Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-150/2023 10.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işi üzrə Ucar Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “Torpağa mülkiyyət hüququna dair” JN-124 KOD 90408028 nömrəli dövlət aktına əsasən Ucar rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə Ucar rayonunun Xalac kəndindən iddiaçıya və digər payçılara (ailə üzvlərinə) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 7,61 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1,87 hektar olan hissəsində iddiaçı, digər payçılar olan ailə üzvləri ilə birlikdə arpa becərirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 841,5 manat məbləğində maddi zərərin, 30 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun və iddia ərzəsinin tərtib edilməsi üçün vəkilə ödədiyi 80 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Ucar rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə Ucar rayonunun Xalac kəndindən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 7,61 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara 2 yerdən verilmişdir. Həmin torpaq sahəsinin 1,87 hektar olan hissəsində o, ailə üzvləri ilə birlikdə arpa becərir. İddia ərizəsinə əlavə olunmuş 06 may 2022-ci il tarixli aktdan göründüyü kimi həmin sahə cavabdehin uşağı tərəfindən iri buynuzlu mal-qaraya otarılmışdır. İddia ərizəsinə əlavə edilmiş 12 may 2022-ci il tarixli aktdan göründüyü kimi həmin sahənin hər hektarından 8-10 sentiner (800-1000 kq) məhsul götürmək mümkün olardı. Hal-hazırda bazarda arpanın bir kiloqramı 0,45 manatdır. Belə olan halda, ona vurulmuş ziyanın məbləği 841,5 (1000 kq x 1,87 hektar x 0,45 manat=841,5 manat) manat təşril edir. Lakin cavabdeh heyvanlarının vurduğu həmin zərəri ona ödəmək istəmir. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ucar Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(063)-730/2022 nömrəli iş üzrə qəbul etdiyi 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) iddia təmin edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, nəticədə iddiaçı yuxarıda qeyd olunan əmlakından məhrum olmuş, lakin həmin xərclər cavabdeh tərəfindən tam şəkildə iddiaçıya ödənilməmiş, ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1110-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 121.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Xəstə olmağı səbəbindən mal-qaranı örüş sahəsinə oğlu aparmışdır, mal-qara iddiaçının sahəsinə daxil olan kimi (həmin sahəni qəsdən otarmamışdır) həmkəndlisi Eynulla adlı şəxs ona zəng edərək mal-qaranın iddiaçının sahəsinə girdiyini bildirmişdir. Həmin mal-qaranın iddiaçının torpaq sahəsinə girməsi ilə oğlu X2 tərəfindən çıxarılması arasında 5-10 dəqiqə olmuşdur və bu xüsusat iddiaçı və onun şahidləri tərəfindən inkar edilməmişdir. Belə çıxır ki, onun irili-xırdalı, əksəriyyəti xırda olan mal-qara 5-10 dəqiqə ərzində iddiaçıya 841,5 manat ziyan vurub. Qeyd edilməlidir ki, həmin sahə az məhsuldardır, demək olar ki, bitiş alınmayıb, həm də mal-qara həmin sahəyə qaçan ilk andan oğlu Nurlan onların sahədən çıxarılması ilə məşğul olub. Qısa müddət ərzində az məhsuldar olan sahəyə külli miqdar ziyan vurulması mümkünsüzdür. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, vurulmuş ziyan minimum məbləğdə hesablanmışdır. Cavabdehin apellyasiya şikayəti əsassızdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan məlum olur ki, Ucar rayonunun Xalac kəndi ərazisində ynerləşən və iddiaçı ilə ailə üzvlərinin mülkiyyətində olan 1,87 hektar olan hissəsində birgə mülkiyyətçilər əkdikləri arpanı becərirlər. 06 may 2022-ci il tarixdə cavabdehin övladı Nurlan həmin sahəyə özlərinə məxsus iri buynuzlu mal-qaranı buraxmışdır. İşin yuxarıda göstərilən halları tərəflər arasında mübahisə doğurmur. Tərəflər arasında mübahisə doğuran hal, cavabdehə məxsus mal-qaranın iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsinə buraxılması nəticəsində iddiaçıya maddi zərərin vurulub-vurulmamasıdır. Belə ki, iddiaçı bildirir ki, cavabdehə məxsus mal-qara onun ailə üzvləri ilə birlikdə arpa əkdikləri sahəyə girmiş və əkilən bitkini otlamışdır. Bununla da iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh, ona məxsus mal-qaranın iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olan əkin sahəsinə keçdiyini inkar etmir, lakin o bildirir ki, mal-qara həmin sahədən çox qısa müddət ərzində çıxarıldığına görə, iddiaçının əkininə hər hansı zərər vurulması mümkün deyil. Məhkəmə bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üzrə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş aktlarla, foto və video şəkillərlə və şahid ifadələri ilə təsdiq edilir ki, 08 may 2022-ci il tarixdə, cavabdehə məxsus mal-qara iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə girmiş və həmin sahədə əkilmiş arpanı otlamışdır. Mal-qaranın tez bir zamanda torpaq sahəsindən çıxarılmasını və iddiaçıya maddi zərər vurulmadığını iddia edən cavabdeh isə, dəlillərini təsdiq edən hər hansı sübutu Rayon Məhkəməsinə təqdim etməmişdir. Bunları nəzərə alan Rayon Məhkəməsi işdə olan sübutları birlikdə dəyərləndirərək, bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Həmin delikt nəticəsində iddiaçıya vurulmuş zərər isə 841,50 manat təşkil edir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 841,50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iş üzrə gəldiyi nəticə əsaslı, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-150/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-150/2023
10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver