Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-146/2024 18.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, borcun etirafı, şahid ifadələri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 8550 manat borcun, 106 manat dövlət rüsumunun, sənədin notarial təsdiqi üçün ödənilən 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Məmmədov X3 Hospitalda sürücü işləyirmiş, işdən çıxandan sonra münasib maşın olanda maşınların alqı-satqısı ilə məşğul olur. Mingəçevir şəhər sakini Cavabdeh xeyli müddətdir ki, tanımışdır. O da maşın alveri ilə məşğuldur. Cavabdeh əlində nəğd pul az olduğu üçün, onunla şərikli alver etməyi ona təklif etdi. O da onunla razılaşdı. 2022-ci ilin sentyabr ayında şərikli olaraq “Mersedes Panaroma” markalı 90XM320 dövlət nömrə nişanlı avtomobil aldılar. Ona inandı və etibarnamə ilə (səlahiyyətlər başqa şəxsə verilə bilər – generalnı) avtomobili onun adına aldıq. Avtomobili satışa hazır etmək üçün müəyyən xərclər çəkdi. Xərcləri və maşına verdiyi pulları cəmi 8550 manatdır. Aldıqları maşında normal xeyir qazanmaq imkanları var idi. Müştəri axtarırdılar. Eşitmiş ki, ondan xəbərsiz etibarnamədən istifadə edib, aldıqları maşını satmışdır. Özü ilə söhbət edib, demiş ki, o onun etibarından istifadə edib maşını nisyə satıb. Ona bildirmiş ki, ehtiyacı olub satmışdır. Pulunu yaxın gündə verəcəkdir. Müəyyən müddət gözlədi, müxtəlif bəhanələrlə 8550 manat pulunu verməkdən imtina etməyə başladı. Cavabdeh dedi ki, onun adına etibarnamə ilə maşın almışlar, ona görə də o, etibarnamədən istifadə edib, onun pullarını ələ keçirmişdir. Əvvəl Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Ona polis şöbəsindən məhkəməyə müraciət etməklə məktub verdilər. O da məcbur olub məhkəməyə müraciət etməli oldu. Odur ki, məhkəmədən Cavabdeh 8550 manat borcun, 106 manat dövlət rüsumunun, sənədin notarial təsdiqi üçün ödənilən 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim: Ə.Hüseynov) 20 iyun 2023-cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat pulun, sənədin notarial təsdiqi üçün ödənilən 3 (üç) manat 40 (qırx) qəpik, vəkilə etibarnamə üçün ödənilən 17.25 (on yeddi manat, iyirmi beş qəpik) manat pul alınaraq İddiaçı verilməsi, dövlət rüsumunun 22.26 (iyirmi iki manat, iyirmi altı qəpik) manat hissəsi Cavabdeh tutulub İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh 2022-ci ilin sentyabr ayında şərikli olaraq “Mersedes Panaroma” markalı 90XM320 dövlət nömrə nişanlı avtomobil alıblar. Avtomobili satmaq məqsədilə almışlar. Aldıqdan sonra təmir etdirmişlər. Lakin Cavabdeh İddiaçı xəbərsiz avtomobili satmışdır. İddiaçı buna etiraz etmiş və cavabdehdən avtomobilə qoyduğu pulu geri istəmişdir. Cavabdeh iddiaçıya borcundan 5000 manat geri qaytarmışdır. Beləliklə İddiaçı Cavabdeh borcunu tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının tələb etdiyi kimi 8550 manatın həqiqətən də cavabdehə verdiyi sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmənin sorğusu əsasında Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş materiallardanda görünür ki, cavabdeh Bayramov X2 şəhər polis şöbəsində verdiyi izahatında borcunun bir hissəsini qaytardığını və cəmi 1800 manat borcu qaldığını etiraf etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi cavabdehin izahatı və şahid ifadələri bir-birini tamamlandığından onları inandırıcı hesab edərək iş üzrə mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə işin obyektiv həlli üçün digər sübutların mövcud olmadığı üçün cavabdehin məhkəmə iclası zamanı və Mingəçevir ŞPŞ-də verdiyi izahatı və şahid ifadələrini möhtəbər sübut kimi qəbul edir. Birinci instansiya məhkəməsi ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pul borcunun iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da həmin məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən, yəni iddia tələbi cavabdehin məhkəmə iclası zamanı etiraf etdiyi məbləğ həcmində yəni 1800 manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, ididaçı tərəf borcdan ödəniş edilməsinə etiraz etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi MPM-nin 119.1-ci maddəsini əsas tutaraq hesab etmişdir ki, 8550 manat məbləğində iddia tələbinin 1800 manat hissəsi təmin olunduğundan dövlət rüsumu həmin məbləğə mütənasib olaraq təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, dövlət rüsumunun 22.26 (iyirmi iki manat, iyirmi altı qəpik) manat hissəsi Cavabdeh tutulub İddiaçı verilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Sənədin notarial təsdiqi üçün ödənilən 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 324.1, 324.5, 329.2, 329.3, 389.1, 385.1, 390.1, 448.1, 433.3, 739.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 88 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 2022-ci ilin sentyabr ayında şərikli olaraq “Mersedes Panaroma” markalı 90XM320 dövlət nömrə nişanlı avtomobil almışlar. Bir neçə gün sonra cavabdeh maşını 13500 manata satmışdır. Maşını satdıqdan sonra onunla görüşərək maşını təcili satdığını bildirmişdir. Həmin vaxt o, cavabdehin 6800 manat borcu olduğunu iddia etmişdir. Cavabdeh onunla razılaşmış və təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində yaxını Alı və Əsgər adlı şəxslə birlikdə onunla görüşərək ona borclu olduğu 6800 manatdan 5000 manatını geri qaytarmışdır. Geridə qalan 1800 manat isə bir neçə aya qaytaracağını bildirmişdir. Lakin bu günə qədər imkanı olmadığı üçün həmin pulu ona qaytara bilməmişdir. Cavabdeh söz vermişdir ki, tezliklə 1800 manat borcu geri qaytaracaqdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında belə etiraf edir ki, avtomobil alınarkən 13500 manatın 4700 manatını ona vermiş, sonradan 1000 manat ondan borc almış, bundan sonra o, maşının təmiri üçün 1600 manat pul xərcləmişdir. Cavabdeh məhkəmə iclasında etirafına əsasən 4700+1000+1600=7300 (yeddi min üç yüz) manat ona borcu olduğunu və maşın satılarkən həmin puldan ona pul vermədiyini, guya ki, sonradan 5000 manat qaytardığını bildirmişdir. Təhqiqat zamanı Cavabdeh ona 6800 borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X7 bildirmişdir ki, Cavabdeh ondan 6800 manat məbləğində borc almışdır. Sonradan Cavabdeh borcundan 5000 manat qaytarmış və ona 1800 manat borcu qalmışdır. X7 5000 manatın Samir tərəfindən ona verildiyini bildirmişdir. Bu ifadələrdə olan fərqli rəqəmlər Cavabdeh ona 8550 manat borcu olmasına əsaslı sübutdur. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsinin dəyişdirilməsini, iddianın tam təmin edilməsini, Cavabdeh 8550 mаnаt məbləğində borcun, 106 manat dövlət rüsumunun, sənədin 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsinin dəyişdirilməsini, iddianın tam təmin edilməsini, Cavabdeh 8550 mаnаt məbləğində borcun, 106 manat dövlət rüsumunun, sənədin 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(051)- 1090/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsinin dəyişdirilməsini, iddianın tam təmin edilməsini, Cavabdeh 8550 mаnаt məbləğində borcun, 106 manat dövlət rüsumunun, sənədin 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin Cavabdeh 5000 mаnаt məbləğində pulun alınıb İddiaçı verilməsinə aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 5000 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia 5000 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 6800 manat məbləğində birgə fəaliyyət üçün pul vermiş, 2022-ci ilin sentyabr ayında şərikli olaraq “Mersedes Panaroma” markalı 90XM320 dövlət nömrə nişanlı avtomobil almışdırlar. Lakin cavabdeh iddiaçıdan xəbərsiz etibarnamədən istifadə edib, alınmış maşını satmışdır. Cavabdeh iddiaçıya bildirmişdir ki, maşını pula ehtiyacı olub satmışdır. Cavabdeh iddaçıya olan borcunu yaxın gündə verəcəkdir. İddiaçı müəyyən müddət gözləmiş, lakin 6800 manat pulunu cavabdehdən ala bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 5000 manata aid hissədə təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 2022-ci ilin sentyabr ayında şərikli olaraq “Mersedes Panaroma” markalı 90XM320 dövlət nömrə nişanlı avtomobil alıblar. Avtomobili satmaq məqsədilə almışlar. Aldıqdan sonra təmir etdirmişlər. Lakin Cavabdeh İddiaçı xəbərsiz avtomobili satmışdır. İddiaçı buna etiraz etmiş və cavabdehdən avtomobilə qoyduğu pulu geri istəmişdir. Cavabdeh iddiaçıya borcundan 5000 manat geri qaytarmışdır. Beləliklə İddiaçı Cavabdeh borcunu tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının tələb etdiyi kimi 8550 manatın həqiqətən də cavabdehə verdiyi sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmənin sorğusu əsasında Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş materiallardanda görünür ki, cavabdeh Bayramov X2 şəhər polis şöbəsində verdiyi izahatında borcunun bir hissəsini qaytardığını və cəmi 1800 manat borcu qaldığını etiraf etmişdir. Məhkəmə cavabdehin izahatı və şahid ifadələri bir-birini tamamladığından onları inandırıcı hesab edərək iş üzrə mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə işin obyektiv həlli üçün digər sübutların mövcud olmadığı üçün cavabdehin məhkəmə iclası zamanı və Mingəçevir ŞPŞdə verdiyi izahatı və şahid ifadələrini möhtəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, iş materiallarının 37-ci səhifəsində olan Cavabdeh Mingəçevir şəhər polis şöbəsində verdiyi izahatdan, eyni zamanda məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, Cavabdeh İddiaçı 6800 manat borcunun olduğunu etiraf etmişdir, həmin borcdan 5000 manatını İddiaçı geri qaytardığını bildirmiş və 1800 manatı isə bir neçə aya qaytaracaqdır. Kollegiya qeyd edir ki, cavabdeh 5000 manatı iddiaçıya qaytarmağını qeyd etsə də lakin bununla bağlı məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi 5000 manata aid hissədə də təmin edilməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı 5000 manata aid hissədə təmin etməyərkən dindirilmiş şahidlərin ifadələrinə əsaslanmış və iddianın həmin şahid ifadələri ilə sübut olunduğu qənaətinə gəlmişdir. Halbuki, kollegiya qeyd edir ki, həmin şahid ifadələri Cavabdeh İddiaçı 5000 manat pulun qaytarılmasını sübut etmir. Cavabdehin qeyd etdiyi dəlillər o halda əsaslı sayıla bilərdi ki, iddiaçı ilə cavabdehin arasında birgə fəaliyyətə sair şifahi müqavilə bağlandığı və cavabdehin ona verilən tapşırığı yerinə yetirdiyi, yəni cavabdehin ona verilən pulu iddiaçıya verdiyi müəyyən olunsun. Lakin belə hallar müəyyən edilmir. Məhkəmə yalnız cavabdehin izahatına və şahid ifadəsinə əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz, çünki cavabdeh və onun məhkəmə gətirdiyi şahidlər cavabdehin tanışları olmaqla işin nəticəsində maraqlıdırlar. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, iddiaçıdan alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin cavabdeh 5000 manat pulun iddiaçıya qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin Cavabdeh 5000 mаnаt pulun alınıb İddiaçı verilməsi hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsi iddia tələbinin Cavabdeh 5000 mаnаt pulun alınıb İddiaçı verilməsinə aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi 5000 manat pul tələbinə aid hissədə də təmin edilməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(051)-1090/2023 saylı qətnaməsi qismən, iddia tələbinin Cavabdeh 5000 mаnаt pulun alınıb İddiaçı verilməsinə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 5000 manat pul alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №2(107)-146/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-146/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver