Məhkəmə qərarları › İş №2(107)-1501/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1501/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1501/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.170 manat əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 12.500 (on iki min beş yüz) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 06 may 2021-ci il tarixli, 2(054)- 42/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh nisyə alınmış malların dəyəri olaraq 12.170 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş məbləğin 100 manatdan ibarət hissəsi - cəmi 12.300 (on iki min üç yüz) manat tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə cavabdehdən tələb olunan xidmət haqqı məbləğinin qalan 200 (iki yüz) manatdan ibarət hissəsi iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun oğludur. Oğlunun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı pulunu Allahverdi adlı şəxsdən tələb etməlidir. Ona görə də Oğuz Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, “Best Boya” markalı müxtəlif malları pərakəndə ticarət obyektlərinə verməklə, bir müddət sonra pulunu götürür. Cavabdehlə də bir müddət bu qaydada işləmişdir. Lakin sonradan cavabdeh onun etibarından sui istifadə edərək, borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh borcunun olması ilə bağlı qəbz də vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bolməsinə baxış keçirilmiş və bu zaman tərəflərin hər ikisinin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (İddiaçı VÖEN **********, Cavabdeh VÖEN **********). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, iddia ərizələrinin məhz məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair qərardadlardan verilən şikayətlərə baxılması zamanı da qeyd edilən məsələlər nəzərə alınmalıdır. Belə ki, MPM-lə iddia ərizəsinin geri qaytarılmasına dair qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, iddia ərizəsinin məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadlarının apellyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılması faktiki olaraq məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnmiş olacaqdır. Bu isə qanunvericiliyə edilmiş son dəyişikliklərin məqsədinə zidd olmaqla yanaşı, məhkəmə aidiyyəti ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin olunmasına da maneə yaradacaqdır. Odur ki, belə hallarda apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə mahiyyəti üzrə toxunmadan, sadəcə bu əsasla iddia ərizəsinin geri qaytarılmasının qanunsuzluğuna istinad etməklə həmin qərardadın ləğv edilərək birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul etməlidir. Həmin Qərarın 8-ci bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “12.170 manat əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 12.500 (on iki min beş yüz) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar