Məhkəmə qərarları › İş №2(107)-1449/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1449/2020

16.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1449/2020 16.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tаrixli 2(024)-5/2003 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 məxsus evdən ümumi istifadə hüququnun tanınması barədə, Cavabdeh1 İddiaçı qızına qarşı Qax Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı qızının Cavabdeh1 məxsus olan Qax rayonu İlisu kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 10 aprel 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsinə əsasən İddiaçı qızının Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 məxsus evdən ümumi istifadə hüququnun tanınması tələbi”nə dair ilkin iddiasının rədd edilməsi, Cavabdeh1 İddiaçı qızına qarşılıqlı iddiasının təmin edilərək İddiaçı qızının Cavabdeh1 məxsus olan Qax rayonu İlisu kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin 10 aprel 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsindən İddiaçı qızı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 03 iyul 2003-cü il tarixli 1MK- 2470/2003 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 10 aprel 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 03 iyul 2003-cü il tarixli 1MK- 2470/2003 nömrəli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 26 dekabr 2003-cü il tarixli 6-1925 nömrəli qərarı ilə kassasiya şikayəti təmin ediliməmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 03 iyul 2003-cü il tarixli 1MK-2470/2003 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qax Rayon Məhkəməsinin 10 aprel 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Maraqlı şəxs apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 10.04.2003-cü il tarixli 2-5/2003-saylı qətnaməsi onun 11.02.2020-ci il tarixli müraciəti əsasında 24.02.2020-ci il tarixdə ona təqdim edilmişdir. Hesab edir ki, həmin qətnamə ilə onun maraqları pozulmuş, beləliklə mülkiyyət hüququndan və vərəsəlik hüququndan məhrum edilmişdir. Belə ki, sabiq arvadı İddiaçı qızı cavabdeh, mərhum anası Cavabdeh1 və qardaşı Cavabdeh2 qarşı mənzildən ümumi qaydada istifadə hüququnun tanınması və Cavabdeh1 İddiaçı qarşı özünə məxsus olan yaşayış evində yaşamaq hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sözügedən qətnamədən görünür ki, qardaşı Cavabdeh2 cavabdeh olmuşdur. Lakin Cavabdeh2 anasına məsus olan Qax rayonu İlisu kəndində yerləşən yaşayış evi ilə heç bir əlaqəsi olmamış və 1970-ci il tarixdən sonra ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. Bundan əlavə Qax Rayon Məhkəməsinin 10.04.2003-cü il tarixli 2-5/2003saylı qətnaməsindən görünür ki, o sabiq arvadı İddiaçı qızı ilə birlikdə birgə nikahda olduğu dövrdə, yəni 1994-cü ildə Qax rayonu Qaxingiloy kəndində 1500 ABŞ dolları müqabilində ev almışlar. Qeyd olunan hala görə məhkəmə hesab etmişdir ki, o, uşaqları və sabiq arvadı İddiaçı anasına məxsus olan Qax rayonu Qaxbaş kəndində yerləşən evdə yaşamaq hüququnu itirmişlər. Lakin qeyd olunan hallar mövcud vəziyyətə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29.05.2002-ci il tarixdə verilmiş 87 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən ümumi sahəsi 382 kv.m olan ev Qax rayon Notariat Kontorunun reyestr 4Ə-53 nömrəli bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə verilmişdir. Göründüyü kimi o yuxarıda qeyd olunan məhkəmələrin göstərdikləri kimi Qax rayonu Qaxbaş kəndində yerləşən evi 1994-cü il tarixdə deyil, 29.05.2002-ci il tarixdə bağışlama müqaviləsi əsasında əldə etmişdir. Hazırkı qətnaməyə görə daha öncə Qax Rayon Məhkəməsində qaldırmış olduğu “miras əmlakdan məcburi pay tələbi”nə dair və övladları Aysel, İmamət və x4 Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər DƏDRX-nin 12 saylı x8, Qax rayon Dövlət Notariat kontoruna, x3, x1 “DƏDRX-nin 12 saylı x9 tərəfindən x2 adına 13.10.2006-cı il tarixli verilmiş MH serialı ******* nömrəli çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Günay Ramazanovaya bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun 21.08.2011-ci il tarixli bağışlama müqaviləsinin, Elnur Ramazanovun adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 oktyabr 2016-cı il tarixli ********** saylı çıxarışın və Günay Ramazanovanın adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01.12.2011ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi tələbinə dair” iddiaları rədd edilmişdir. Belə olan halda onun və övladlarının qanuni hüquqları pozulmuşdur. Həmin qətnamə ilə onun hüquqları pozulduğu halda məhkəmə ona iş barədə heç bir məlumat verməmiş və bununla da bir sıra hüquqları (mülkiyyət, vərəsəlik, müdafiə v.s) pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin 10.04.2003-cü il tarixli 2-5/2003 saylı qətnaməsinin maraqları və hüquqları pozulduğu hissədə ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 08 iyun 2020ci il tаrixli2(024)-5/2003 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs məhkəmənin 08 iyun 2020-ci il tаrixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və Qax Rayon Məhkəməsinin 10 aprel 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tаrixli2(024)-5/2003 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs izahatında şikayətin təmin edilməsini və Qax Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tаrixli2(024)-5/2003 saylı qərardadının ləğv edilməsi, Qax Rayon Məhkəməsinin 10 aprel 2003-cü il tarixli 2-5/2003 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatına götürülərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı qızı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tаrixli2(024)-5/2003 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 19 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs Qax Rayon Məhkəməsinin icraatında olmuş 2-5/2003 nömrəli mülki iş üzrə tərəf və ya işdə iştirak edən şəxs olmamış, Qax Rayon Məhkəməsinin 10.04.2003-cü il tarixli 2-5/2003-saylı qətnaməsi ilə onun sabiq arvadı İddiaçı və övladlarının Cavabdeh1 məxsus olan Qax rayonu İlisu kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi isə onun maraqlarına toxunmur. Göründüyü kimi, həmin iddia tələbində Maraqlı şəxs qarşı hər hansı tələb irəli sürülməmiş, eyni zamanda da həmin məhkəmə qətnaməsinin onun maraqlarına toxunması ilə bağlı hər hansı bir hal aşkar edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Qax Rayon Məhkəməsinin 10 aprel 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsi Maraqlı şəxs hüquq və mənafelərinə, maraqlarına toxunmur. Maraqlı şəxs həmin iş üzrə tərəf və ya üçüncü şəxs olmadığı halda, məhkəmənin 10 aprel 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş, qətnamənin onun hüquq və mənafelərinə, maraqlarına toxunması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Sözügedən qətnamənin Maraqlı şəxs hüquqlarını və qanuni mənafeyini pozması işin halları ilə müəyyən edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmadığından o hazırkı iş üzrə tərəf kimi qəbul edilmiş qətnamədən şikayət vermək hüququna malik olan şəxs deyildir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tаrixli 2(024)-5/2003 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 19 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar