Məhkəmə qərarları › İş №2(107)-1452/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1452/2020

15.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1452/2020 15.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadından İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 6372,71 ABŞ dolları məbləğində əsas borcun, 7702,87 ABŞ dolları məbləğində faiz borcunun və 250 ABŞ dolları məbləğində cərimə borcunun, habelə 200 manat məbləğində əlavə cərimə borcunun tutulması, tələbin Cavabdeh məxsus dövlət nömrə nişanı **-BN-*** olan “Hyundai Elantra” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı ASC iddia ərizəsinə iddianı təmin etmə tədbiri qismində əmlak üzərinə həbs qoyulması barədə ərizə əlavə edərək, dövlət nömrə nişanı **-BN-*** olan “Hyundai Elantra” markalı avtomobilin üzərinə ipoteka saxlayanın saxlancına verilməklə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair” mülki iş üzrə iddianın təmini tədbiri olaraq dövlət nömrə nişanı **-BN-*** olan “Hyundai Elantra” markalı avtomobilin üzərinə ipoteka saxlayanın saxlancına verilməklə həbs qoyulması barədə İddiaçı ASC-nin iddianın təmini tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadından xx xxxx 2020-ci il tarixdə İddiaçı ASC-nin şikayəti həmin Məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, iddianı təminetmə tədbirinə dair ərizənin təmin edilməməsinin əsası kimi borclunun avtomobili vicdansızcasına istismar etməsi, pisləşdirməsi və ya başqa cür zərər vurması ehtimalının bank tərəfindən sübut edilməməsi göstərmişdir. Halbuki, həmin ehtimalın sübutuna ehtiyac yoxdur. Banka 14.325 (o dörd min üç yüz iyirmi beş) ABŞ dollarından çox borcu olan, uzun müddət ödəniş etməmiş borclu, yəqin ki, artıq avtomobildən əlini üzüb. O bilir ki, gec-tez maşını əlindən alacaqlar. Ona görə də o, maşını etibarnamə ilə istədiyi şəxsə sata, hissələrə ayırıb özgəninkiləşdirə, başqa cür dəyərini azalda bilər. Bu ehtimalı inkar etmək düzgün deyil. Göründüyü kimi, məlum olan faktların əlavə sübuta ehtiyacı yoxdur. Şərh olunanlardan belə bir nəticə ortaya çıxır ki, cavabdehin həmin əmlakı vicdansızcasına istismar etmək, onun hissələrini dəyişmək və digər yollarla dəyərini azaltmaq və ya gizlətmək ehtimalı vardır. Bu hal qətnamənin icrasını və tələbin ödənilməsini qeyri-mümkün edə bilər. Ona görə də işə məhkəmədə mahiyyəti üzrə baxılanadək həmin avtomobilin üzərinə iddiaçı Bankın (ipoteka saxlayanın) saxlancına verilməklə həbs qoyulmasını zəruri sayırlar. Hesab edirlər ki, iddiaçıda və məhkəmədə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zəruridir. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair” iddiası üzrə çıxarılmış iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin təmin edilməməsi haqqında həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(075)-965/2020 nömrəli qərardadından İddiaçı ASC-nin verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdehşikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadının isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin fikirlərini dinləyərək hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki işdə olan xx xxxxxxxx 2013-cü il tarixli, 098025 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində olmaqla dövlət nömrə nişanı **-BN-*** olan “Hyundai Elantra” markalı avtomobil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın özgəninkiləşdirilməsi mümkünsüz olduğundan eyni bir əmlakın üzərinə iddianın təmini tədbiri şəkilində həbsin qoyulması tələbi məhkəmə kollegiyası tərəfindən də əsaslı hesab edilmir. Xüsusən də, ipoteka predmeti olan avtomobilin hazırkı vaxtda cavabdehdən alınıb iddiaçının saxlancına verilməsi tutmanın həmin avtomobilə yönəldilməsi barədə iddia tələbinin qabaqcadan mahiyyəti üzrə həll olunmasını ehtiva etmiş olacaqdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadı ilə İddiaçı ASC-nin iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi nəticəsinə gəlməkdə qanunauyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hazırda Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadından İddiaçı ASC-nin nümayəndəsi X1 həmin qərardadın ləğv edilməsi, Cavabdeh məxsus, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş dövlət nömrə nişanı **-BN-*** olan “Hyundai Elantra” markalı avtomobilin üzərinə həbs qoyulması və iddiaçının (ipoteka saxlayanın) saxlancına verilməsinə dair qərardad çıxarılmasıbarədə verdiyi şikayətin təmin olunmasına əsas və zərurət görmür. Ona görə də məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadını dəyişdirilmədən saxlamağı daha məqbul hüquqi mövqe hesab edir. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən,apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadından İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 157-158, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin “iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli, 2(075)-965/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar