Məhkəmə qərarları › İş №2(107)-1522/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1522/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1522/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-645/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayon, Qolqəti kəndində yaşayan Cavabdeh 831.80 (səkkiz yüz otuz bir 80 qəpik) manat əsas borcun, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 862.20 (səkkiz yüz altmış iki 20 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB sabunçu filialı, Kod 805573, VöEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, AZəriqaz İB VÖEN**********, İBAN: AZ72İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 04 mart 2021-ci il tarixli, 2(014)- 645/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 108.20 (yüz səkkiz manat 20 qəpik) manat borc, 15 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatının İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayon, Qolqəti kəndində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh **********01590 saylı qaz hesabında ödənilməmiş 831.80 manat borc vardır, həmin borcun 108.20 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 723.60 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİnin nümayəndələri tərəfindən 21.02.2019-cu il tarixdə apardığı xidməti yoxlama əsasında xidməti ərazidə istehlakçıların məzillərində istismarda olan qaz sayğaclarına baxış keçirilmiş və istismar müddəti bitmiş sayğaclar çıxarılaraq dövllət yoxlamasına göndərilmişdir. İstehlakçı Cavabdeh mənzilində istirmarda olan G-4 markalı ******* nömrəli qaz sayğacı şəbəkədən açılaraq yeni Elestr tipli G-4 markalı **********9 nömrəli qaz sayğacı ilə əvəzlənmiş və çıxarılmış qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasından keçirilən G-4 markalı ******* nömrəli qaz sayğacına verilmiş rəydə “Sayğacın çıxış plastmas borusu deşilib” qeyd edilmişdir.” Dövlət yoxalmasının verdiyi rəy əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə istifadə qaydalarının pozulması haqqında 25.06.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.06.2019-cu il tarixli qərarı ilə 7236 ( və ya 723.60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli 2(014)-645/2021 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissələrdə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissələrdə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının ünvanından açılmış G-4 markalı ******* nömrəli qaz sayğacının yararsız hala düşməsi (sayğacın çıxış plasmas borusu deşilib) işin mübahisəsi halıdır və tərəflərin izahatları ilə təsdiq edilir. Sözügedən qüsurun mövcudluğu onun standartlara uyğun işləməməsinə dəlalət edir və bu fakt eyni zamanda lobaratoriya rəyi ilə təsdiq edilmişdir. Belə bir vəziyyətdə həmin sayğacdan keçən təbii qazın həcmini istehlakçının həmin sayğaca cavabdeh olub olmamasından asılı olmayaraq qeydə almaması şəksizdir. Dolayısı ilə uçotsuz təbii qazdan istifadə edilməsi təsdiq edilir. Bununla əlaqədar bildirirəm ki, "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin nümayəndələri tərəfindən 21.02.2019-cu il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacı əvəzləmə səbəbilə şəbəkədən açılaraq yeni Elster tipli G-4 markalı **********9 nömrəli qaz sayğacı ilə əvəzlənmiş və çıxarılmış qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə verilmiş rəydə "Sayğacın çıxış plasmas borusu deşilib" olduğu qeyd edilmişdir. Veirlmiş rəy əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında 25.06.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ- nin 28.06.2019-cu il tarixli qərarı ilə 7236 m3 (və ya 723.60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Qeyd edirlər ki, təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində qaz paylayıcısına iki halda zərər, birinci halda qaz sayğacının istismara yararsız vəziyyətə gətirməklə, ikinci halda uçotsuz təbii qazdan istifadəyə görə ziyan dəymişdir. İddiaçı tərəf tələb mübahisəli qaz sayğacının istismara yararsız hala gətirilməsini heç bir halda mübahisələndiməmişdir. Qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli e-2(014)-645/2021 saylı qətnaməsinin qismən -iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o heç bir vaxt sayğaca müdaxilə etməmişdir. Ona görə də şikayəti əsassız hesab edir və birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-645/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 20.02.2019-cu il tarixli **********01590 saylı abonent saldosundan da görünür ki, Cavabdeh 831.80 manat borc hesablanmışdır. 28.06.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən məlum olur ki, 25.06.2019-cu il tarixli ******* №-li Akta əsasən Cavabdeh 7236 m3 ( və ya 723.60 manat) ziyan hesablanmışdır. 0200527 saylı, 28.06.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, İddiaçı İBnin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, Sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21.02.2019-cu il tarixli ******* saylı aktın surətindən məlum olur ki, Elestr tipli G-4 markalı ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Elestr tipli G-4 markalı **********9 saylı sayğac quraşdırılmışdır. Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X3 idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 19.06.2019-cu il tarixli 1026-06-2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, iddiaçı tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan iddiaçı daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə cavabdeh barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilsə də, həmin tamlığın pozulmasının məhz cavabdehin səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda Cavabdeh təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz cavabdehin özü tərəfindən törədilməsi barədə iddiaçının dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər cavabdeh sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellsiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-645/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar