Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-146/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli 2(016)-72/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 3 noyabr 2017-ci il tarixli 2(016)-72/2017 nömrəli qətnaməsi ilə (hakim Tahir İsmayılov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 353.59 ABŞ dolları məbləğində cərimənin 50 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq olaraq 11 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 9834.12 ABŞ dolları, faiz borcu 81.13 ABŞ dolları, cərimə borcu 50.00 ABŞ dolları, cəmi 9965.25 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumundan 97 faizi, 29.1 manat məbləğində pulun alınaraq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 13 faizi, yəni 0.99 manatın iddiaçıya aid edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatının qiyməti olan 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 27 faiz ödəməklə 36 ay müddətinə 12000 ABŞ dollar məbləğində kredit ayrılmışdır. 18 may 2015ci il tarixli ********* saylı 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli Əlavə sazişə əsasən kreditin qalıq məbləği 10423.64 ABŞ dolları müəyyən edilmiş və ödəmə müddəti 18 mart 2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. 20 sentyabr 2016-cı il tarixədək Cavabdeh1 banka 9834.12 ABŞ dolları məbləğində əsas, 81.13 ABŞ dolları məbləğində faiz, 353.59 ABŞ dolları məbləğində cərimə, cəmi 10268.84 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin məbləğin ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, həmin məbləğlərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması və tərəflər arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-in nümayəndəsi Vüqar Əliyev məhkəməyə ərizə ilə müraciət edərək iş həcminin çoxluğunu nəzərə alaraq birinci instansiya məhkəməsi iclasının iştirakları olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsi iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığı üçün ləğv edilməli, cavabdeh kimi onun pozulmuş hüquqları bərpa edilməklə iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddiaçı iddia ərizəsində guya ona kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etmədiyi və dəfələrlə xəbərdar edilməyinə baxmayaraq borcunu dəməkdən yayınmağını göstərmişdir. Halbuki, iddiaçının iddiasında göstərdiyi faktlar həqiqəti əks etdirmir. Belə ki, bankla aralarında avqust 2017-ci il tarixdə əlavə razılaşma bağlamışlar. Lakin məhkəmə əlavə razılaşmanı nəzərə almayaraq ilkin kredit müqaviləsi üzrə pulu ondan tutmuşdur. Hazırda o, əlavə razılaşma ilə müəyyən edilmiş qrafiq üzrə hər ay borcunu ödəyir. Məhkəmə isə qətnamə çıxararkən yalnızca iddiaçının təqdim etdiyi sübutlara qiymət verərək əsassız qətnamə qəbul etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 3 noyabr 2017-ci il tarixli 2(016)-72/2017 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə iş izrə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə teleqram göndərərək xəstə olduğuna görə məhkəmənin vaxtının uzadılmasını xahiş etmişdir və qeyd etdiklərini təsdiq edən heç bir sübutu məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 3 noyabr 2017-ci il tarixli 2(016)- 72/2017 nömrəli qətnaməsi əsas borcunun məbləği 9.824.99 ABŞ dolları, cəmi borcun məbləği 9956.12 ABŞ dolları müəyyən edilməklə dəyişdirilməli və qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı ASC-in Ağsu filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 36 ay müddətinə 27 faiz ödəmək şərti ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin 18 may 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 18 may 2015-ci il 01 nömrəli Əlavə Sazişə əsasən İddiaçı ASC-in Ağsu filialının Cavabdeh1 12000 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 10423.64 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti 18.03.2018-ci il tarixə kimi uzadılmışdır. İşdə olan İddiaçı ASC-in Ağsu filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli, 450005373/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər 11 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə 27 faiz ödəmək şərti ilə 12000 ABŞ dolları məbləğində verilmiş kreditin, hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat vermiş və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşımaları haqqında öhdəlik götürmüşdürlər. İşdə olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 11 mart 2016-cı il tarixli, 10736/38/450005373/70005522 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən cədvəl üzrə yaranmış ümumi borcun 25 gün ərzində icra edilməsi xahiş olunmuş, əks halda qanunvericikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan 20 sentyabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 9834.12 ABŞ dolları məbləğində əsas, 81.13 ABŞ dolları məbləğində faiz, 353.59 ABŞ dolları məbləğində cərimə, cəmi 10268.84 ABŞ dolları məbləğində borcu vardır. 12.01.2017-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 bank tərəfindən borcun düzgün hesablanmamasını qeyd edərək məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini xahiş etmiş, Ağsu Rayon Məhkəməsinin 12.01.2017-ci il tarixli, 2(016)- 72/2017 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2017-ci il tarixli, 3231 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 24.10.2016-cı il tarixə ödənilməli olan borc məbləği 13.184,56 ABŞ dolları, o cümlədən əsas əsas kredit borcu 9924.99 ABŞ dolları, faiz borcu 2595.68 ABŞ dolları, cərimə borcu 663.89 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 423.2, 425, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 462.1, 467, 739.1 və 743-cü maddələrinə, “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 27 faiz ödəməklə 36 ay müddətinə 12000 ABŞ dollar məbləğində kredit ayrılmışdır. 18 may 2015-ci il tarixli ********* saylı 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli Əlavə sazişə əsasən kreditin qalıq məbləği 10423.64 ABŞ dolları müəyyən edilmiş və ödəmə müddəti 18 mart 2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Həmin borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ əsasında qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin “353.59 ABŞ dolları məbləğində cərimə”nin tutulmasına dair hissədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını və cərimənin miqdarını müqayisə edərək məhkəmə hesab edir ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanan 11 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 353.59 ABŞ dolları məbləğində dəbbə pulu 50.00 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Birinci instansiya məhkəməsi toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdehlər kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiklərindən və bununla da idiaçının əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış 9834.12 ABŞ dolları, faiz borcu 81.13 ABŞ dolları, cərimə borcu 50.00 ABŞ dolları, cəmi 9965.25 ABŞ dolları məbləğində borc alınıb iddiaçıya verilməlidir. İddia ərizəsində göstərilən əsas kredit, faiz borcu və cərimə ilə məhkəmə prosesinin gedişində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 oktyabr 2017-ci il tarixli, 3231 saylı rəyi ilə müəyyən olunmuş əsas kredit, faiz borcu və cərimə arasındakı fərqə gəlincə məhkəmə hesab edir ki, verilmiş kredit və ona hesablanacaq faiz, cərimə məbləğləri iddiaçının mülkiyyətidir. İddiaçı öz mülkiyyətinə başqalarının hüququna toxunmadan öz istədiyi kimi sərəncam verə bilər. Hazırkı halda iddiaçının məhkəməmühasibatlıq ekspertizasının müəyyən etdiyi əsas borc məbləğındən, faiz borcundan və cərimə borcundan çox miqdarda tələb etməsi iddiaçının hüququna aid olan məsələdir. Mülki prosesual qanunvericiliyə əsasən məhkəmələrdə mülki işlərin başlanması, iddia tələbinin həcminin artırılması və azaldılması, iddia tələbindən tam və ya qismən imtina etmək, mübahisənin barışıq sazişi ilə bitirmək iddiaçının sərəncamı ilə mümkün olduğundan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbini dəyişdirmədən hazırkı vəziyyətdə, yəni iddia ərizəsində göstərilən tələblər çərçivəsində iddianı müdafiə etməsi hüquqa zidd deyildir. İddiaçı isə iddia tələbinin artırılması və ya azaldılması barədə məhkəməyə müraciət etməmişdir. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 11 mart 2016-cı il tarixli, 10736/38/450005373/70005522 saylı xəbərdarlıq məktubu ilə cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri halda kredit müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmələri haqqında xəbərdarlıq edilmiş, xəbərdarlıq onlara təqdim edilmişdir. Lakin cavabdehlər kredit müqaviləsi üzrə üzrə öhdəliklərini yenə də icra etməmiş və İddiaçı ASC-in mənafeyinə mühüm zərər vurmuşdurlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumundan iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 81 faizi, yəni 24.3 manat cavabdehlərdən alınıb iddiaçıya ödənməli, 19 faizi, yəni 5.7 manat iddiaçıya aid edilməlidir. Mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası aparılmış və aparılmış tədqiqatın dəyəri 50.00 (əlli) manat qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, aparılmış tədqiqatın dəyəri məhkəmə xərclərinə aid olduğundan məhkəmə tərəfindən cavabdehlərdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 4 noyabr 2020-ci il tаrixli, 2(107)- 2054/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq 19 aprel 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli 9/5616 nömrəli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "Borcalan” Cavabdeh1 tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə 29 sentyabr 2016-cı il tarixə ödənilməli olan borc məbləği 12.334,58 ABŞ dolları məbləğində kimi müəyyən edilir, o cümlədən: - əsas borc üzrə-----------------------9.924,99 ABŞ dolları; - faiz borcu üzrə-----------------------2.409,59 ABŞ dolları. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ təiəb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, yəni 20 mart 2020-ci il tarixdən 04 noyabr 2020-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5 % ilə hesablanmaqla Cavabdeh1 11 sentyabr 2014-cü 1 tarixli ********* saylı kredit müqaviləsinin və 18 may 2015-ci il tarixli 01 Ns-li “Əlavə Sazişin” şərtləri üzrə İddiaçı ASC-yə olan borcu 18361,79 ABŞ dolları məbləğində kimi müəyyən olunur, o cümlədən: 04.11.2020-ci il tarixə - əsas borc üzrə-----------------------9.824,99 ABŞ dolları; - faiz borcu üzrə-----------------------8.536,79 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli 9/5616 nömrəli məhkəmə ekspertizasının rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə 04.11.2020-ci il tarixə əsas borcun məbləği 9.824,99 ABŞ dolları göstərildiyindən əsas borcun məbləği rəyə uyğun hesablanmalı və cəmi borcun məbləği ona münasib olaraq dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin ekspert rəyində faiz borcunun 29 sentyabr 2016-cı il tarixə 2.409,59 ABŞ dolları, 04.11.2020-ci il tarixə isə 8.536,79 ABŞ dolları hesablanmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsində faiz borcuna görə daha az məbləğ-81.13 ABŞ dolları tələb etdiyindən və iddia tələbinin həcmini artırmadığından faiz borcu iddia ərizəsində tələb edilən həcmdə saxlanılmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, əsas kredit borcunun məbləğini 9834.12 ABŞ dolları, cəmi borcun məbləğini 9965.25 ABŞ dolları həcmində təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 3 noyabr 2017-ci il tarixli 2(016)-72/2017 nömrəli qətnaməsi dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq olaraq alınıb iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməli olan əsas kredit borcunun məbləği 9.824,99 ABŞ dolları, cəmi borcun məbləği 9956.12 ABŞ dolları müəyyən edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Keçirilmiş ekspertiza tədqiqarının dəyəri olan 145 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 3 noyabr 2017-ci il tarixli 2(016)-72/2017 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq olaraq alınıb iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməli olan əsas kredit borcunun məbləği 9.824,99 ABŞ dolları, cəmi borcun məbləği 9956.12 ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh1 alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-146/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-146/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver