Məhkəmə qərarları › İş №2(107)-1446/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1446/2022

21.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1446/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ağcabədi Regional X3 cavabdeh X2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz istifadə etdiyi torpaqdan çıxarılması barədə tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, torpaqdan çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1, Cavabdeh iştirakı ilə, İddiaçı Ağcabədi Regional X3 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz istifadə etdiyi torpaqdan çıxarılması barədə tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(035-283/2022 saylı qətnaməsindən iddiaçı Ağcabədi Regional X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 2022-ci ilin yanvar ayında Ağcabədi Regional X3 3 saylı meşəbəyliyinin 5 saylı meşə dolayısının 34-cü kvartalında X17 sahəsinin 0.90 ha ərazisinin şumlanaraq təbii bərpa və cücərtilərini məhv edilməsi, həmin əraziyə arpa səpilməsi, 326 ədəd yaş yulğun kollarını kəsərək kənara toplanması, 4 ədəd müxtəlif diametrdə iydə ağacının və 113 yuva yaş yulğun kollarının kəsilərək, ərazinin çəpərləməsi faktı müəyyən edilmişdir. Həmin fakta görə Cavabdeh barəsində Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola əsasən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərara əsasən hazırkı cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Ağcabədi Regional X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək meşə fondu sahəsində qanunsuz olaraq şumlama işləri apararaq, təbii bərpa və yeniyetmə cücərtiləri məhv etməsi, eləcə də ağac və kolları kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 888 manat 15 qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutulub Ağcabədi Regional X3 “Kapital Bank” Ağcabədi rayon filialında olan AZ12CTRE********************, kod 200532, səviyyə kodu Fond 3, təsnifat 142581 saylı hesabına ödənilməsinə və qanunsuz olaraq istifadə etdiyi X17 sahəsinin 0.90 ha ərazisindən çıxaraq, ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağcabədi Regional X3 əməkdaşları tərəfindən Mərkəzin 3 saylı meşəbəyliyinin 5 saylı meşə dolayısının 34-cü kvartalında reyd keçirilən zaman Zərdab rayonu Böyük Dəkkə kənd sakini Cavabdeh qanunsuz olaraq X17 sahəsinin 0.90 ha ərazisini şumlayaraq təbii bərpa və cücərtilərini məhv etməsi, həmin əraziyə arpa səpməsi, 326 ədəd yaş yulğun kollarını kəsərək kənara toplaması, bundan başqa 4 ədəd müxtəlif diametrdə iydə ağacını və 113 yuva yaş yulğun kollarını kəsərək, ərazini çəpərləməsi faktı müəyyən edilmişdir. Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, qərar qəbul olunması üçün İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilmişdir. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 145 nömrəli və 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarların 1 və 7 nömrəli əlavələri əsasında aparılmış hesablamalara əsasən 888 manat 15 qəpik məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi və qanunsuz istifadə etdiyi torpaqdan çıxması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixli, 45 nömrəli məktubla müraciət olunsa da, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonunun Böyük Dəkkə kəndində yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ-cü qrup əlildir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən onun barəsində İXM-nin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, güya, o, 2022-ci ilin yanvar ayında Ağcabədi RMTM-nin 3 saylı meşəbəyliyinin 5 saylı meşə dolayında qanunsuz olaraq yaş ağac və yulğun kolları kəsmiş və meşə ərazisində yem bitkisi olan arpa əkmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərara əsasən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuş, həmin qərardan şikayət vermişdir. Məhkəmə araşdırması zamanı sözügedən inzibati xətanın törədilməsinin ona aidiyyəti subuta yetirilmədiyi üçün Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayəti təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 9 saylı Ərazi Ekologiya və X4 rəisinin sözügedən inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, o, Ağcabədi RMTM-nin 3 saylı meşəbəyliyinin 5 saylı meşə dolayında heç bir ağac və yulğun kolları kəsməmiş, nə də ki, meşə ərazisində arpa bitkisi əkməmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2022-ci ilin yanvar ayında Ağcabədi Regional X3 3 saylı meşəbəyliyinin 5 saylı meşə dolayısının 34-cü kvartalında X17 sahəsinin 0.90 ha ərazisinin şumlanaraq təbii bərpa və cücərtilərini məhv edilməsi, həmin əraziyə arpa səpilməsi, 326 ədəd yaş yulğun kollarını kəsərək kənara toplanması, 4 ədəd müxtəlif diametrdə iydə ağacının və 113 yuva yaş yulğun kollarının kəsilərək, ərazinin çəpərləməsi faktı müəyyən edilmişdir. Həmin fakta görə hazırkı cavabdeh barəsində Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola əsasən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərara əsasən hazırkı cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuş, həmin qərardan verilmiş şikayətə Zərdab Rayon Məhkəməsində baxılmış və sözügedən inzibati xətanın törədilməsinin hazırkı cavabdehə aidiyyəti subuta yetirilmədiyi üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayəti təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 9 saylı Ərazi Ekologiya və X4 rəisinin sözügedən inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Məhkəmə hesab edir ki, hazırkı iddia predmetinə görə elə iddialardandır ki, burada sübutetmə yükü iddiaçının üzərinə düşür.

7. İddiaçı onlara məxsus meşə sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini, ərazidə şum apardığını, təbii bərpa və cücərtilərini məhv etdiyini, həmin əraziyə arpa səpdiyini, 326 ədəd yaş yulğun kollarını kəsərək kənara topladığını, bundan başqa 4 ədəd müxtəlif diametrdə iydə ağacını və 113 yuva yaş yulğun kollarını kəsərək, ərazini çəpərlədiyini iddia etsə də, iddiasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir.

8. İddiaçının iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasında verdiyi izahatla yanaşı, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarları ilə tam şəkildə təkzib edilmişdir.

9. Məhkəmə tərəfindən təklif olunsa da, iddiaçı tərəf izahat verməkdən savayı iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu yəni iddia olunan qanunsuz hərəkətlərin cavabdeh tərəfindən törədilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir.

10. İddiaçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən 000145 saylı, xx.xx.2022-ci il tarixli Akta və fotoşəkillərə gəlincə, məhkəmə hesab edir ki, həmin Akt və fotoşəkillər sözügedən qnunsuz hərəkətin məhz hazırkı cavabdeh tərəfindən törədilməsinə dəlalət etmir. Ona görə də məhkəmə həmin Akt və fotoşəkilləri iddianın təmin olunmasının əsası kimi qəbul etmir.

11. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, iddiaçının və cavabdehin məhkəmə iclasında verdikləri izahatlara, işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı iddia olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni onlara məxsus meşə sahəsinin bir hissəsinin zəbt edilərək ərazidə şum aparılmasına, təbii bərpa və cücərtilərini məhv edilməsinə, həmin ərazidə arpa səpinin aparılmasına, 326 ədəd yaş yulğun kollarını kəsərək kənara toplanmasına, bundan başqa 4 ədəd müxtəlif diametrdə iydə ağacının və 113 yuva yaş yulğun kollarını kəsilərək, ərazininin çəpərlənməsinə dair hərəkətin məhz cavabdeh tərəfindən törədilməsini məhkəmə iclasında sübüta yetirə bilməmişdir.

12. İddiaçıya maddi ziyanın vurulmasına əsas verən hərəkətin hazırkı cavabdehə aidiyyəti sübut olunmadığından məhkəmə hesab edir ki, iddianın nə faktiki, nə də ki, hüquqi əsası yoxdur.

13. Tələb olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni iddiaçıya məxsus meşə sahəsinin bir hissəsinin zəbt edilərək ərazidə şum aparılmasının, təbii bərpa və cücərtilərini məhv edilməsinin, həmin ərazidə arpa səpinin aparılmasının, 326 ədəd yaş yulğun kollarını kəsərək kənara toplanmasının, bundan başqa 4 ədəd müxtəlif diametrdə iydə ağacının və 113 yuva yaş yulğun kollarını kəsilərək, ərazininin çəpərlənməsinin cavabdehə aidiyyəti sübut olunmadığından vurulduğu iddia olunan maddi zərərin miqdarı barədə məhkəmə araşdırma aparmadı.

14. Zərdab Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(035-283/2022 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) iddiaçı Ağcabədi Regional X3 Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz istifadə etdiyi torpaqdan çıxarılması barədə” iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. İşdə olan Ağcabədi RMTM-nin 3 saylı meşəbəyliyinin 5 saylı meşə dolayının 34cü kvartalında Ağcabədi RMTM-nin əməkdaşları mühafizə mühəndisi V.Rüstəmov, meşəbəyi E.Hüseynov və meşə gözətçisi O.Məmmədovun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 000145 saylı Aktdan görünür ki, Ağcabədi RMTM-nin 3 saylı meşəbəyliyinin 5 saylı dolayının 34-cü kvartalında meşə ərazisində 2.11 ha sahədə qanunsuz yem bitkisi olan arpa əkildiyi barədə Ağcabədi RMTM-nin 3 saylı meşəbəyliyinin 5 saylı dolayın meşə gözətçisinin 2022-ci ilin yanvar ayında Mərkəzə verdiyi məlumatın araşdırılması məqsədilə trəflərindən baxış keçirilmiş, müəyyən olunmuşdur ki, 34-cü kvartalında 2.11 ha ərazini qanunsuz əkərək zəbt edən şəxs ünvan 1 ünvanda qeydiyyatda olan, Zərdab rayon Böyük Dəkkə kəndində yaşayan xx.xx.1973-cü il təvəllüdlü Cavabdehdur. ... Cavabdeh ərazini şumladan zaman 0.90 ha ərazidə təbii bərpa və yeniyetmə cücərtiləri məhv etdiyi, 326 ədəd yaş yulğun kolunu qanunsuz kəsərək kənarda topa yığdığı tərəflərindən aşkar olunmuş, foto şəkilləri çəkilmişdir. Bundan başqa diametrləri 8 sm ölçüdə 1 ədəd, 16 sm ölçüdə 1 ədəd, 20 sm ölçüdə 2 ədəd, cəmi dörd ədəd yaş iydə ağacı və 113 yuva yaş yulğun kollarını həmin sahəyə çəpər çəkmək məqsədi ilə kəsdiyi tərəflərindən müəyyən olunmuşdur. Qüvvədə olan həcm-qiymət cədvəlinə əsasən 0.216 m³ş oduncaq və 0.057 m³şax çırpı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilməsi qaydaları haqqında” xx.xx.2004-cü il tarixli 145 nömrəli, xx.xx.2019-cu il tarixli 30 nömrəli qərarların 1 nömrəli əlavəsinə əsasən meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərin ödənilməsinə görə hər hektar üçün suvarılan torpaqlarda 220.0 manat, 7 nömrəli əlavəsinə əsasən 1 m³ nazik yarpaqlı oduncaq üçün 4.66 manat köküsti nırx dəyəri ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində vurulmuş zərərə görə diametri 4.1-8 sm ölçüdə ağac üçün 1.0 manat, 8.1-12 sm ölçüdə ağac üçün 3.0 manat, 12.1-18 sm ölçüdə ağac üçün 6.0 manat, 18.1-20 sm ölçüdə ağac üçün 7.0 manat hər yuva kol üçün 3.0 manat ziyan qiymətləri müəyyən edilmişdir. Qüvvədə olan həcm-qiymət cədvəlinə və yuxarıda göstərilən qərarlara əsasən ümumilikdə X16 888 manat 15 qəpik ziyan dəydiyi göstərilmişdir.

16. İşdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Ağcabədi RMTM-nin 3 saylı meşəbəyliyinin meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliy 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinmiş və onun 700 manat çərimə edilməsi qərara alınmışdır.

17. Həmin inzibati xəta haqqında iş üzrə qərardan Cavabdeh tərəfindən verilmiş şikayətə Zərdab rayon Məhkəməsində baxılaraq, məhkəmənin 3(035)-122/2022 saylı, xx.xx.2022-ci il il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 9 saylı Ərazi Ekologiya və X4 rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

18. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(035)- 122/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Ağcabədi Regional X7 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı Ağcabədi Regional X7 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağcabədi Regional X3 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Mərkəzin 3 saylı meşəbəyliyinin 5 saylı meşə dolayının 34-cü kvartalında reyd keçirilən zaman Zərdab rayonu Böyük Dəkkə kənd sakini Cavabdeh qanunsuz olaraq X17 sahəsinin 0,90 ha ərazisini şumlayaraq təbii bərpa və cücərtilərini məhv etməsi, həmin əraziyə arpa bitkisini səpməsi, 326 ədəd yaş yulğun kollarını kəsərək, kənara toplaması, bunda başqa, 4 ədəd müxtəlif diametrdə iydə ağacını və 113 yuva yaş yulğun kollarını kəsərək, ərazini çəpərləməsi faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 145 nömrəli və 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarların 1 və 7 nömrəli əlavələri əsasında aparılmış hesablamalarla ümumilikdə 888 (səkkiz yüz səksən səkkiz) manat 15 (on beş) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən, xx.xx.2022-ci il tarixli 45 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi və qanunsuz istifadə etdiyi torpaqdan çıxması tələb edilmiş, lakin o bundan imtina etmişdir. Bu səbəbdən də, toplanmış material M.Mehtiyevin qanunsuz istifadə etdiyi torpaq sahəsindən çıxması və təbiətə vurduğu maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilmsə məqsədi ilə Azərbaycan Respublikası MPM-nin 149-151-ci maddələrini rəhbər tutaraq, xx.xx.2022-ci il tarixdə 27/1/08 saylı iddia ərizəsi ilə birlikdə Zərdab rayon Məhkəməsinə göndərilmişdir. Zərdab rayon Məhkəməsi tərəfindən mülki iddia materialında qeyd edilən xüsusatları aydınlaşdırmayaraq, xx.xx.2022-ci il tarixdə iddianın təmin edilməməsi barədə 2(035)- 283/2022 saylı qətnamə qəbul edilmişdir.

21. Məhkəmə Cavabdeh qanunsuz olaraq X17 sahəsinin 0,90 ha ərazisini şumlayaraq təbii bərpa və cücərtilərini məhv etməsi, 326 ədəd yaş yulğun kollarını 4 ədəd müxtəlif diametrdə iydə ağacını və 113 yuva yaş yulğun kollarını kəsərək, təbiətə 888,15 manat maddi ziyan vurması faktına hüquqi qiymət verməmişdir.

22. Zərdab rayon Məhkəməsi araşdırma aparan zaman material üzrə müvafiq ekspertizalar təyin etmədən və yerində müayinə keçirmədən qətnamə qəbul etmişdir.

23. Məhkəmə Cavabdeh qanunsuz olaraq X17 sahəsinin 0,90 ha ərazisini şumlayaraq, həmin əraziyə arpa bitkisini səpməsi və ərazini çəpərləməsi faktına hüquqi qiymət verməmişdir.

24. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(035- 283/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(035-283/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(035-283/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. İddiaçı Ağcabədi Regional X3 nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı Ağcabədi Regional X3 direktoru Cahid Məmmədov məhkəməyə məktub göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsində deyilir: Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində deyilir: Hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 55-ci maddəsində deyilir: hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyə qərarları və onlarla bağlanılan müqavilə əsasında yaranır. 1096.1-ci maddəsində deyilir: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097-ci maddəsində deyilir: Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

29. Azərbaycan Respublikası Meşə Məcəlləsi: 52-ci maddəsində deyilir: Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. 78-ci maddəsində deyilir: Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. 79-cu maddəsində deyilir: Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. İddiaçı Zərdab Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(035-283/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qtnamənin 20-23-cü bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 5-ci bəndində göstərilənlərdən aydın olduğu kimi, sözügedən inzibati xətanın törədilməsinin hazırkı cavabdehə aidiyyəti subuta yetirilməmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarlar hal-hazırda qüvvədədir.

35. Bu qətnamənin 10-cu bəndində göstərildiyi kimi, sözü gedən torpaq sahəsində görülmüş bu qətnamənin 3-cü bəndində geniş şəkildə göstərilmiş işlərin və vurulmuş ziyanın mövcudluğu faktı özlüyündə həmin faktların hazırki iş üzrə cavabdehin təqsiri olduğunu sübut etmir.

36. İddiaçıya maddi ziyanın vurulmasına əsas verən hərəkətin hazırkı cavabdehə aidiyyəti sübut olunmadığından, beləcə də, iddianın nə faktiki, nə də ki, hüquqi əsası olmadığından, məhkəmə araşdırması bitmiş hesab olunur və iddiaçının apellyasiya şikayətində göstərdiyi kimi ekspertiza keçirilməsi və ya torpaq sahəsinə yerində baxış keçirilməsi məsələsinə baxılmır.

37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Ağcabədi Regional X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(035-283/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Ağcabədi Regional X7 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(035-283/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamənin iddia tələbinin cavabdehin qanunsuz istifadə etdiyi torpaqdan çıxarılmasına aid hissəsindən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar