Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1465/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-38/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8160 manat maddi ziyan,1000 manat mənəvi ziyana görə pulun tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 01 aprel 2021-ci il tarixli, 2(014)- 38/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 8160 manat maddi ziyana görə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 8190 manat (səkkiz min bir yüz doxsan manat) pulun tutularaq İddiaçı verilməsi, iddianın Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobil vardır. Avtomobili idarə etmək üçün oğlu X1 etibarnamə vermişdir. 20.06.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi VAZ 21061 markalı 10BB543 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Zeynəddin kəndi ərazisində hərəkətdə olarkən kənd ərazisində yerləşən kəndin əsas yoluna çıxış zamanı kənd istiqamətindən gələn oğlunun idarə etdiyi HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobili gözləmədən onun yoluna çıxaraq onunla toqquşmuşdur. Hadisənin baş verməsində təqsirkar olan Cavabdeh1 Ağdaş RPŞ YPX inspektoru E.Qasımovun tərtib etdiyi İXP seriyalı ******* saylı 20.06.2020-ci il tarixli X4 Protokola əsasən İXM-nın 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində avtomobilinə dəymiş ziyan X6 Departamenti tərəfindən araşdırılmış, ehtiyat hissələri ilə əvəz olunması məsləhət bilinmiş, dəyişdirilməsi zəruri olan ehtiyat hissələri barədə AKT tərtib olunmaqla göstərilmişdir. Həmin Akta əsasən ehtiyat hissələri, təmir və usta xərci cəmi 8160 manat olmuşdur. Həmin pulu cavabdehlərdən istəsə də onlar hər dəfə bir bəhanə ilə ziyanı ödəməkdən yayınmışlar. Əlavə olaraq qeyd etmək istəyir ki, yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus HYUNDAİ markalı avtomobilin bazar qiyməti kəskin şəkildə aşağı düşmüşdür, belə ki, hamıya məlumdur ki, qəzaya düşmüş avtomobilin bazar qiyməti qat-qat aşağı düşür. Bundan əlavə cavabdehin öz günahını başa düşməməsi, ona vurduğu ziyanı ödəməməsi, avtomobilsiz qalmağı, həmçinin hadisə nəticəsində keçirdiyi stresə, əsəbə görə ona mənəvi ziyan da dəymişdir. Bu mənəvi ziyanı 1000 manat kimi qiymətləndirir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, çəkişmə prinsipi əsasında həyata keçiriləsi mülki işə qanuna zidd olaraq baxması ədalət prinsipini yox etmək deməkdir. Ədalət mühakiməsinin həvata keçirilməsinə dair müddəaların hakim tərəfindən pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələr onun əksinə olmuşdur. Hesab edir ki, onun tərəfdən təqdim olunmuş sübutlar-dəlillər yoxlanılmalı və hakim tərəfindən ədalətli qətnamə qəbul edilməlidir. Məhkəmə iclas zalında tərəflər öz maraqlarını qorumalı çəkişmə yoluyla mübahisələrə son qoyulmalıdır. Ona gör də Ağdaş rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(014)-38/2021 saylı qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə icraata yenidən baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir, bu gün qanuni qüvvədə olan qərar olduğundan onlar cavabdehin günahsız olmasını mübahisələndirə bilmirlər. Lakin hesab edir ki, iddiaçıya məxsus olan avtomobilə dəymiş ziyanın məbləği reallığı əks etdirmir. Ona görə də kollegiyadan təkrar ekspertiza təyin olunmasını, əks halda iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabeh ona dəymiş ziyanı ödəməkdən yayınmaq üçün işi süni şəkildə uzatmağa çalışır. Bundan əlavə ikinci dəfə təyin edilmiş ekspert rəyi ilə razılaşmır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər : Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəfləri izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-38/2021 nömrəli qətnaməsi dəymiş ziyanın məbləğinə münasibətdə dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 20 iyun 2020-ci il tarixli İXP ******* nömrəli X4 protokoldan və həmin protokol əsasında qəbul edilmiş 20 iyun 2020-ci il tarixli TP-3740114 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 20 iyun 2020-ci il tarixdə, saat 10:30 radələrində etibarnamə ilə istifadəsində olan VAZ – 21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonunun Tatlar kəndi ərazisində hərəkətdə olan zaman ikinci dərəcəli yoldan birinci dərəcəli yola çıxarkən yol ayrıcına daxil olmuş və hərəkətdə olan HYUNDAİ AX-35 markalı avtomobili görməmiş, yol ayrıcını sona qədər boşalda bilməmiş, avtomobilin arxasındakı yarımqoşqu ilə toqquşmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun ötmə əməliyyatı ilə bağlı tələbini pozmuşdur. AC N760513 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobilin sahibi İddiaçıdur. 29 iyun 2018-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobili idarə etmək üçün X1 etibarnamə vermişdir. 29 iyun 2018-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh2 VAZ 21061 markalı **-BB-*** dövlət qeydiyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 etibarnamə vermişdir. 25 iyun 2020-ci il tarixli X6 departamentinin qüsur aktından görünür ki, HYUNDAİ İX- 35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobil YNH nəticəsində 8160 manat məbləğində ehtiyat hissələri zədələnmiş və yenisi ilə əvəz edilməlidir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, 9/5916 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X6” mərkəzinin 25.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai İX-35” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6734,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, adhüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın və apellyasiya şikayətinin dəlillərinin əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş Hyundai İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı minik avtomobilinin yararsız vəziyyətdə olmasını, həmin avtomobilin yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmiş, həmçinin işə baxılan zaman apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilərək dəymiş ziyanın məbləği dəqiqləşdirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfin izahatı ilə yanaşı, həmçinin təqdim olunmuş sübutlar, o cümlədən də ekspert rəyinə əsaslanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da dəyişdirilməsi üçün əsasdır. Əvvala ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. İkincisi, cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğini “şişirdiyildiyi” bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etirazını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır. Kollegiya cavabdehin bu dəlili ilə əlaqədar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və verilmiş rəy üzrə dəymiş ziyanın məbləği 6734,0 manat müəyyən edilmişdir. Üçüncüsü, məhkəmə araşdırması zamanı cavabdehin vəkili hadisənin baş verməsini və cavabdehin bu işdə təqsirinin olması ilə bağlı qanuni qüvvədə olan məhkəmə qərarının olmasını bildirməklə yanaşı, yenə də vurulmuş ziyanın həcmi ilə razılaşmadığını və təkrar ekspertiza təyin olunmasını xahiş etmişdir. Kollegiya cavabdeh tərəfin bu dəlilinə (vəsatətinə) münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan da lüzumsuz olaraq əlavə və ya təkrar ekspertizanın keçirilməsi də təmin oluna bilməz. Beləliklə məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, cavabdehin baş verən hadisədə təqsirli olduğunu sübut edən məhkəmənin qanuni qüvvəyə minmiş X4 qərarı mövcuddur və həmin qərarda müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-38/2021 nömrəli qətnaməsi ekspert rəyi əsas götürülməklə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2021-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, qeyd оlunаn məhkəmə xərci cavabdehə аid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. İşdən göründüyü kimi iddiaçı iddia tələbində maddi ziyanın məbləğini 8160 manat tələb etsə də, sonda təlbi 6734 manat təmin edilmişdir. Kollegiya belə qənaətə gəlir ki, tələblə təmin olunmuş hissə arasındakı fərq 1426 manat təşkil etdiyindən, iddiaçının hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmamışdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-38/2021 nömrəli qətnaməsi - “Cavabdeh1 İddiaçı xeyrinə tutulması müəyyən edilmiş 8160 manat maddi ziyanın” məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan maddi ziyanın məbləği 6734,0 (altı min yeddi yüz otuz dörd ) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə “30 manat ödənilmiş rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh tərəf, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1465/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1465/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver