Məhkəmə qərarları › İş №2(107)-1446/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1446/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1446/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-272/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015R**********n saylı kredit müqaviləsi üzrə 895,20 manat məbləğində kredit borcu, 202,96 manat məbləğində faiz borcu və 115,22 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 1213,38 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-272/2021 saylı iş üzrə qəbul etdiyi 01 aprel 2021ci il tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiası qismən təmin edilmiş, kredit borcunun ödənilməsi məqsədi ilə 895,20 manat məbləğində əsas borc, 202,96 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 1118 (bir min yüz on səkkiz) manat 16 (on altı) qəpik məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razı olmayan İddiaçı QSC 24 may 2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin 2(039)-272/2021 saylı iş üzrə qəbul etdiyi 01 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək və apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən ötürülmüş şikayət vermə müddətinin üzrlü sayılaraq bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin icraatında olan işlər üzrə Bankın nümayəndəsi Vüsal Həsənlinin əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, 8-16 may tarixləri də Ramazan bayramı vaxtına təsadüf etdiyinə görə qeyri iş günləri olmuşdur. 16-17 may tarixlərində hüquqşünaslar mövcud işlərin bölgüsü ilə əlaqədar Bakı şəhərində İddiaçı QSC-nin baş idarəsində iclasda olmuş və Yevlax rayonuna aid məhkəmə işləri nümayəndəyə 17 may tarixdə təhvil verilmişdir. Qeyd edilən səbəblərdən həmin qətnamədən vaxtında apellyasiya şikayəti verilə bilməmiş və prosessual müddət 02 gün olaraq üzrlü səbəbdən buraxılmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-272/2021 saylı, 03 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı QSC tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-272/2021 saylı iş üzrə qəbul etdiyi 01 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilmiş, Yevlax Rayon Məhkəməsinin 2(039)-272/2021 saylı iş üzrə qəbul etdiyi 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə kollegiyasına ərizə göndərərək cavabdeh tərəfindən banka olan borc sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənildiyi üçün iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Həmin Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Mülki Prosessuаl Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu məcəllənin 19-20-ci fəsillərində göstərilən əsasları olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Mülki Prosessuаl Məcəllənin 261.0.4-cü mаddəsinə əsаsən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icrааtа xitаm verilir. Mülki işin materiallarından görünür ki, iddiaçının iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiаdan imtina etməsinə dаir ərizəsini nəzərə alaraq mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Ona görə də Yevlax Rayon Məhkəməsinin 2(039)-272/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilib, işin icrааtınа xitаm verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 370, 391 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-272/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Şəki apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar