Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1484/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fərrux qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pulun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-583/2021 saylı, 14 aprel 2021-ci il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Fərrux qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6618 (altı min altı yüz on səkkiz) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 6648 manat məbləğində pulun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Fərrux qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə tanış olduqdan müəyyən müddət sonra nişanlanmışdır. Cavabdeh1 anası Cavabdeh2 onlara gələrək el adəti ilə ona nişan üzüyü taxmışdır. Təxminən 2015-ci ildə o, işə düzəlmiş və işləməyə başlamışdır. Bunu görən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif adlarla ondan borc pul istəmişlər. Bir dəfə ondan banka borclarını olduğu üçün pul istəmiş, həmin pulu qaytaracaqlarını bildirmişlər. Daha sonra Elnur başında şiş olduğu üçün ona poçtla pul göndərməsini istəmişdir. Sonradan öyrənmişdir ki, Cavabdeh1 başqa biri ilə evlənmişdir və həmin gəlinin cehizlərini ona çəkib ataraq evə yeni əşyalar aldığını bildirmişdir. O, bunu öyrəndikdən sonra üzüyü qaytarmışdır və cavabdehlərin ondan 18 fevral 2015-ci il tarixindən 26 avqust 2019-cu il tarixinə kimi aldıqları 6618 manat borc pulu geri tələb etsə də, borc pulu qaytarmamışlar. 18 fevral 2015-ci il tarixinə qədər cavabdehə borc pulu poçt vasitəsi ilə göndərdiyini sübut etmək üçün "xxxx" MMC-nin ödəniş xidmətləri şöbəsinə müraciət etmişdir. İdarə tərəfindən ona imzalanmış və möhürlənmiş 05.11.2020-ci il tarixli, “01.01.2015-ci il tarixdən 14.08.2020-ci il tarixədək X1 tərəfindən göndərilən pul köçürmələri” barədə arayış təqdim edilmişdir. Həmin arayışla bir daha sübut olnur ki, həqiqətən onun tərəfindən cavabdehlərə müxtəlif vaxtlarda müxtəlif məbləğlər olmaqla ümumilikdə 6618 manat pul göndərilmiş və həmin pullar cavabdehlər tərəfindən alınmışdır. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə mürciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Qeyd olunanları ümumiləşdirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6618 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 6648 manat məbləğində pulun alınaraq ona verilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2(014)-583/2021 saylı, 14 aprel 2021-ci il tаrixli qətnaməsi ilə (hakim N.Əliyev) iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 1190 manat, Cavabdeh1 5328 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Fərrux qızının xeyrinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Fərrux qızından 6618 AZN məbləğində borc pul almışdır. İddiaçı Fərrux qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi pulu geri istəsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc məbləğindən yalnız 100 AZN qaytarmış, qalan məbləğlərin qaytarılmasını iddia etsələr də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdirlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir, cavabdehlər Cavabdeh2 1190 manat, Cavabdeh1 5328 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Fərrux qızının xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci, 529.1-ci, 529.2-ci, 529.3-cü, 739.1-ci, 740.1-ci, 740.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalıdır. Belə ki, onlar iddiaçıdan iddia ərizəsində göstərdiyi məbləği aldıqdan sonra, keçən 10 ildə müxtəlif vaxtlarda cavabdehlər Cavabdeh2 və Cavabdeh1, eləcə də ailə üzvləri X2 tərəfindən iddiaçının ünvanına poçt vasitəsi ilə ortalama 2000-3000 manat məbləğində pul göndərmişlər və iddiaçı həmin pulları şəxsən qəbul etmişdir. Bütün bunlar barədə cavabdehlər məhkəmə iclasında bildirsələr də, məhkəmə iddiaçıya pul göndərdiklərini təsdiq edən sənədləri tələb etmişdir. Cavabdehlər həmin qəbzləri saxlamadıqlarını, lakin sorğu ilə poçtdan əldə etməyin mümkün olduğunu, bunun üçün onlara vaxt verilməsini və ya müraciətlərinin nəzərə alınaraq öz təşəbbüsü ilə həmin pul göndərişi sənədlərinin poçtdan əldə edilməsini işə baxan məhkəmənin nəzərinə çatdırsalar və bunu xahiş etsələr də, məhkəmə işin həmin həqiqi hallarını ətraflı araşdırması üçün heç bir prosessual hərəkət etməmiş, ancaq iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə və Cavabdeh2 iddiaçıya 50 və 50 manat olmaqla sonuncu dəfə göndərdiyi pulların qəbzini əsas göstərməklə sözügedən qətnaməni qəbul etmişdir. Halbuki, işə baxan məhkəmə mübahisənin obyektiv və qərəzsiz araşdırılması üçün ya onlara poçt göndərişləri barədə çıxarışı almaq üçün müəyyən vaxt verməli və yaxud da özü sorğu edərək həmin sənədləri əldə edə bilərdi. Bundan başqa işə baxan məhkəmə sonuncu ödənişlərin 2021-ci ilin yanvar-fevral aylarında ödənildiyinə hüquqi qiymət verərkən, nədənsə 10 il bundan əvvəl götürülmüş borca görə keçən müddətdə ödənişlərin edilib-edilməməsini, əgər edilməmişdirsə belə həmin müddətə görə iddiaçının cavabdehlərə qarşı borcunun tələbi ilə əlaqədar hansı hərəkətləri etməsini və həmin hərəkətlərin edilməsini təsdiq edən sübutlarını iddiaçıdan tələb etməmişdir. Bildirirlər ki, hazırki işə məhkəmədə baxıldıqdan sonra onlar keçən müddətdə iddiaçıya pul göndərişləri barədə çıxarışın verilməsinə dair ərizə ilə "xxxx" MMC-nin Ağdaş filialına müraciət etmişlər, hələlik müraciətlərinin cavabı gəlməyib. Alınmış cavab işə apellyasiya qaydasında baxılan zaman təqdim olunacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-583/2021 saylı, 14 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 2(014)-583/2021 saylı, 14 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini iddianın qismən təmin edilməsini xahiş edirlər. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 2(014)-583/2021 saylı, 14 aprel 2021-ci il tаrixli qətnaməsinin əsaslığını cavabdehlərin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-583/2021 saylı, 14 aprel 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 ilə nişanlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif adlarla ondan borc pul istəmişlər. İddiaçı isə cavabdehlərə poçt vasitəsi ilə 6618 manat pul göndərmişdir. Cavabdehlərin ondan 18 fevral 2015-ci il tarixindən 26 avqust 2019-cu il tarixinə kimi aldıqları 6618 manat borc pulu geri tələb etsə də, borc pulu qaytarmamışlar. İddiaçıya "xxxx" MMC-nin ödəniş xidmətləri şöbəsi tərəfindən imzalanmış və möhürlənmiş 05.11.2020-ci il tarixli, “01.01.2015-ci il tarixdən 14.08.2020-ci il tarixədək X1 tərəfindən göndərilən pul köçürmələri” barədə arayış təqdim edilmişdir. Həmin arayışla müəyyən olnur ki, həqiqətən onun tərəfindən cavabdehlərə müxtəlif vaxtlarda müxtəlif məbləğlər olmaqla ümumilikdə 6618 manat pul göndərilmiş və həmin pullar cavabdehlər tərəfindən alınmışdır. Eyni zamanda cavabdehlər həmin puldan 100 manat pulu iddiaçıya ödəmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. lk dəlil ondan ibarətdir ki, iddiaçının ünvanına poçt vasitəsi ilə ortalama 2000-3000 pul göndərmişlər və iddiaçı həmin pulları şəxsən qəbul etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, cavabdeh tərəf bununla bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut növü təqdim etməmişdir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, pul göndərişi sənədlərinin poçtdan əldə edə bilmələri üçün cavabdeh tərəfin kifayət qədər vaxtı olmuşdur. Ancaq cavabdeh tərəf buna baxmayarq həmin sənədləri məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etməmişlər. Bu da onu deməyə əsas verir ki, cavabdehlərədə borcun ödənilməsinə dair hər hansı bir sübut növü yoxdur. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 583/2021 saylı, 14 aprel 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-583/2021 saylı, 14 aprel 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1484/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1484/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver