Məhkəmə qərarları › İş №2(107)-1495/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1495/2021

10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1495/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(046)-678/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.01.2012-ci il tarixdə anadan olmuş X3 və 16.06.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 05 may 2021-ci il tarixli, 2(046)- 678/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 10.01.2012-ci il tarixdə anadan olmuş X3 və 16.06.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı xeyrinə verilməsi, aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulması, Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 14.07.2017 2(046)-2267/2017 tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin məhkəmənin 31.03.2017-ci il tarixli 2(046)-1081/2017 saylı qətnaməsi ilə onların birgə nikahdan doğulmuş X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 200 (iki yüz ) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda qızı Mətanətin 10 , Nurlanın 9 yaşı var. Məhkəmə tərəfindən çıxarılan qətnamədə qeyd olunmuş aliment məbləği uşaqlarının tələbatının ödənilməsinə yetmir. Övladları orta məktəbdə təhsil alırlar, məsrəfləri xeyli çoxdur. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimum 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Cavabdeh məhkəmə tərəfindən müəyyən edilən alimenti uzun müddətdir ödəmir. Övladlarının bütün ehtiyaclarını, qayğılarını o çəkir. Cavabdeh tərəfindən heç bir qayğı və diqqət göstərilmir. Uşaqlarının təlim- tərbiyəsi ilə yanaşı, onların maddi tələblərini ödəmək tək qadın olaraq ona çox çətindir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, O, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarında olan sənədlərdən göründüyü kimi məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildiyi tarixdən sonra onun maddi və əmlak vəziyyəti yaxşılaşmamış, əksinə ağırlaşmışdır. İddiaçı isə əksinə, maddi vəziyyətinin yaxşılaşması, onun Göyçay rayon Potu Məktəbində müəllimə işləyərək, ayda 564 manat əmək haqqı alması nəzərə alınmalıdır. Göründüyü kimi məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildiyi tarixdən sonra onun maddi və əmlak vəziyyətinin yaxşılaşması barədə İddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş və məhkəmə iclasında belə bir hal müəyyən edilməmişdir. Hesab edir ki, uşaqların saxlanılması təkcə atanın deyil, eyni zamanda ananın da borcudur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)- 678/2021-saylı, 05 may 2021 -ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində alimentin ondan tutulması qənaətinə gələrkən səhvə yol vermişdir. Belə ki, cəmi 720 manat civarında əmək haqqı alır. Bakı şəhərində işləsə də, evi olmadığından kirayədə yaşayır, 200 manat kirayə haqqı verir. Halbuki iddiaçı özü də işləyir və 450 manatdan çox aylıq əmək haqqı alır. Bundan əlavə o bir ata kimi uşaqlarına qayğı göstərməkdən imtina etmir, hər bayram və ad günlərində uşaqlara əlavə qayğı göstərəcəkdir. Lakin hazırki vəziyyətdə 350 manat alimenti ödəmək gücündə deyil. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, alimentin məbləğinin hər ay bir uşaq üçün 140-150 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, düzdür, o özü Göyçay Rayonunun Potu kəndində riyaziyyat müəllimi işləyir və 415 manat məbləğində əmək haqqı alır. Lakin cavabdeh bir ata kimi öz üzərinə düşən vəzifəni həyata keçirməli və müəyyən olunmuş alimenti ödəməlidir. Çünki uşaqlar böyüdükcə onların tələbatları da artır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Göyçay Rayon Məhkəməsinin 2(046)-2267/2017 saylı 14.07.2017-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 10.01.2012-ci il tarixdə anadan olmuş X4 və 16.06.2010-cu ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Elektron məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh GRAND HAYAT MANAGEMENT MMC-də işləyir, ayda 800 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayət qətnamənin ləğv edilməsi üçün əsaslı olmasa da, dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən cavabdehin özünün də işləməsini, kifayət qədər aylıq qazancının olmasına, müəyyən edilmiş alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbi ilə uzlaşmamasına xüsusi diqqət yetirməmişdir. Düzdür, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi, o cümlədən onun himayəsində digər şəxslərin olması kimi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Lakin yuxarıda qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh rəsmi işləməklə 415 manat məbləğində aylıq maaş alır. İddiaçı özü də daimi işə malik olmaqla 750-800 manat civarında aylıq maaş alır. Deməli, hər iki valideyn özü-özlüyündə kifayət qədər qazanca malik olmaqla uşaqlarını normal saxlamaq imkanına malikdirlər. Ona görə də məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 10.01.2012-ci il təvəllüdlü X3 və 16.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulmalı olan alimentin məbləği dəyişdirilərək, hər ay bir uşaq üçün 150 mаnаt, cəmi 300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Hazırki işdən görünür ki, iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay, hər uşaq üçün 100 manat, cəmi 200 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin hər uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində artırılmasını tələb edir. Deməli, iddiaçının hazırkı mübahisəli tələbinin məbləği hər uşaq üçün 75 manat, cəmi 150 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə mübahisələndirilən iddianın qiyməti 1800 (12x150) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, hazırki iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(046)-678/2021 nömrəli qətnaməsi “10.01.2012-ci il təvəllüdlü X6 və 16.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh alınmalı (tutulmalı) olan аlimentin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin məbləği hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar