəliyindən əziyyət çəkir. 2021-ci ildə uşaq göz əməliyyatı keçirmişdir. 2015-ci ildən bu tərəfə ərzaq və sənaye mallarının və digər malların qiyməti dəfələrlə artmış, həyat bahalaşmışdır. Həmçinin uşağın müayinə və müalicəsinə çoxlu vəsait sərf etmişdir və buna yenə də ehtiyac vardır. Cavabdeh isə bu xərclərdə iştirak etmir və yalnız hər ay 100 manat aliment ödəməklə kifayətlənir. Uşağın artan xərclərinin ödənilməsində ona valideynləri və qardaşı kömək edir. Özü heç yerdə işləmir və heç bir qazanca malik deyildir. Hazırda uşağın müalicəsinin aparılması əlavə xərc tələb edir. Bu barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə edir. Cavabdeh Rusiya Federasiyasında işləməklə kifayət qədər qazanc əldə edir. Cavabdeh hər ay 193 manat aliment ödəmək iqtidarındadır. Göründüyü kimi yaşayış minimumu ölkə üzrə uşaqlar üçün hər il artır. Lakin Cavabdeh özü könüllü olaraq aliment məbləğini artırmır. İddianın təmin olunmasını xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı və Cavabdeh 23 dekabr 2010-cu il tarixdə rəsmi nikahla evlənmişlər.Tərəflərin birgə nikahdan xx.xx.2011-ci tarixdə X6 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)-1503/2015 nömrəli 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, 11 dekabr 2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X3 verilməsi qət edilmişdir. Cavabdeh heç yerdə işləmir və yüksək aylıq qazancı yoxdur. Həmçinin cavabdehin ailə və maddi vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir. Lakin buna baxmayaraq cavabdeh iddiaçıya hər ay 130 manat aliment verməyə razıdır. Hazırda iddia tələbini qismən-130 manat hissədə qəbul edir. İddianın qismən-hər ay uşağa 130 manat aliment ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir.

5. Cavabdeh nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etiraz göndərmiş və etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək tərəflərin birgə nikahından dünyaya gəlmiş uşağın saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini yaşayış minimumu və uşağın xərclərinin artması ilə əsaslandırmışdır. Aşağıda sadalanan əsaslara və ailə qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş materiallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün alimentin miqdarının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı qanuna əsasən onun iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, hazırki iddianın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş maddi və prosessual əsaslar mövcud deyildir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

7. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015- ci il tarixli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 108 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından 11 dekabr 2011-ci il tarixdə doğulmuş X1 üçün Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(019)-1503/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş 100 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən 7 ilə yaxın müddət ərzində tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin cavabdehin müvafiq aylıq qazanca (gəlirə) malik olması halı nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar.

8. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, cavabdehin ödədiyi 100 manat aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir.

9. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması tələbinə dair mübahisəyə baxılarkən Cavabdeh işləməsi, əmək haqqının, aylıq qazancının (başqa gəlirlərinin) hansı məbləğ təşkil etməsi barədə məhkəməyə məlumat verilməmişdir . Həmin qətnamədə Cavabdeh işləməsi, aylıq qazanca (gəlirə) malik olması halı müəyyən edilməyərək, bu əsasla ondan sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

10. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında cavabdehin aylıq 130 manat aliment ödəyə biləcəyi barədə bildirdlikləri cavabdehin müəyyən yerdə işləməklə aylıq hər hansı qazanca malik olması nəticəsinə gəlməyə əsas yaradır. Belə ki, işləməyən və aylıq hər hansı qazanca malik olmayan şəxs hər ay təyin olunmuş 100 manat alimenti ödəmək, həmçinin artırılmasını qəbul etdiyi aylıq 130 manat alimenti ödəmək imkanına malik olmazdı. Belə olan halda cavabdehin işləməklə müəyyən məbləğdə aylıq qazanca malik olması Ailə Məcəlləsinin 112.1-ci maddəsində almentin artırılması əsası kimi göstərilən onun maddi vəziyyətində dəyişiklik olması halı kimi nəzərə alınmalıdır. Belə ki, 24 dekabr 2015-ci il tarixli qətnamə ilə aliment təyin edilən vaxt Cavabdeh işləməsi və aylıq qazanca malik olması müəyyən olunmadığı halında bu qətnamədən sonra onun hər ay 130 manat aliment ödəmək imkanını qeyd etməklə işləyib aylıq qazanca malik olması onun maddi vəziyyətində müsbət mənada dəyişik olmasını, yəni maddi vəziyyətinin yaxşılaşmasını ehtiva edir. Alimentin miqdarı müəyyən olunduqdan sonra şəxsin maddi vəziyyətinin yaxşılaşması isə təyin olunan alimentin artırılması üçün faktoloji və hüquqi əsas kimi çıxış edir.

11. İş üzrə Cavabdeh nümayəndəsi hazırki iddia tələbinə dair etirazında iddiaçının Ailə Məcələsinin 112.1-ci maddəsində göstərilən halların olmasını, o cümlədən onun maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunmadığını, iddia tələbinin əsaslandırıldığı halların sübut edilmədyini göstərir.

12. Bu xüsusda məhkəmə bir daha qeyd edir ki, Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən Cavabdeh işləməsi və aylıq qazanca malik olması faktoloji hal olaraq müəyyən olunmamış və bu konteksdə məhkəmənin qiymətləndirmə predmeti olmamışdır. Əksinə həmin qətnamədə Cavabdeh işləməməsi və aylıq qazanca malik olmaması müəyyən edilmişdir.

13. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında cavabdehin hər ay 130 manat aliment ödəyə biləcəyi qeyd olunmuşdur. Ona görə cavabdehin aylıq qazanca malik olması halı hazırki iş üzrə müəyyən olunmuş faktoloji haldır. Yuxarıda göstərildiyi kimi, belə olan vəziyyətdə bu hal cavabdehin maddi vəziyyətində dəyişiklik olaraq Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması əsası kimi qəbul edilməlidir.

14. Belə ki, bununla bağlı məhkəmə qeyd edir ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə alimentin miqdrı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, aliment təyin olunan 2015-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 108 manat olduğu təqdirdə, 2022-ci il üçün bu məbləğ 193 manat təşkil etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı heç yerdə işləmir və aylıq hər hansı qazanca (gəlirə) malik deyildir. Eyni zamanda tərəflərin birgə nikahından doğulmuş uşaq çəpgözlükdən əziyyət çəkir və onun vaxtaşırı müayinə və müalicəsinə maddi vəsait lazımdır. Lakin cavabdeh yalnız təyin olunmuş aylıq 100 manat alimenti ödəməklə alimentin təyin olunduğu vaxtdan 7 ilə yaxın müddət keçməsinə, sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına, uşağın xəstə olmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsi, müayinə və müalicə xərclərinin ödənilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın artan tələbatının təmin edilməsində, onun müayinə və müalicə xərclərinin ödəniliməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. İddiaçının bildirdiyinə görə bu xərclərin ödənilməsində ona əsasən valideynləri və qardaşı köməklik etmişlər. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda alimentin uşağın əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir.

15. Qeyd olunanlar iddiaçının iddiaya etirazının faktoloji və hüquqi əsasa malik olmadığını göstərir və ona görə də məhkəmə bu etirazı qəbul etmir.

16. Bu kontekstdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

17. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşağa qulluq göstərmək, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur

18. Eyni zamanda İddiaçı Cavabdeh Rusiya Federasiyasında hansı yerdə və hansı işdə işləməsini və hansı məbləğdə ifadə olunan kifayət qədər qazanc əldə etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da tələb olunan cavabdehdən tutulacaq alimentin miqdarının məhz hər ay 193 manat məbləğində müəyyən olunmasının zəruriliyini sübut edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

19. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin işləməklə aylıq qazanca malik olması ilə bağlı faktoloji hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 150 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismənmüəyyən olunmuş alimentin 150 manat miqdarında artırılması hissəsində təmin edilməli, 150 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir.

20. Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli 2(019)-679/2022 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia qismən təmin olunmuş, Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(019)-1503/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması); 11 dekabr 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə ödənilməsi; iddianın qalan hissədə təmin olunmaması; Cavabdeh 33,42 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 99 və 112-ci maddələrinə, BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

22. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Dağıstan Respublikası «Mahaçqala şəhər» Bələdiyyə şəhər dairə inzibati İdarəsinin VVAQ İdarəsi tərəfindən 19 yanvar 2012- cü il tarixdə verilmiş İİİ-BD seriyalı, 565706 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir.

23. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)- 1503/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh X5 ilə aralarında bağlanmış 23 dekabr 2010-cu il tarixdə Balakən rayonu Xalatala kənd inzibati ərazi dairəsində 22 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra uşaqlarıazyaşlı 11 dekabr 2011-ci ildə anadan olmuş X4 anası X2 yanında qalması, 24 dekabr 2015-ci il tarixdən başlayaraq-azyaşlı 11 dekabr 2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X3 verilməsi qət edilmişdir.

24. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli MŞİH-18531 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması mübahisəsi üzrə xx.xx.2022 tarixində 12.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi.

25. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli MŞİH-18531 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı (mediasiya prosesində iştirak edən tərəflərin adı və digər məlumatları) iştirakı ilə alımentin artirılması mübahisəsi ilə əlaqədar xx.xx.2022 -tarixdə ilkin mediasiya sessiyasi (mübahisənin predmenti) kecirildi. Lakin Cavabdeh iştirak etmədiyi üçün müvafiq olaraq ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış təqdim edildi. Bununla əlaqədar olaraq, mediasiya prosesinə mediatorun təşəbbüsü ilə xitam verilir.

26. İşdə olan X8 Adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 228 №-li tibbi rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X4 tibbi müayinəsi zamanı onda çəpgözlük xəstəliyi aşkar edidlmişdir.

27. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiyaya dair xərc ödənilmişdir.

28. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün alimentin miqdarının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir.

30. Məhkəmə tərəfindən alimentin miqdarı artırılarkən uşağın xərclərinin həqiqətən də artıb-artmaması, cavabdehin gəlirlərində artım olub-olmaması, onun maddi rifahının hansı səviyyədə olması araşdırılmamışdır. Uşağın əlavə xərclərə məruz qalması, cavabdehin maddi gəlirinin təyin olunmuş alimentin miqdarından artıq olması, məhz bu səbəbli alimentin miqdarının artırılmasını zəruri edən hallar məhkəmə tərəfindən əsaslandırılmamışdır. Uşağın əvvəlki maddi təminatının və ya cavabdehin maddi həyat səviyyəsinin təyin edilmiş aliment miqdarından artıq olmasını təsdiq edən hər hansı mötəbər sübut mülki iş materiallarında mövcud olmamışdır. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.

31. Ona görə də, Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli 2(019)- 679/2022 saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində qismən ləğv edilməsini və İddiaçı iddiası qismən təmin olunmaqla Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(019)-1503/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək (artırılaraq), 11 dekabr 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

35. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir

36. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyası: 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

37. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. Cavabdeh Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli 2(019)- 679/2022 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 29-30cu bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, 2015-ci ildən bəri ötən 7 il müddət ərzində ölkənin iqtisadi həyatında baş vermiş dəyişikliklər göz önünə alındığında uşağın xərclərinin artması və əlavə xərclərə məruz qalması, cavabdehin təyin olunmuş 100 manat alimentdən əlavə olaraq 30 manat da ödəmək imkanında olmasını etiraf etməsi, beləcə də alimentin miqdarının artırılması üçün yetəri qədər əsasların olması aydın olur.

43. Məhkəmə kollegiyası bu qətnamənin 35-ci bəndində göstərilmiş Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu, uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu, o cümlədən bu qətnamənin 34-37-ci bəndlərində göstərilmiş maddi normaların tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aliemntin miqdarını artıraraq hər ay 150 manat müəyyən etməkdə haqlı olmuşdur.

44. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli 2(019)-679/2022 saylı qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli 2(019)-679/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar