Məhkəmə qərarları › İş №2(107)-1512/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1512/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1512/2020 03.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(025)-436/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxx 2020-ci il tarixli 2(025)- 436/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona borclu olduğu 3266 (üç min iki yüz altmış altı) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2013-cü ilin sonlarında tanış olarkən ona ciddi ehtiyacı olduğunu bildirərək ona köməklik etməyini xahiş edərək borc olaraq öz adına kredit götürüb ona borc olaraq verməyi xahiş etmişdir. Cavabehlə şifahi razılığa gəlmişdilər ki, o, öz adına kredit götürüb ona verəcək, o da əvəzində həmin məbləği ona borclu olduğu məbləğ kimi qəbul etməklə, ona qaytaracaq. Razılaşma şifahi olaraq qəbul edilmişdir. Onunla gələcəkdə ailə quracağını nəzərə alaraq xahişinə əsasən bankdan 2 dəfəyə 2600 manat kredit götürərək aldğı pulları ona borc olaraq vermişdir. Banka olan kredit borcunu isə o, valideynlərinin köməkliyi ilə ödəmişdir. xx.xx.2014-cü il tarixdə cavabdehlə ailə qurmuş, birgə nikahdan uşaqları doğulmamış, cavabdehlə oktyabr 2019-cu il tarixədək ər-arvad kimi yaşamışlar. Bu müddət ərzində yuxarıda qeyd etdiyi kimi rəsmi ailə quranadək alıb cavabdehə verdiyi krediti ödəmişdir. Ödədiyi kreditin çeklərindən də aydın olur ki, həmin dövrdə o, ödəniş cədvəlinə uyğun olaraq “xxxxxxxxxxxx” ASC-in Qəbələ rayon filialına ardıcıl ödəniş etməklə xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 76,44 manat ödəniş etməklə xx.xx.2014-cü il tarixədək 917 manat ödəniş etmişdir. Bundan əlavə onun adına alınmış və cavabdehin qaytaracağı şərti ilə xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək hər ay 97,92 manat ödəməklə təxminən iki ilə 2349 manat kredit ödənişi etmişdir. Kreditin əsas məbləği 1800 AZN olmuşdur. Beləliklə, cavabdehin xərclədiyi, ancaq xx.xx.2013-cü il tarixdə onun adına alınmış faizlə birlikdə 800 əsas + 117 faiz olmaqla, cəmi 917 manat və xx.xx.2014-cü il tarixdə alınmış faizlə birlikdə 1800 əsas + 549 faiz olmaqla, cəmi 2349 manat ödəniş etmişdir. Yəni cavabdehin ona 3266 manat borclu qalmış, ancaq bugünədək bir manat da olsun borcundan ödəniş etməmişdir. Əksinə, cavabdeh ona daima fiziki zor göstərmiş, balta ilə öldürəcəyi ilə hədələmişdir. Hər gün cavabdehin şiddətinə məruz qaldığına görə, məcbur olub rəsmən ayrılmışdır. Ancaq cavabdeh ona borclu olduğu 3266 manatı geri qaytarmaqdan boyun qaçırmışdır. Yəni könüllü qaytarmaq fikri yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili X4 iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, keçmiş arvadı (iddiaçı) İddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq, onunla nikah bağlamamışdan və ailə qurmamışdan əvvəl bankdan alıb barəsində özü sərəncam verdiyi, yəni ona heç bir aidiyyəti olmayan kredit məbləğlərinin, ondan alınaraq özünə verilməsini istəmişdir. İddia tələbi əsassız, həm də böhtan xarakterlidir. Belə ki, iddiaçı ilə o 2014-cü ilin yay aylarında ilk dəfə tanış olmuşlar. xx.xx.2014-cü il tarixdə onunla rəsmi nikah bağlamışdır. Amma faktiki olaraq ailə qurmağı bir neçə aydan sonra baş tutmuşdur. Belə ki, iddiaçı onun evinə 2014-cü ilin noyabr ayının ortalarında köçmüşdür. Bu vaxtadək o valideyinləri ilə birgə yaşamış və yaşadığı ailədaxili proseslərdən xəbəri olmamışdır. 2019-cu ilin noyabr ayında nikah pozulmuşdur. İddiaçının onunla nikah bağlamamışdan və onunla ailə qurmamışdan əvvəl bankdan kreditə pul almasından xəbəri olmayıb. İddiaçı ona borca, yaxud başqa variantda pul verməyib. İddiaçının ərizəsində yazıldığına görə, o, birinci kredit məbləğini xx.xx.2013-cü il tarixdə almış, ikinci kredit məbləğini xx.xx.2014-cü il tarixdə almışdır. Birinci kredit məbləğini aldığı zaman onunla tanışlığı ümumiyyətlə olmamışdır, ikinci kredit məbləğini aldığı zaman tanışlığı olsa da, nikahı olmamış, birgə yaşamamışlar və kredit aldığı barədə ona məlumat verməmişdir. Birinci kredit məbləğinin almasından 6 il, ikinci kredit məbləğinin almasından 5 il keçməsinə baxmayaraq, ailə qurduqdan sonrakı vaxtlarda da, kredit alması barədə iddiaçı ona bildirməmişdir. Görünür iddiaçı həmin kredit məbləğlərini valideynlərinin ehtiyacları üçün, yaxud köçməsi ilə əlaqədar özünün ehtiyacları üçün almışdır. Lakin bu barədə onun məlumatı olmamışdır. Boşanmadan təsirlənən iddiaçının ona qarşı olan şəxsi neqativ münasibətlərindən, müxtəlif cür hədə-qorxu gəlməsindən aşkar görünür ki, o, qisas almaq məqsədi ilə heç bir əsası və sübutu olmayan pul tələbi barədə iddia qaldırmışdır. Əgər iddiaçı kredit məbləğini alıb ona vermiş olsaydı, həmin kreditin aybaay ödənilməsini ondan tələb etmiş olardı. Yaxud, əgər iddiaçı həmin məbləği ona vermiş olsaydı və onun əvəzinə kreditin ödənişini (özünün qeyd etdiyi kimi) onun valideynləri həyata keçirmiş olsaydı, kreditin ödəniş müddəti xx.xx.2016-cı il tarixdə bitdikdən sonra həmin pulu ondan tələb edərdi. Lakin, o, hər hansı pul vermədiyinə görə, əvvəllər bu barədə aralarında heç bir söhbət olmamış, hazırda isə ona böhtan ataraq qisas almaq niyyətini güdür. İddianın mahiyyətindən görünən odur ki, iddiaçı kredit məbləğini valideynləri üçün aldığından, həmin məbləği valideynlərinin özləri banka ödəmişlər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun qohumudur. Fəxrəndə kredit alarkən o da bankda olmuşdur. Həmin zaman iddiaçı 2000 manat kredit almış, həmin pulu cavabdeh Fizuliyə verəcəyini demişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Bacısı Fəxrəndə cavabdeh Fizuli ilə nişanlı olarkən kredit götürmüş, kredit alarkən o da bankda olmuş, həmin vaxt bacısı 2000 manat kredit almış, pulun Fizuliyə verilməsində iştirak etməmişdir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(025)-436/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmədə iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaçı bankdan aldığı krediti özünün və valideynlərinin ehtiyacı üçün xərcləmiş və bu zaman yəni, 2013-cü ilin dekabr ayında ümumiyyətlə cavabdehlə tanışlığı olmamışdır. O, həm iddia ərizəsində, həm də məhkəmə prosesindəki ifadəsində göstərmişdir ki, cavabdehlə tanışlığı 2013-cü ildə olmuş, cavabdehlə ailə qurmaq qərarına gəlmişlər. Həmin tanışlıqdan sonra cavabdeh ona pula ehtiyacı olduğunu bildirmiş və bu səbəbdən də krediti alıb cavabdehə vermişdir. Cavabdehlə aralarında olan nikah 2019-cu ilin noyabr ayında cavabdehin təşəbbüsü ilə pozulmuşdur. İş materiallarına diqqət yetirdikdə bilmək olur ki, kredit onun tərəfindən ödənilib qurtarandan sonra cavabdeh ayrılmaq təşəbbüsü etmişdir. Hesab edir ki, cavabdehin onunla evlənməsinin səbəbi kreditin tərəfindən alınıb ona verilməsi olmuşdur. Lakin bütün bunları məhkəmə nəzərə almamış, məhkəmə prosesində yalnız cavabdehin həqiqətə uyğun olmayan ifadəsinə əsaslanan qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(025)- 436/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(025)-436/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı vəkili X1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası vəkilin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli 149GTUM142230002 saylı müqaviləyə əsasən götürdüyü 1800 manat pulu 24 ay müddətində hər 97.92, sonuncu ay 97.76 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Qəbələ Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 101 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada isə Əhmədova soyadı verilmişdir. Qəbələ Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əhmədova (Vahıbova) Fəxrəndə Əsgər qızı arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeyd aparılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1 və 324.2-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı iddia edir ki, 2013-cü ilin sonlarında tanış olduğu və sonradan ailə həyatı qurduğu Cavabdeh sonuncunun ciddi ehtiyacı olduğu üçün “xxxxxxxxxxxx” ASC-nin Qəbələ rayon filialından götürdüyü xx.xx.2013-cü il tarixli 149GTQM133540003 saylı kredit müqaviləsinə əsasən 800 manat və xx.xx.2014-cü il tarixli 149GTUM142230002 saylı kredit müqaviləsinə əsasən 1800 manat pulu vermişdir. Lakin iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu, məsələn aralarında hər hansı bir borc müqaviləsinin olub olmadığını, həmin məbləği harada və kimin yanında verməsini və s. kimi sübutları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apelyasiya şikayətinə əlavə etməmişdir. Cavabdeh isə iddiaçının tələbini qətiyyətlə inkar edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X11 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X11 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçıin apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(025)-436/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(025)-436/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar