Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1520/2021 23.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: qazdan istifadəyə görə yaranmış borc, ekspert rəyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(014)-703/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «qazadan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri, S.Məmmədov küçəsində yaşayan Cavabdeh 2029.50 (iki min iyirmi doqquz 50 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 2059.90 (iki min əlli doqquz 90 qəpik) manat borcun (pulun) tutlaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Azəriqaz” İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhər, S.Məmmmədov küçəsində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00140 saylı qaz hesabında ödənilməmiş 2029.50 manat borc vardır, həmin borc sayğac göstəricisinə görə müəyyən edilmiş borc məbləğidir. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı 12541098 saylı qaz sayğacının 1682 m3 göstəricisi ilə 2029.50 manat borc yaranmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(014)-703/2021 saylı qətnaməsi ilə (hakim N.Əliyev) iddia təmin edilmiş, Cavabdeh 2029.50 (iki min iyirmi doqquz manat 50 qəpik) manat pul, 30 ( otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə, istifadə etmişdir, Cavabdeh adına rəsmiləşmiş **********00140 saylı qaz hesabında ödənilməmiş 2029.50 manat borc vardır, həmin borc sayğac göstəricisinə görə müəyyən edilmiş hesabata əsasən yaranmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia tələbi sayğac göstəricilərinə əsasən hesablanmış borcun ödənilməsinə görə 2029.50 manat borcun tutulması hissəsində əsaslıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tam təmin edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.5-ci, 6.5-ci maddələri «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 21.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 21.2-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 106.1-ci, 119.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunlara bütövlüklə zidd, qeyri obyektiv, iddianın iftira yoluyla təmin edilməsini əsassız və ədalətsiz hesab etmişdir. Məhkəmə onu görmədən müqavilənin kimin tərəfindən bağlanılmasını yoxlamadan qətnamə qəbul etmişdir. İddiada qeyd olunan və məhkəmə tərəfindən təsdiqlənən qeyri qanuni yolla yığılan borc yoxdur. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş saldonu haradan götürülməsi onun iştirakı ilə araşdırılmalıdır. İddiaçı İB Zakatala RQİL-nin Ağdaş rayon Xidmət sahəsinə etdiyi müraciətlərinə baxılmamış və onun xəbəri olmadan borcla bağlı məhkəməyə müraciət edilmişdir. Sayğacdan sonra pozulmuş xətt mövcuddur. bu xətt barəsində rəsmi qaydada dəfələrlə müraciət etmişdir. Məhkəmənin hakimi onu dinləmədən borcla bağlı ekspert rəyi almadan borc məbləğinin haradan və necə yığılmasını yoxlamadan qəbul etdiyi qətnamə əsassızdır. Qeyd olunan borcla bağlı fakt aşkar olunmayıbsa, onun iştirakı ilə protokol tərtib edilməyibsə və ona xəbərdarlıq məktubu gəlməyibsə və o bu ünvanda istehlakçı kimi qaydaları pozmamışsa onun istehlakçı kimi hüququ bərpa olunmalıdır. Qeyd olunanalara əsasən o Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(014)-703/2021 saylı qətnaməsinin ləğv edilərək, iddiaçının tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(014)-703/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə, istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.4-cü bəndinin tələbinə görə, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(014)-703/2021 saylı qətnaməsinin ləğv olunub, iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(014)-703/2021 saylı qətnaməsi iddia tələbinin 1055,3 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, cavabdehdən 974,20 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ”Azəriqaz” İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhər, S.Məmmmədov küçəsində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00140 saylı qaz hesabında ödənilməmiş 974,20 manat borc vardır, həmin borc sayğac göstəricisinə görə müəyyən edilmiş borc məbləğidir. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı 12541098 saylı qaz sayğacının göstəricisi ilə 974,20 manat borc yaranmışdır. Belə ki, məhkəmə kollegiyasının 30.09.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə: Təqdim edilmiş mülki iş materiallarında olan məlumatlardan görünür ki, borc mübahisə predmeti olan ünvanda təbii qazdan qanunsuz istifadə ilə bağlı deyil, abonent tərəfindən debitor borcun ödənilməməsi səbəbindən yaranmışdır. -Mülki iş materiallarının 10-12-ci səhifələrində olan Cavabdeh abonent saldosuna əsasən 2016-cı ilin fevral ayından 2021-ci il fevral ayına qədər olan müddətdə istifadə edilmiş təbii qazın həcminin 5462 m3, iş materiallarının 75-77-ci səhifələrində olan abonent saldosuna əsasən isə 2016-cı ilin fevral ayından 2021-ci il fevral ayına qədər olan müddətdə istifadə edilmiş təbii qazın həcminin 8122 m3 olduğu müəyyən edilir. İş materiallarında olan abonent saldosu məlumatları əsas götürüldükdə (bax iş vərəqə 10- 12) 2016-cı il fevral tarixdən, 2021-ci il fevral ayına qədər Cavabdeh işlətdiyi qazın dəyəri 924,20 manat məbləğində müəyyən edilir. İş materiallarının 75-77-ci vərəqələrində olan Abonent saldosu məlumatları əsas götürüldükdə isə 2016-cı il fevral tarixdən, 2021-ci il fevral ayına qədər Cavabdeh işlətdiyi qazın dəyəri 974,20 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə qaz sərfiyyatının olduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, Cavabdeh işlətdiyi qazın dəyəri 974,20 manat məbləğində müəyyən edilir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı tam təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(014)-703/2021 saylı qətnaməsi iddia tələbinin 1055,3 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, cavabdehdən 974,20 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda Ekspertiza xərci olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(014)-703/2021 saylı qətnaməsi iddia tələbinin 1055,3 manat hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Cavabdeh 974,20 manat pul alınaraq iddiaçı ”Azəriqaz” İB-yə ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 50 (əlli) manatı iddiaçıdan, 50 (əlli) manatı isə cavabdehdən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1520/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1520/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver