Məhkəmə qərarları › İş №2(107)-1485/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1485/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1485/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(051)-923/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(051)-923/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 10.12.2006-cı il tarixdə doğulmuş Jalə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 24.12.2010–cu il tarixli 2(051)–1129/2010 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub elektron hökumət portalına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 10.12.2006-cı il tarixdə doğulmuş X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 24.12.2010– cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 176 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclası zamanı iddia tələbini müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 10.12.2006-cı il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1129/2010 saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olmuş alimenti tam ödəyir. Lakin uşaq böyüdükcə, onun tələbatları da artır. Övladı orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağı göz xəstəliyi ilə əlaqədar olaraq 2015-ci il tarixdən etibarən ildə 2 dəfə olmaqla müalicə almaq üçün Bakı şəhərinə getmək məcburiyyətindədir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, birgə nikahdan 10.12. 2016–cı il tarixdə Jalə adlı uşağı doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı ilə ayrılmışlar. Hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçının tələb etdiyi kimi onun hər ay 176 manat aliment ödəmək üçün maddi imkanı yoxdur. Onun aylıq qazancı 246 manatdır. O həmin məbləğin 50 manatını iddiaçıya ödəyir. Onun başqa gəliri və qazancı yoxdur. O, hal-hazırda evlidir və himayəsində 3 uşağı vardır. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsi haqda qətnamə çıxrılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehapellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(051)-923/2021 nömrəli qətnaməsini ədalətsiz, qanunsuz və əsassız hesab edir. Belə ki, o, yenidən ailə qurmuşdur, himayəsində üç azyaşlı övladı vardır. Özü Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində işləsə də, aylıq gəliri 346 manat arası təşkil edir. Bu məbləğ isə əvvəlki nikahından olan uşağı ilə bərabər, indiki nikahından olan uşaqlarının tələbatlarını ödəmir. Maddi vəziyyəti olduqca çətindir. Buna onun hal-hazırda imkanı çatmır. Ona görə də, övladı Jaləyə ödənilməli olan alimentin miqdarının azaldılmasını istəyir və 60-70 manat aliment ödəməyə imkanım çatar. Mingəçevir Şəhər Məhkəməsinin şikayət verilən həmin qətnaməsi onunla bağlı vəziyyəti düzgün qiymətləndirilməməsi, sırf iddiaçının tələb və mənafeyini nəzərə alması, öz ailəsinin və üç övladının olmasını nəzərə almaması, həm məhkəmə qətnaməsinin tam icrası ilə əlaqədar tələbi yerinə yetirməsi üçün hər hansı cinayət yolu ilə qazanc və gəlir əldə etmək məcburiyyəti qarşısında qoymuşdur Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(051)- 923/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və 80 manat məbləğində aliment ödəməsinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(051)-923/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(051)-923/2021 nömrəli qətnaməsi 110 manat həcmində təmin edilmiş iddianın mübahisələndirilən 30 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, artırılmış məbləğdə alimentin tutulmasının əvvəli barədə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 10.12.2006-cı il tarixdə Jalə adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 24.12.2010–cu il tarixli 2(051)–1129/2010 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan doğulmuş Jalə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 50 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 04.07.2008-ci il tarixli, 34 nömrə ilə qeydə alınmış nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İşdə olan 14.03.2018-ci il tarixli, kirayə müqaviləsindən görünür ki, Məmmədova X3 şəhəri, R.Rza küçəsi ev 16, mənzil 24 ünvanında kirayədə yaşayır. İşdə olan X5 tərəfindən verilmiş 12.04.2021-ci il tarixli, 202 nömrəli arayışından görünür ki, İddiaçı orta aylıq əmək haqqı 267.71 manat təşkil edir. İsdə olan tövsiyyə vərəqələrinin (reseptlərin) surətindən görünür ki, X6 daimi mualicələr alır. İşdə olan 13.01.2009-cu il tarixli 469151 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında rəsmi nikah bağlanmışdır. İşdə olan AZE11614804 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından 15.10.2009-cu il tarixdə Şəbnəm adlı uşaqları doğulmuşdur. İşdə olan AZE11615740 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından 11.07.2013-cu il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. İşdə olan AZE 18835893 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından 12.03.2018-ci il tarixdə Nigar adlı uşaqları doğulmuşdur. İşdə olan Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli 145 saylı arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 346 manatdır və onun əmək haqqından tutulmalar aparıldıqdan sonra ələ çatası məbləğ 246.15 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19–cu maddələrinə, 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından 10.12.2006-ci il tarixdə Jalə adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 24.12.2010– cu il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 50 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 110 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ödənilən cəmi 50 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün cavabdehdən 50 manat aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 110 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Cavabdehdən hər ay hər 110 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 110 manat həcmində təmin edilmiş iddianın mübahisələndirilən 30 manata aid hissəsində qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən 110 manat həcmində təmin edilmiş iddianın mübahisələndirilən 30 manata aid hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8- 2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki iş üzrə də artırılmış məbləğdə alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən 110 manat həcmində təmin edilmiş iddianın mübahisələndirilən 30 manata aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(051)- 923/2021 nömrəli qətnaməsi 110 manat həcmində təmin edilmiş iddianın mübahisələndirilən 30 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(051)-923/2021 nömrəli qətnaməsi mübahisələndirilən 30 manata aid hissədə dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar