Məhkəmə qərarları › İş №2(107)-1446/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1446/2020

16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1446/2020 16.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 21 may 2020-ci il tаrixli 2(025)-585/2016 nömrəli qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(025)-585/2016 nömrəli məhkəmə əmri ilə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatda olan Cavabdeh1 və Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olan Cavabdeh2 birgə qaydada 3767 ABŞ dolları əsas borc və 365 ABŞ dolları faiz borcu olmaqla cəmi 4132 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti məcburi qaydada tutulub İddiaçı x1 hesabına ödənilməsi müəyyən edilmişdir. Borclu Cavabdeh2 etirazla Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmə əmrinin ləğv edilməsi və materiallar əsasında ümumi iddia icraatına keçirilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 21 may 2020-ci il tаrixli 2(025)- 585/2016 nömrəli qərardadı ilə borclu Cavabdeh2 Qəbələ Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(025)-585/2016 nömrəli əmrindən vermiş olduğu etirazı geri qaytarılmışdır. Borclu Cavabdeh2 şikayət verərək həmin qərardadın ləgv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, etiraz ərizəsində də qeyd etmişdir ki, hazırda “Gilan Holding” x3 işləyir və onun əmək haqqından tutulduqda o, bilmişdir ki, məhkəmədən məktub gəlmiş və onun əmək haqqına yönəlmişdir. Bundan sonra o, zamin durduğu şəxs Toğrula zəng vurmuş və sonra da görüşüb demişdir ki, pulu niyə ödəmir. Toğrul ona bildirmişdir ki, qısa müddətdə ödəyəcəkdir. Bundan başqa ona məhkəmədən və ya Qəbələ Rayon İcra və Probasiya Şöbəsindən heç bir məktub gəlməmişdir. Çünki gəlsəydi o, həmin məbləği Toğrula indiyə kimi ödətdirərdi. Bundan sonra o, 12 may 2020ci il tarixdə Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə getmiş, bütün məlumatları aldıqdan sonra bu məsələlərdən xəbəri olmuşdur. Qəbələ Rayon İcra və Probasiya Şöbəsindən məhkəmə əmrinin surətini almış və dərhal şikayət yazmaq məcburiyyətində qalmışdır. Bundan sonra onun etiraz ərizəsi qəbul olunmamış və geri qaytarılmışdır. Bütün bunları nəzərə alaraq o, şikayət ərizəsi vermək məcburiyyətində qalmışdır. Ona görə də qərardadın ləgv edilməsini xahiş edir. Qəbələ Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq borclular Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, ərizəçi İddiaçı x2 nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 may 2020-ci il tаrixli 2(025)-585/2016 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 22 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. 130.1 -ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 13.4-cü maddəsinə görə, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclu məhkəmə əmrini aldığı gündən verilmiş tələbə və ya onun hissəsinə qarşı məhkəməni yazılı xəbərdar etməklə etiraz etməsi üçün qanunla nəzərdə tutulmuş etiraz etmə müddətini ötürdüyündən, borclu Cavabdeh2 üçün Qəbələ Rayon Məhkəməsinin 2(025)- 585/2016 saylı, 03 mart 2016-cı il tarixli əmrindən etiraz etmək hüququ keçmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, işdən görünür ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-585/2016 saylı 03 mart 2016-cı il tarixli məhkəmə əmri 01.04.2016-cı il tarixdə Cavabdeh2 rəsmi təqdim edilmişdir. Məhkəmə əmrinə etiraz etmək üçün qanunla 10 gün müddət müəyyən edildiyi halda, Cavabdeh2 məhkəmə əmrinin ləğv edilməsi və materiallar əsasında ümumi iddia icraatına keçirilməsi barəsində etirazı 21.05.2020-ci il tarixdə, yəni dörd il bir ay sonra Qəbələ Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 may 2020-ci il tаrixli 2(025)-585/2016 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 22 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar