Məhkəmə qərarları › İş №2(107)-1445/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1445/2020

15.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1445/2020 15.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər ASC “xxxx” Bankı və ASC “xxxx” Bankının Zaqatala filialına qarşı “kompensasiyanın ödənilməsi tələbinə dair" mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-363/2020 nömrəli qərardadından cavabdeh “xxxx Bank” ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 “xxxx” Bankı və X3 “xxxx” Bankının Zaqatala filialından 898,7 ABŞ dolları məbləğində kompensasiyanın və ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X3 “xxxx” Bankının nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirmiş, həmçinin məhkəməyə etiraz ərizəsi verərək Zaqatala Rayon Məhkəməsinin iddia ərizəsini icraata qəbul etməkdə səhvə yol verdiyini və ərazi aidiyyəti qaydasını pozduğunu qeyd etməklə yanaşı, iddia tələbinə X3 “xxxx” Bankının deyil, Mərkəzi Bankın cavabdeh olduğunu, ona görə də iddiaçının eyni tələblə Mərkəzi Banka qarşı İnzibati Məhkəmədə iddia qaldırmalı olduğunu göstərmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-363/2020 nömrəli (hakim T.H.Həsənov) qərardadı ilə İddiaçı cavabdehlər ASC “xxxx” Bankı və ASC “xxxx” Bankının Zaqatala filialına qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməsi qərara alınmışdır. xx xxxx 2020-ci il tarixdə məhkəməyə hazırkı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03iyun 2020-ci il tarixli, 2(033)-363/2020 nömrəli qərardadından cavabdeh ASC “xxxx” Bankının şikayəti daxil olmuşdur. Cavabdeh ASC “xxxx” Bankı şikayətini onunla əsaslandırmışdır ki, qərardadda işin aiddiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsinin əsası kimi Bankın nümayəndəsi X1 iddiaya dair təqdim etdiyi “Etiraz” və AR MPM-in 35.1 və 35.2-ci maddələrinin tələbləri (iddianın cavabdeh hüquqi şəxsin olduğu yerə görə məhkəməyə verilməsi) əsas götürülmüşdür. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Bankın Məhkəməyə təqdim etdiyi etirazda mülki işin aiddiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair hər-hansı qeyd yoxdur. Əksinə, tərəflərindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədə qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə Bank deyil, AR Mərkəzi Bankı iş üzrə cavabdeh qismində çıxış etməli, mübahisəyə isə məhkəmə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalı, iş üzrə icraata xitam verilməli və iddiaçıya bu hüququ məhkəmə tərəfindən izah edilməlidir. Hesab edir ki, şikayət təmin edilərək sözügedən qərardad ləğv edilməli və işin inzibati məhkəməyə aidiyyəti nəzərə alınmaqla icraata xitam verilməlidir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-363/2020 qərardadı ilə həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(033)-363/2020 nömrəli qərardadından cavabdeh ASC “xxxx” Bankı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı, cavabdehlər ASC “xxxx” Bankı və ASC “xxxx” Bankının Zaqatala filialına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bank məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı da məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdeh ASC “xxxx” Bankı tərəfindən verilmiş şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-363/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər X3 “xxxx” Bankı və X3 “xxxx” Bankının Zaqatala filialına qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İşdən görünür ki, cavabdeh X3 “xxxx” Bankı hüquqi şəxs olmaqla hüquqi ünvanı Bakı şəhəri İnşaatçılar prospekti 37-dir. Digər cavabdeh X3 “xxxx” Bankının Zaqatala filialı isə hüquqi şəxs deyildir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər X3 “xxxx” Bankı və X3 “xxxx” Bankının Zaqatala filialına qarşı kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində, yəni Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də, İddiaçı iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə başqa məhkəməyə, yəni ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı mülki prosessual qanunvericiliyin tələbinə uyğun qəbul edilmişdir. Belə ki, cavabdeh X3 “xxxx” Bankının hüquqi ünvanı Bakı şəhəri İnşaatçılar prospekti 37-dir. Buna görə də İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğu halda səhvən Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsi də iddia ərizəsini və ona əlavə edilmiş sənədləri MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarmalı olduğu halda aidiyyət qaydalarını pozmaqla həmin iddianı öz icraatına qəbul etmişdir. Sonradan Zaqatala Rayon Məhkəməsi aidiyyət qaydalarını pozduğunu aşkar edərək, bu pozuntunu aradan qaldırmaq üçün MPM-in 44.2 və 44.2.2-ci maddəsinə uyğun olaraq işi baxılması üçün aidiyyəti üzrə vermək, yəni işi ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərmək qərarına gəlmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməsi barədə qərardadı düzgün və əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-363/2020 nömrəli qərardadından cavabdeh ASC “xxxx” Bankı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM-in 400 və 402-ci maddələrinin mənasına görə apelyasiya instansiyası məhkəməsinin aidiyyətlə bağlı qərardadından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 128-133, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ASC “xxxx” Bankı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-363/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar