Məhkəmə qərarları › İş №2(107)-151/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-151/2023

12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-151/2023 12.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Ucar Rayon Məhkəməsinin 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 765 manat məbləğində maddi zərərin, 30 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun və vəkilə bu iddia ərzəsinin tərtib edilməsi üçün ödədiyi 80 manat məbləğində qonorarın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə surətini əlavə etdiyi “torpağa mülkiyyət hüququna dair” JN-123 KOD 90408028 nömrəli dövlət aktından göründüyü kimi Ucar Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə Ucar rayonunun Xalac kəndindən ona və digər payçılara (ailə üzvlərinə) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 8,01 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara 3 yerdən verilmişdir. Həmin torpaq sahəsinin 16999,81 kv. metr (təqribən 1,7 hektar) olan hissəsində o, digər payçılar olan ailə üzvləri ilə birlikdə arpa becərirlər. Bu ərizəyə əlavə etdiyi 06 may 2022-ci il tarixli aktdan isə göründüyü kimi həmin sahə cavabdehin uşağı tərəfindən iri buynuzlu mal-qaraya otarılmışdır. İddia ərizəsinə əlavə edilmiş 12 may 2022-ci il tarixli aktdan göründüyü kimi həmin sahənin hər hektarından 8-10 sentiner (800-1000 kq) məhsul götürmək mümkün olardı. Hal-hazırda arpanın hər kiloqramı isə bazarda 0,45 manatdır. Beləliklə, ona vurulmuş ziyanın məbləği 765 (1000 kq x 1,7 hektar x 0,45 manat=765 manat) manatdır. Lakin cavabdeh heyvanlarının ona vurduğu həmin zərəri ona ödəmək istəmir. Buna görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) iddianın təmin edilməsi, Cavabdeh maddi zərərə görə 765 (yeddi yüz altmış beş) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və vəkilin göstərdiyi yardıma görə xərc kimi 80 (səksən) manat, cəmi 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 8.01 hektar torpaq sahəsi verilmişdir, 06 may 2022ci il tarixdə həmin torpaq sahəsinin təqribən 1,7 hektar olan hissəsində əkilmiş taxıl sahəsinə (arpa) cavabdehə məxsus mal-qara tərəfindən ziyan dəymişdir. İş materialları ilə müəyyən olunur ki, həmin taxıl sahəsində bioloji məhsuldarlıq baxımından hər hektarda 8-10 sentner məhsul götürmək mümkün olar, həmçinin, təqdim edilmiş "xxxx" MMC-nin arayışından görünür ki, 2022-ci ilin iyun ayında "xxxx" MMC-də 1 kiloqram arpanın qiyməti 0,45 qəpik olmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Qanunvericiliyinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsasları kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə şahidlərin ifadələrini tədqiq edərək bu nəticəyə gəlir ki, şahidlərin ifadəsi qeyd olunan mübahisə ilə bağlı ardıcıl və hərtərəfli olduğundan sübut kimi qəbul edilməlidir. Həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı cavadeh ona məxsus mal-qaranın iddiaçıya məxsus taxıl sahəsinə daxil olduğunu göstərmişdir. Cavabdeh məhkəmə iclasında ona məxsus mal-qaranın taxıl sahəsindən dərhal çıxarıldığını və iddiaçıya maddi zərər vurulmadığını bildirsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 80 manat məbləğində qonorar məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən maddi zərərə görə 765 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və vəkilin göstərdiyi yardıma görə xərc kimi 80 manat, cəmi 875 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2, 1096.1, 1096.2, 1097.1, 1110-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 107, 121.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsin imperativ qaydada olmaqla mülkiyyətçini digər şəxslərin özbaşınalığından qorumaq məqsədi daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir cox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970- ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarı; X35rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Barəsində şikayət verilən məhkəmə aktı bu tələblərə cavab vermir. O məhkəməyə müraciət edərək iddiaçıya dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəməyə verdiyi izahatda göstərdiyi kimi, xəstə olmağı səbəbindən mal-qaranı örüş sahəsinə oğlu aparmışdır, mal-qara iddiaçının sahəsinə daxil olan kimi (həmin sahəni heç kəs qəsdən otarmamışdır) həmkəndlisi Eynulla adlı şəxs ona zəng edərək Eyvazın sahəsinə girdiyini bildirmişdir. Həmin mal qaranın Eyvazın torpaq sahəsinə girməsi ilə oğlu X17 tərəfindən çıxarılması arasında cəmi 5-10 dəq olmuşdur və bu xüsusat iddiaçı və onun şahidləri tərəfindən inkar edilməmişdir. Təkid etməyinə baxmayaraq məhkəmə oğlu X6 şahid qismində dindirməkdən imtina etmiş, sübutları tənqidi qiymətləndirmədən, iddiaçının təqdim etdiyi sübutları "şübhədənkənar sübutlar" standartı baxımından qiymətləndirmədən iddiaçı təmin etməkdə haqlı olmamışdır. Ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməməsinin bir göstəricisi də məhkəmənin eyni gündə iddiaçı X19 ona qarşı iddiasının təmin edilməsinə dair 2(063)-730/2022 saylı iş üzrə qətnaməsidir. Həmin qətnamə ilə iddiaçın iddiası təmin olunaraq 641,5 manatın ondan iddiaçının xeyrinə tutulması qət edilib. İddiaçı həmin iş üzrə X19 xeyrinə ifadə verərək iddianı müdafiə edib. Barəsində şikayət verdiyi məhkəmə aktında isə X22 ifadə verərək iddiaçının iddiasını müdafiə edib və məhkəmə həmin ifadəyə mötəbər sübut kimi istinad edib. Belə çıxır ki, onun irili xırdalı, əksəriyyəti xırda olan mal qarası cəmi 5-10 dəq. ərzində iddiaçılara 765 manat və 641,5 manat olmaqla ziyan vurub. Qeyd edilməlidir ki, həmin sahə az məhsuldardır, demək olar ki, bitiş alınmayıb, həm də mal qara həmin sahəyə qaçan ilk andan oğlu Nurlan onların sahədən çıxarılması ilə məşğul olub, çox qısa müddət ərzində iddaçılara az məhsuldar olduğu iddiaçılar tərəfindən də inkar edilməyən sahədə külli ziyan vurulması mümkünsüzdür. Məhkəmə işin hallarının ətraflı araşdırmayıb. Yuxarıda göstərdiyi kimi mülkiyyətində olan mal qara iddiaçının torpaq sahəsinə qısa müddət ərzində qaşaraq girib, mal qara həmin sahədən 5-10 dəq ərizndə çıxarılıb, həmin sahəyə girən zaman oğlu Nurlan Cəbrayılovun nəzarətində olub, sahəyə daxil olduğu dərhal digər iş üzrə iddiaçı tərəfindən görünüb, videolentə alınıb. Görüntülərdən də bəllidir ki, mal qara otarıldığı iddia edilən sahədə cüzi müddət ərzində olub, sahədə taxıl bitkisi örtüyü cüzidir, sahədə olduğu müddət ərzində mal qaranın otlamasına imkan verilməyib. İstinad edilən "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 20 may 2022-ci il tarixli qərardan göründüyü kimi Ucar rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılan zaman şahidlər də mal qaranın cüzi müddətdə iddiaçının torpaq sahəsində olduğunu təsdiqləmişlər. Yəni cüzi müddət ərzində həmin ziyanın dəyməsi mümkünsüzdür. Odur ki qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Ucar Rayon Məhkəməsinin 2(063)- 794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 8.01 hektar torpaq sahəsi verilmişdir, 06 may 2022-ci il tarixdə həmin torpaq sahəsinin təqribən 1,7 hektar olan hissəsində əkilmiş taxıl sahəsinə (arpa) cavabdehə məxsus mal-qara tərəfindən ziyan dəymişdir. İş materialları ilə müəyyən olunur ki, həmin taxıl sahəsində bioloji məhsuldarlıq baxımından hər hektarda 8-10 sentner məhsul götürmək mümkün olar, həmçinin, təqdim edilmiş "xxxx" MMC-nin arayışından görünür ki, 2022-ci ilin iyun ayında "xxxx" MMC-də 1 kiloqram arpanın qiyməti 0,45 qəpik olmuşdur. İşdə olan JN-123, KOD 90408028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə X7, X13, X14, X18, X8, X15, X16, X3, X9 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 8.01 hektar torpaq sahəsi verilmişdir. Göründüyü kimi Ucar rayonu Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə X7, X13, X14, X18, X8, X15, X16, X3, X9 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 8.01 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatı və iş materialları ilə məlum olmuşdur ki, həqiqətən Cavabdeh məxsus mal-qara Ucar rayonu, Xələc kəndində yerləşən iddiaçı X20 və onun ailə üzvlərinə məxsus taxıl sahəsinə girmiş və həmin taxıl sahəsinə ziyan vurmuşdur. Belə ki, iş materiallarında olan Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Y.Xəlilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Ucar rayonu, Lək kəndində yaşayan X17 izahat verərək göstərmişdir ki, Cavabdeh onun atasıdır, onlar birlikdə yaşayırlar. Atası Cavabdeh özünə məxsus 12 baş çamışı, 5 baş iri buyunuzlu inəyi şəxsi təsərüfatında saxlayır. Həmin heyvanları atası Cavabdeh Ucar rayonu, Lək kəndində otlaq sahəsində otarır. 08 may 2022ci il tarixdə, saat 09:00 radələrində atası Cavabdeh xəstə olduğu üçün şəxsi təsərüfatında saxladığı heyvanları Ucar rayonu, Lək kəndi ilə Xələc kəndinin sərhədində yerləşən boş otlaq sahəsinə otarmağa qara rəngli atı ilə aparmışdır. Həmin heyvanlar otlaq sahəsində otlayan zaman atı ipindən otlaq sahəsinə bağlamış, bir az keçdikdən sonra atın ipini açan zaman onun otardığı heyvanlar otlaq sahəsindən qaçaraq Ucar rayonu, Xələc kənd sakinləri Nəriman və Eyvazın taxıl sahəsinə girmişlər. Həmin vaxtı o, atın ipini açaraq atı minib heyvanları taxıl sahəsindən çıxarmışdır. Araşdırma zamanı Ucar rayonu, Lək kəndində yaşayan Cavabdeh oxşar məzmunlu izahat verərək oğlu X4 izahatında göstərdiklərini təsdiq etmişdir. Mülki iş materiallarına əlavə edilən 06 may 2022-ci il tarixdə Ucar rayonu, Xələc kəndində Ucar Rayon İcra Hakimiyyəti başçısının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Abdullayevin, Xələc Bələdiyyəsinin sədri Vidadi Xəlilovun, Xələc kənd sakinləri İddiaçı, Eynulla Qənbərovun, Eyvaz Əhmədovun və Əbülfəz Hacıyevin iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən 06 may 2022-ci il tarixdə qeyd olunan kənd sakinlərinin şifahi müraciətləri əsasında onlara verilmiş pay torpaq sahələrində əkmiş olduqları taxıl sahələrinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, X11 3.00 hektar, İddiaçı 1,70 hektar, X19 1,87 hektar, X12 məxsus 1,36 hektar olmaqla, cəmi 7,93 hektar taxıl sahəsi torpaq sahiblərinin verdiyi ifadəyə görə Lək kənd sakini Cavabdeh uşağı tərəfindən iri buynuzlu malqarası ilə otarılaraq məhv edilmişdir. Mal-qaranın şəkli taxıl sahəsində otarılan zaman mobil telefon ilə çəkilmişdir. Eyni zamanda mülki iş materiallarına əlavə edilən 12 may 2022-ci il tarixdə X40 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimovun, X39 Mərkəzinin müdiri Serqo Həsənovun, Ucar Rayon İcra Hakimiyyəti başçısının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Abdullayevin, Ucar rayon Xələc Bələdiyyəsinin sədri Vidadi Xəlilovun, Xələc kənd sakinləri İddiaçı, Eynulla Qənbərovun, Eyvaz Əhmədovun və Əbülfəz Hacıyevin iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Ucar rayonu, Xələc kənd sakinlərinin X40 İnkişaf Mərkəzinə yazmış olduqları ərizəyə əsasən ziyanlıq dəymiş taxıl sahəsinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, X11 3 hektar, İddiaçı 1,7 hektar, X19 1,87 hektar, X5 1,36 hektar taxıl sahələri iri və xırda buynuzlu mal-qara tərəfindən otarılmışdır. Həmin taxıl sahəsinə malqara tərəfindən ziyanlıq dəyməsi ilə əlaqədar 6 may 2022-ci il tarixdə də akt tərtib olunmuşdur. Aktda adı çəkilən yoldaşların taxıl sahələrinə lazımi aqrotexniki qulluq, heç bir suvarma işləri aparılmadığından və taxıl sahəsində bitki sıxlığı zəif olduğundan məhsuldarlıq aşağı olmuşdur. Həmin taxıl sahəsində bioloji məhsuldarlıq baxımından hər hektarda 8-10 sentner məhsul götürmək mümkün olar. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tələb üzrə istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə apellyasiya şikayətində göstərilən dəlillərə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü məhkəmə kollegiyası tərəfindən təklif olunsa da, cavabdeh tərəf izahat verməkdən başqa apellyasiya şikayətinin dəlillərini əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu, məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddiası üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar