Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1523/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2015-ci il təvəllüdlü X2 və xx xxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ayhər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladları, xx.xx.2015ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 2(025)-1820/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq (dəyişdirilərək) hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə və xx xxx 2018-ci il tarixdə anadan olmuş X3 3 (üç) yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutulub verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı tələbini müdafiə edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixində Qəbələ rayonu, Tikanlı kənd X5 qeydiyyat şöbəsində 24№-li Akt qeydi, AZ-İ № 997952 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdurlar. Qəbələ rayon Məhkəməsinin 2(025)-1820/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə İddiaçı, Cavabdeh qarşı “Alimetin sabit pul məbləğində tutulması tələbinə dair” iddia tələbi qismən təmin edilərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat (uşaqların hər biri üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla) aliment alınaraq İddiaçı verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X7 3 (üç) yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində alimentin tutulması qət edilmişdir. Yetkinlik yaşına çatmayan 2 azyaşlı uşaqları hazırda onun himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir maddi köməklik göstərmir. Cavabdehin qeyri müntəzəm, dəyişən qazancı var. Özəl şirkətlərdə böyük yük maşınlarının sürücüsü işləyir. Onun orta aylıq gəliri öz dediyinə görə 700-800 manat təşkil edir. Uşaqlar azyaşlıdırlar, tez-tez sağlamlıqlarında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh öz ailəsi, öz uşaqları ilə maraqlanmır. Uşağların bütün qayğılarını və ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Hazırda o, himayəsində olan 2 azyaşlı övldlarını böyük çətinliklər içərisində böyütməyə çalışır. Böyüdükcə uşaqlarda atasına qarşı ehyiyac və tələbat artsa da Cavabdeh uşaqlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh ödəməli olduğu alimenti bu günə qədər tam olaraq ödəməyib. Buna görə də görə o, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində iddiaçının göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı iddia ərizəsinə əsasən Qəbələ rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(025)-1820/2018 saylı qətnaməsi ilə xx xxxx 2015-ci il tarixdə anadan olmuş X2 və xx xxx 2018-ci il tarixdə anadan olmuş X4 hər birinin saxlanması üçün 125 manat aliment müəyyən edilmişdir. Bundan başqa oğlu xx xxx 2018 ci il tarixdə anadan olmuş X3 üç yaşına çatana qədər əlavə olaraq 50 manat tutulması qət edilmişdir. Cavabdehin iddiasını aşağıda göstərəcəyim səbəblərə görə qəbul etmir. Birincisi, iddiaçı iddia ərizəsində gğstərir ki, guya o, uşaqların maddi və mənəvi ehtiyacları ilə maraqlanmır. Bunu iddiaçı qətiyyən düz demir, çünki o, mütəmadi olaraq uşaqlarla maraqlanmış, onlara daimi olaraq maddi yardım etmişdir. Hətta ərzaq belə alıb verir. Sadəcə olaraq o, iddiaçıdan qəbz almamış, ona görə də iddiaçı onun sadəlövhlüyündən sui-istifadə edərək olmayan şeyləri iddia ərizəsinə qeyd etmişdir. İkincisi, iddiaçı hələ 2018-ci il oktyabr ayında “alimentin sabit pul məbləğində tutulması tələbinə dair” iddiasında göstərmişdir ki, o müəllimədir və xx xxx 2018-ci ildə anadan olmuş oğlu X3 3 yaşına çatanadək, onun saxlanması üçün hər ay əlavə olaraq 100 manat pul tələb etmiş və məhkəmə onun bu iddiasını qismən təmin edərək hər ay üçün 50 manat aliment alınmasını qət etmişdir. Həmin iddia ərizəsində iddiaçı göstərmişdir ki, uşağın doğulması ilə əlaqədar o işləyə bilmir və uşaq çağa olduğu üçün onun əlavə məsrəflərə ehtiyacı var. Hazırda iddiaçı işləyir və uşaqların saxlanılması üçün kifayət qədər əmək haqqısı vardır. Buna baxmayaraq hazırki iddia ərizəsində yenə də 100 manat tələb etmişdir. O isə işləmir. Lakin iddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, işləyir və ayda 700-800 manat maaş alır. Onun yazdıqları həqiqətə uyğun deyildir. İddiaçı iddia ərizəsində 2020-ci il üçün yaşayış minumumu haqqında xx xxxxxx 2019-cu il tarixli qanuna istinad edərək uşaqlar üçün yaşayış minumumunun 170 manat olduğunu göstərsə də 200 manat tələb edir. Həmçinin iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası AM-nin 75.1 -ci maddəsinə istinad edərək göstərir ki, valideynlər uşaqlarım saxlamağa məcburdurlar. İddiaçı qanuna istinad etsə də həmin qanunu təhrif etmişdir. Belə ki, maddədə “məcburdurlar” sözü yoxdur. Maddədə “borcludurlar sözü yazılmışdır. Çox təəssüf hissi ilə qeyd edirəm ki, iddiaçı “məcbur” sözü ilə borclu sözü arasındakı fərqi başa düşməyib. İkincisi, qanunda valideynlərdən söhbət gedir, yalnız atadan söhbət getmir. Yəni uşaqlarını saxlamaq həm atanın həm də ananın vəzifəsidir. Lakin, iddiaçının iddiasından belə başa düşülür ki, guya uşaqları yalnız ata saxlamalıdır və uşaqların maddi təminatını tək ata qarşılamalıdır. Qanunda söhbət valideynlərdən gedirsə uşaqların minumum ehtiyacı valideynlər arasında bölünməlidir. Çünki, valideynlər uşaqların saxlanılmasında bərabər məsuliyyət daşıyırlar. Həmçinin qeyd edir ki, İddiaçı 2019 cu ilin sentyabr ayından 2020-ci ilin aprel ayının 24-ə qədər onunla bir yerdə yaşayıb və ailə təsərrüfatını birlikdə idarə etmişlər. Bundan başqa iddiaçı təsərrüfatı birlikdə idarə etdiyi zaman özlərinə fərdi yaşayış evi inşa etdirmək üçün kredit almışdır kredit onun adına ona görə alınmışdır ki onun iş yeri olmuşdur. Ev inşa etdirmək üçün aldığı kreditdən başqa atası xx xxxxxx 2020-ci ildə mülkiyyətdə olan torpaq sahəsini 2500 manata satmış və üstünə 1300 manat əlavə edərək iddiaçıya vermişdir ki, onlar özlərinə ev tiksinlər, iddiaçı həmin pulu da götürərək çıxıb getmişdir. Onun apardığı 3800 manat pul ödəniləcək və ödənməli olan alimentlə əvəzləşdirilməlidir. İddiaçı qızıllarını, mətbəx mebelini, paltaryuyan maşınını, soyuducunu, özünün geyim əşyalarını, uşaqların paltarlarını və televizorunu aparıb. Bir sözlə iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil və sübut olunmur, daha doğrusu onun gətirdiyi arqumentlərlə təkzib olunur. Ona görə də iddia təmin olunmamalıdır. Odur ki, cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia tələbində qeyd etdiyi dəlillərlə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi əsaslı olmasına baxmayaraq birinci instаnsiyа məhkəməsi iddianı tam şəkildə təmin etməmişdir. Cavabdeh məhkəməyə rəsmi qaydada heç bir tutarlı səbəb göstərmədiyi halda onun xeyrinə qərar qəbul edilmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 2217/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlаvə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(025)-1820/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X7 3 (üç) yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlаvə edilmiş Qəbələ rayon Tikanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 16 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlаvə edilmiş Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 439 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlаvə edilmiş Tikanlı kənd X8 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 181 saylı arayışdan görünür ki, Cavabdeh hal-hazirda rəsmi olaraq heç bir yerdə işləmir. Məhkəmə kolegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuş, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X7 3 (üç) yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimentin tutulmasını, həmçinin X3 3 (üç) yaşına çatanadək cavabdehdən hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2015-ci il təvəllüdlü X2 və xx xxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ayhər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsini qət etmişdir. Qətnamədən narazı qalan iddiaçı hazırkı apelyasiya şikayətini vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəflər arasında mübahisəni həll edərkən onların ümumi uşaqlarının mənafeyini, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyini, uşaqların tərbiyəsi, təhsili, onların fiziki və mənəvi inkişafı ilə bağlı tələbatlarının artması dinamikasını, uşaqların iddiaçının yanında qalmaqla hüquqlarının üstün mühafizə prinsipini, həmçinin cavabdehin maddi vəziyyətini, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının çətinlik törədərək iddiaçının marağının əhəmiyyətli dərəcədə pozduğunu nəzərə alır və belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbinin cavabdehdən xx.xx.2015ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün 200 manat manat məbləğində alimentin alınıb verilməsinin tam həcmdə təmin edilməsi məqsədə müvafiq deyildir. Həmçinin o da nəzərə alınmalıdır ki, uşaqları saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının 140 manat müəyyən edilməsi nəticəsinə gələrkən hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, tərəflərin maddi vəziyyətini, iddiaçının da orta məktəb də müəllüm işləməklə əmək haqqı almasını, həmçinin yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə almış və iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi yetərli deyildir. Birinci instansiya məhkəməsi iddia tələbinin xx xxx 2018-ci il tarixdə anadan olmuş X3 3 (üç) yaşına çatanadək Cavabdeh onun xeyrinə hər ay 50 (əlli) manat məbləğində alimentin artırılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi hissəsində təmin etməsə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(025)-1820/2018 saylı qətnaməsi xx xxx 2018-ci il tarixdə anadan olmuş X7 3 (üç) yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində alimentin tutulması hissəsində qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-2217/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1523/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1523/2020
01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver