Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1479/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(051)-733/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 04.12.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa 250 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 21 aprel 2021-ci il tarixli 2(051)- 733/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 54\16, mənzil 32-də yaşayan Cavabdeh tutulan alimentin məbləği artırılaraq, 04.12.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 130 (bir yüz otuz) manat miqdarında müəyyən edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğdə dövlət rüsumunun alınıb dövlət hesabına ödənilməsi və artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayətləri verərək Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(051)-733/2021 nömrəli qətnaməsinin ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nigah münasibətlərinə girməklə ailə qurmuş, birgə yaşayışdan 04.12.2013-cü ildə Ömər adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Hazırda 04.12.2013cü ildə anadan olmuş, oğlu X5 onun himayəsində yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2051-2680/2019 saylı qətnaməsinə əsasən, azyaşlı Ömərin yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 manat aliment tutulması qət edilmişdir. Həmin qətnamədən xeyli müddət keçmişdir və uşağın gündəlik tələbatları artmışdır. Cavabdeh- Məmmədov X1 şəhəri Puşkin küçəsində yerləşən “Qərib” adlı xaricdə istehsal olunmuş paltar vəayaqqabı satışı mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmzə Məmnmədovun aylıq qazancı 1500- 2000 manat arasındadır. Lakin Cavabdeh uşaqla maraqlanmır, uşaq xəstə olduqda onun həkiminə, müalicəsinə, iynə-dərmanına və sairinə hər hansı bir maddi köməklik göstərmir. Uşağın bütün maddi tələbatı onun üzərinə düşür. Cavabdeh isə bu məsələlərə əhəmiyyət vermir. O, hesab edir ki, cavabdeh- Cavabdeh gəliri çox olduğu üçün o, azyaşlı övladı Ömərin saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat miqdarında aliment ödəyə bilər və bu aliment uşağın xəstəliyi ilə əlaqədar artırılması vacib şərtlərdən biri olmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(051)- 733/2021 saylı qətnaməsi qanunsuz və əsassız olaraq çıxarılmışdır. İşə baxan Mingəçevir Şəhər məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-14, 384-387ci maddələrinin tələblərinə riayyət etmədən qeyri-obyektiv qətnamə qəbul etməklə onun Konstitusion hüquqlarını pozmuşdur. Ona görə də, hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(051)-733/2021 saylı qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 051 312 00 35 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Atalığın müəyyən olunması haqqında şəhadətnamədən görünür ki, 04 dekabr 2013-cü il tarixdə İddiaçı doğulmuş X4 atası Cavabdeh hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin 04.12.2013-cü il təvəllüdlü Ömər adlı uşaqları olmuşdur. Onun atası kimi Cavabdeh, anası kimi İddiaçı göstərilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, 04.12.2013-cü il təvəllüdlü X5 iddiaçının yanındadır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir ki, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən həmin dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi dəlilləri öz mülahizəsi ilə əsaslandırmağa çalışmış, eləcə də özünün izahatının daha mötəbər sübut kimi qiymətləndirilməsini israr etmişdir. Üçüncüsü uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi daha çox iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini alementlə bağlı hissədə qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan az olduğundan ((250-120)x12=1560) hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(051)-733/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1479/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1479/2021
03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver