Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1454/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi X8 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-696/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-696/2021 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia təmin olunmuş, İddiaçı Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətinə verilmiş seriya nömrəli JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətlərinə verilmiş seriya nömrəli JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələblərini müdafiə edərək izah etmişdir ki, Aqrar islahat komissiyasının 14 avqust 1998-ci il 15 saylı qərarı ilə ona və ailə üzvlərinə Ağdaş rayonu Qoşaqovaq kəndində seriya nömrəsi JN-144A Kod90310018 olan 1.09 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 1954-cü ildən mərhum valideyinlərinin mülkiyyətində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsində 1988-ci ildə 1 mərtəbəli 2 otaqlı yaşayış evi tikdirmişdir. Həyətyanı sahələrində ona məxsus 300 ədəd meyvə ağacı tərəfindən əkilmişdir. X1 08.10.2008-ci ildə, anası X2 09.11.2008-ci il tarixdə vəfat etmişdir. Hər ikisi ölən günə kimi onun və ailə üzvlərinin yanında birgə yaşamışlar. Xeyli müddətdir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus əvvəllər mərhum valideyinlərin yaşadıqları evə icazəsi olmadan yiyələnmişdir. Həmçinin onun torpaq sahəsinə 1 mərtəbəli 2 otaqlı yaşayış evinə daxil olmasına maneəçilik törədir. Bununla da yetinməyən cavabdeh həmçinin ona məxsus 300 ədəd meyvə ağaclarını məhv etməklə məşğuldur. Onunda həmin torpaq sahəsinə girişinə maneəçilik törətməklə də ona məxsus əmlaklarını qorumağına da maneəçilik törədir. Dəfələrlə cavabdehə qanunsuz olaraq əmlakından və torpaq sahəsindən istifadəyə maneəçilik törətməməyini, qanunsuz əməllərinə son verməsini, məsələnin aralarında sülh yolu ilə həll etməsini bildirsə də, cavabdeh onunla heç bir razılığa gəlməmişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 1968-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində anadan olmuşdur. Evin kiçik oğlu olduğundan, doğulandan bu günə qədər ata mülkündə yaşamışdır. Anası və atası qocalığını onun yanında keçirib, atası həmin mülkü ona verdiyinə görə anasının və atasının bütün əziyyətlərini çəkmişdir.Atası rəhmətə gedəndən sonra iddiaçı olan qardaşını zorla çağırıb dəfn mərasiminə gətirmişlər. Atasının və anasının sağlığında iddiaçı olan qardaşı İddiaçı 1984-cü ildən kənddən çıxıb, o vaxtdan nə atası ilə nə də anası ilə maraqlanmamışdır. 04 aprel 2003-cü il tarixdə mübahisə edilən torpaq sahəsi və onun üzərində yerləşən tikililər ona verilmişdir. İddiaçı iddia ərizəsində meyvə bağlarının məhv edilməsini qeyd etsə də, həmin meyvə bağları hal-hazırda yerindədir. Onlara heç bir zərər vurmamışdır. Qardaşının həmin torpaq sahəsindən istifadə etməsinə, daxil olmasına, əvvəllər heç bir mane törətməsə də, hal-hazırda digər qardaşı Şövkətlə aralarında yaranmış narazılığa əsasən qardaşı Şöyübün də əraziyə daxil olmasını istəmir. Həmin ərazidə meyvə bağından,yaşayış sahəsindən istifadə etmək istəyirsə, digər yerdən qapı açmaqla həmin sahəyə daxil ola bilər. Ona görə də iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən iddiaçının tələbinin nə dərəcədə düzgün olması nəzərə alınmamış və həmin süni maneələrin aradan qaldırılması tələbinə dair əsassız iddia tələbi təmin edilmişdir. İddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qətnamə ləğv olunmalıdır. Belə ki, o, özü Bakı şəhərində yaşayır, ayda bir dəfə ailəsilə birlikdə ona məxsus evinə gedir. Lakin o, hər dəfə gələndə ağacların qırıldığını, qapının açıq qoyulduğunu və evə oğruların girdiyini görmüş və iddiaçıdan niyə ona məxsus ərazidən yəni həyətdən keçdiyini soruşarkən, iddiaçı ona bir şillə vuraraq yaxşı elədiyini söylədiyi üçün, o da 102 xidmətini yığıb şikayət etmişdir. İddiaçının öz yerinin ayağında gediş yolu var və ordan istifadə etməyib, ona məxsus həyətdən istifadə edir və bu da onun evdə olmadığı halda ona məxsus əmlaka ziyan vurur və oğurluluq halları baş verir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)- 696/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X19 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-696/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-696/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-144A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarına əsasən Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində 1.09 hektar torpaq sahəsi X16, X2, İddiaçı, X3, X12, X9 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon, Qoşaqovaq kəndi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli aktın surətindən məlum olur ki, həqiqətən mərhum X13 məxsus olan həyətyanı torpaq sahəsinin bir hissəsində əlavə olaraq mərhumun oğlu İddiaçı Teyub oğlu fərdi ev tikdirdirmişdir və həyətyanı sahəsində bağ salmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Dövlət arxivi tərəfindən verilmiş 24 fevral 2021-ci il tarixli 40 saylı arxiv arayışının surətindən məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Qoşaqovaq kənd nümayəndəliyinin Qoşaqovaq kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 02 saylı təsərrüfatbaşına kitabının 149 saylı təsərrüfatı X6 adına olmaqla təsərrüfatında X16, X2, Cavabdeh, X14, X5, X3, X12, X9, İddiaçı, X20, Şöyübova Gülnar şöyüb qızı və X10 (gəlini)-nın olması və adına 0.25 ha həyətyanı torpaq sahəsi olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən sürətindən məlum olur ki, Ağdaş rayon, Qoşaqovaq kəndində yerləşən 2.1439 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında X16, X2, Cavabdeh, X14, X5, X3, X12, X9, İddiaçı, X20, Şöyübova Gülnar şöyüb qızı və X10 və X7 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 84 və 04 saylı arayışlardan məlum olur ki, mərhum X11 məxsus LN-144A saylı Torpağın Mülkiyyətə verilməsi haqqında Şəhadətnamədə göstərilən mülkə giriş-çıxış üçün övladları İddiaçı Teyub oğlu ilə Cavabdeh Teyub oğlu arasında problem yaşanır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 aprel 2003-cü il tarixli Aktdan məlum olur ki, ailə başçısı Şöyübov Teyub ,Şöyüb oğlunun həyətyanı torpaq sahəsini, həyətində olan bütün tikililəri, evləri, tövləni, navesi, təndirxananı və digər əmlakı, o cümlədən mal-qaranı, ümumiyyətlə ata yurdunda olan bütün əmlakın hamısının təmənnasız surətdə həyətin kiçik oğlu Cavabdeh bağışlanmasına etiraz edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 29-cu maddələrinə, “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 152.1, 152.5, 157.4, 222.1, 1133.1, 1134.1, 1146.1 və 1156.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1 və 103.4-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1156.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Aqrar islahat komissiyasının 14 avqust 1998-ci il 15 saylı qərarı ilə ona və ailə üzvlərinə Ağdaş rayonu Qoşaqovaq kəndində seriya nömrəsi JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçının torpaq sahəsindən istifadəsinə və girişinə maneəçilik törədir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətinə verilmiş seriya nömrəli JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni manelərin aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-696/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-696/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1454/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1454/2021
28.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver