Məhkəmə qərarları › İş №2(107)-1451/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1451/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1451/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеh Cavabdeh qarşı “borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borcun ödənilməsi, dəymiş ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cаvаbdеh Cavabdeh oğlunun iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-52/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsindən cаvаbdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cаvаbdеh Cavabdeh qarşı «borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh müqavilə üzrə 1190 (bir min bir yüz doxsan) manat miqdarında borcun, məhv etdiyi 1500 bağ yoncanın dəyəri olan 6000 (altı min) manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 01 oktyabr 2016-cı ildə torpaq icarəsinə dair icarə müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh illik 170 manat olmaqla 1700 manat müqabilində 0059 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 4.44 ha torpaq sahəsini 10 illik ona icarəyə verməyi öhdəsinə götürmüşdür. Bu minvalla o cavabdehə 1700 manat pul vermişdir. Cavabdeh də bu məbləği aldığına və həmin məbləğin müqabilində torpaq sahəsini 10 illik ona icarəyə verdiyinə dair müqavilə imzalamışdır. O da həmin torpaq sahəsini yonca əkini üçün istifadə etməyə başlamışdır. 2020-ci ilin aprel ayından cavabdeh yonca sahəsini traktorla şumlayaraq onun yonca əkinini məhv edərək torpaq sahəsinə yiyələnmişdir. Bununlada aralarında bağlanmış 10 illik icarə müqaviləsinə də son verdiyini bildirmişdir. Ancaq cavabdeh müqavilə üzrə ödədiyi pulu qaytarmaq niyyətində deyil. Dəfələrlə çalışsa da, cavabdehə olan pulunu ala bilmir. Eyni zamanda 6000 manatlıq gəlirdən də məhrum olmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tаrixli, 2(014)-52/2021 saylı qətnaməsi ilə, (hakim N.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 4200 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 10 AZN-i alınıb İddiaçı xeyrinə verilməsi və dövlət rüsumunun qalan hissəsi - 20 AZN iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 oktyabr 2016-cı ildə torpaq icarəsinə dair icarə müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh illik 170 manat olmaqla 1700 manat müqabilində 0059 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 4.44 ha torpaq sahəsini 10 illik ona icarəyə verməyi öhdəsinə götürmüşdür. Beləliklə iddiaçı cavabdehə birdəfəlik 10 illik icarə üçün 1700 manat pul verdiyini bildirmiş, lakin həmin pulun verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı və cavabdeh torpaq sahəsinin faktiki icarədə olmasını mübahisələndirməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar (torpaq sahəsini iddiaçının faktiki sahibliyindən götürərək şumlaması, bununla da yonca sahəsininin cavabdeh tərəfindən məhv edilməsi ) məhkəmə iclasında öz təsdiqini tapmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Dəymiş ziyanın məbləğinə gəldikdə birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçı ona dəymiş 6000 (altı min) manat maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, bu həddə ziyanın dəyməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4200 manat maddi zərər və ödənilmiş dövlət rüsumunun 10 AZN-i alınıb İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumun 20 AZN-i iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndi, Mülki Məcəlləsinin 21.1ci, 21.2-ci, 157-ci, 158-ci, 159-cu, 722-ci, 560.1-ci, 560.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassizdır. Belə ki, məhkəmədə işə baxılarkən iddiaçının tələbinin nə dərəcədə düzgün olması araşdırılmamış və iddiaçının əsassız iddia tələbi təmin edilmişdir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tаrixli, 2(014)- 52/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs qismində cəlb edilmiş X2, Şeydayeva Xudabər Hacıəhməd qızı, X3, Şeydayev Fuad Baqif oğlu, X7 və X6 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 722.2-ci maddəsinə əsasən əgər torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə icarənin hər hansı ili ərzində xitam verilirsə, icarəyə verən hələ yaranmamış, lakin təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarə ilinin sonunadək əldə edilə bilən bəhərlərin dəyərini icarəçiyə ödəməlidir. Bu zaman məhsulla bağlı risk ağlabatan şəkildə nəzərə alınmalıdır. Əgər bəhərlərin dəyərini müəyyənləşdirmək mövsüm səbəblərinə görə mümkün deyildirsə, icarəyə verən icarəçinin bu bəhərlər üzrə xərclərinin əvəzini təsərrüfatın lazımınca aparılması qaydalarına uyğun gələn dərəcədə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 52/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq 4200 manat təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tаrixli, 2(014)-52/2021 saylı qətnaməsi dəyişdirilərək cavabdehdən alınacaq pulun məbləği 3781 manat müəyyən edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 oktyabr 2016-cı ildə torpaq icarəsinə dair icarə müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh illik 170 manat olmaqla 1700 manat müqabilində 0059 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 4.44 ha torpaq sahəsini 10 illik ona icarəyə verməyi öhdəsinə götürmüşdür. İddiaçı və cavabdeh torpaq sahəsinin faktiki icarədə olmasını mübahisələndirməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar (torpaq sahəsini iddiaçının faktiki sahibliyindən götürərək şumlaması, bununla da yonca sahəsinin cavabdeh tərəfindən məhv edilməsi ) məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh kollegiyanın iclasında verdiyi izahatında həqiqiqətən də torpaq sahəsini özü əkib-becərmək üçün yonca sahəsini şumlamışdır. Bununla da iddiaçıya 3781 manat ziyan dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iddiaçı hazırkı qətnaməni mübahisələndirməmiş, onun nəticələri ilə razılaşmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti qismən əsaslıdır. İş materiallarında olan X13 İnkişaf Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2020-ci il tarixli 113 saylı vətəndaşa dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayon Yenicə kənində müvəqqəti məskunlaşan İddiaçı Yenicə kənd sakini Cavabdeh tərəfindən müvəqqəti istifadə üçün verilmiş 4.44 ha torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı baxış keçirilmişdir və halhazırda sahədə arpa bitkisi əkildiyi üçün vətəndaşa dəymiş ziyanın müəyyən edilməsi mümkün olmamışdır. Əkin sahəsinə baxış zamanı məlum olmuşdur ki, JN-0059, KOD- 90300038 Dövlət Aktının 0059 konturunda yerləşən 4.44 ha torpaq sahəsində halhazırda arpa bitkisi əkilmişdir. Bu səbəbdən yonca bitkisinə dəymiş ziyanı müəyyən etmək mümkün deyildir. İş materiallarında olan X14 İnkişaf Mərkəzi tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli 137 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Yenicə kəndində müvəqqəti məskunlaşan İddiaçı Yenicə kənd sakini Cavabdeh tərəfindən müvəqqəti istifadə üçün verilmiş 4.44 ha torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı 28 oktyabr 2020-ci il tarixdə baxış keçirilmişdir. Əkin sahəsinə baxış zamanı məlum olmuşdur ki, sahəsində hal-hazırda arpa bitkisi əkilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairə üzrə nümayədəliyinin 07 dekabr 2020-ci il, 341 nömrəli arayışına əsasən Cavabdeh məxsus JN 0059 Dövlət aktının 4.40 sahəsində 2020-ci ilin yazlıq əkinində çəltik, 2020-ci il payızlıq əkini üçün isə arpa bitkisinin əkildiyi və EKTS də 2020-2021 əkin ili üzrə əkinin arpa bitkisi kimi bəyan olunduğu bildirilmişdir. Rayon üzrə yoncanın orta məhsuldarlığı 79 sen/ha kimi qiymətləndirilsə də, sahədə yonca bitkisi olmadığı üçün sahənin orta məhsuldarlığı müəyyən edilə bilməmiş və bu səbəbdən yonca bitkisinə dəymiş ziyanlığın məbləği müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan Ağdaş RİHB-nın Yenicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2020-ci il tarixli 341 saylı arayışdan məlum olur ki, Cavabdeh JN-0059 olan Dövlət Aktındakı 4.44 ha torpaq sahəsini 2020-ci ilin yazında çəltik, 2020-2021-ci illərdə isə taxıl əkini əkilmişdir. DAİM-in işçiləri tərəfindən sahəyə baxış keçirilən zaman taxıl əkildiyi sübut olunmuşdur. İş materiallarında olan X14 İnkişaf Mərkəzi tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli 12 saylı arayışdan məlum olur ki, 1 hektar üçün 1 biçimin məhsuldarlığının 19.75 sen/ha olduğunu nəzərə alaraq 3.80 hektar sahədən 7505 kq yonca əldə etmək olardı. Yonca bağlamasının (presinin) 1 ədədinin orta hesabla 18 kq olduğunu nəzərə alsaq 3.80 hektar yonca sahəsindən 416 ədəd yonca bağlaması (presi) əldə etmək olardı. Bağlamanın (presin) 1 ədədinin rayon üzrə satış qiymətinin 3.80 manat olduğunu nəzərə alaraq vətəndaş 1580 manat gəlir əldə edə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X14 İnkişaf Mərkəzi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli 18 saylı arayışdan məlum olur ki, Ağdaş rayonun Yenicə kəndində 3.80 hektar sahədən 2-ci biçim üçün 316 ədəd, 3-cü biçim üçün isə 263 ədəd yonca bağlaması əldə etmək mümkündür. 3.80 hektar sahədən 500 ədəd yonca bağlaması əldə ediləcəyi təqdirdə həmin sahənin 1-ci biçim üçün məhsuldarlığı 90 sen/ha olar. (Rayonun yonca üçün orta statistik məhsuldarlıq göstəricisi 79 sen/ha təşkil edir). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə X14 İnkişaf Mərkəzi tərəfindən verilmiş arayışlar daha mötəbər sübut hesab edilməlidir. Belə ki, X14 İnkişaf Mərkəzi kənd təsərrüfatı sahəsində ixtisaslaşmış təşkilatdır. Məhkəmə kollegiyası qeyd edir ki, X14 İnkişaf Mərkəzi təqdim edilmiş sənədlər əsasında tədqiqat aparmış və müvafiq rəy vermişdir. Belə olan halda məhkəmə kollegiyası rəyin verilməsi və rəydə göstərilən nəticələrin əksinə dair hər hansı bir mötəbər sübutun olmamasını nəzərə alır. Beləliklə kollegiya cavabdehin də etirafını (yəni yonca sahəsinin ildə 3 dəfədən az biçilmədiyini) nəzərə alaraq belə qənaətə gələrək hesab edir ki, qətnamə tutulan məbləğə münasibətə dəyişdirilməlidir. Birinci biçim üçün 416x3,8=1580.80, ikinci biçim üçün 316x3.8=1200.8, üçüncü biçim üçün 263x3.8=999.4 ədəd cəmi bərabərdir 3781 manat. Beləliklə kollegiya hesab edir ki, qətnamə 4200 manat hissədə dəyişdirilməli, cavabdehdən alınacaq pulun məbləği 3781 manat müəyyən edilməlidir. Cavabdehin şikayətinin yeganə dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 oktyabr 2016-cı ildə torpaq icarəsinə dair icarə müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh illik 170 manat olmaqla 1700 manat müqabilində 0059 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 4.44 ha torpaq sahəsini 10 illik ona icarəyə verməyi öhdəsinə götürmüşdür. İddiaçı və cavabdeh torpaq sahəsinin faktiki icarədə olmasını mübahisələndirməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar (torpaq sahəsini iddiaçının faktiki sahibliyindən götürərək şumlaması, bununla da yonca sahəsininin cavabdeh tərəfindən məhv edilməsi ) məhkəmə iclasında öz təsdiqini tapmışdır. İşin bu halını cavabdehin özü də təsdiq etmişdir. Belə ki, kollegiyanın iclasında cavabdeh verdiyi izahatında həqiqiqətən də torpaq sahəsini özü əkib-becərmək üçün yonca sahəsini şumladığını qeyd etmişdir. Bununla da iddiaçıya 3781 manat ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri iddianın tam rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq 4200 manat təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tаrixli, 2(014)-52/2021 saylı qətnaməsi tutulan pulun məbləğində dəyişdirilərək cavabdehdən alınacaq pulun məbləği 3781 manat müəyyən edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tаrixli, 2(014)-52/2021 saylı qətnaməsi cavabdehdən alınacaq pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 3781 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar