Məhkəmə qərarları › İş №2(107)-1525/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1525/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1525/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-422/2020 nömrəli qətnaməsindən iddiaçı «İddiaçı” X4 tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxx 2020-ci il tarixli 2(014)- 422/2020 nömrəli qətnaməsi ilə İddiaçı X1 cavabdehlər Cavabdeh2 Teyfur oğlu və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası iddia müddəti tətbiq edilərək rədd edilmişdir. İşin halları İddiaçı «İddiaçı” X4 (bundan sonra iddiaçı və ya «İddiaçı” QSC) cavabdehlər Cavabdeh2 Teyfur oğlu və Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh2 və Cavabdeh1) qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 595,23 manat əsas borc, 8,46 manat faiz borcu və 59,52 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 663,21 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli əmri ilə ərizə təmin edilmiş, lakin Cavabdeh2 tərəfindən məhkəmə əmrindən etiraz edilərək məhkəmə əmrinin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılması barədə ərizə verilmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən xx xxxxxx 2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması üçün təyin edilmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 15L000002981 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır, həmin kredit xətti müqaviləsinə görə Cavabdeh2 60 ay müddətinə 20000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 15KK000000153 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,5 % olmaqla 12 ay müddətinə, müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 600 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 3.2.1-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu, faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh1 Cavabdeh2 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən borcluların xx xxxxxxx 2018-ci il tarixə 595,23 manat əsas borcu, 8,46 manat faiz borcu, 59,52 manat cərimə borcu, cəmi 663,21 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 595,23 manat əsas borcu, 8,46 manat faiz borcu, 59,52 manat cərimə borcu, cəmi 663,21 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması xahiş edilir. Birinci instansiya məhkəməsinin iclasında «İddiaçı” QSC-in nümayəndəsi X2 izahatında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, bildirdi ki, cavabdeh tərəfindən banka son ödəniş xx xxxx 2015-ci ildə olmuşdur. Tələb edilən kredit razılaşması üzrə götürülən kredit məbləği Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsinə və cavabdehə restrukturizasiya olunması təklif edilməsinə baxmayaraq cavabdeh yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciət etməmişdir. Belə ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu xx xxxxxx 2019-cu ildə başa çatmışdır. Hazırda bankda daxili güzəştlər var və cavabdeh müraciət edərsə ona o güzəştlər tətbiq edilə bilər. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, o, bankdan kredit götürmüş və xx xxxx 2015-ci ildə bankdan plastik kart üzrə götürdüyü 600 manat borcu tamamilə ödəyib qurtarmışdır. Lakin kredit borcunu ödəsə də bank əməkdaşları ona hər hansı sənəd verməyərək onun banka borcunun qalmadığını bildirmişlər. Keçən illər ərzində bank tərəfindən sözügedən tələblə bağlı ona hər hansı xəbərdarlıq edilməmişdir. O, banka olan borcunu 2015-ci ilin iyul ayında tamamilə ödəyib qurtarmışdır. Hesab edir ki, iddiaçı iddia müddətini buraxmış və qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmiş, buna görə də məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-422/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-in nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-422/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-422/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh1 iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. İşdən görünür ki, xx xxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 15L000002981 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır, həmin kredit xətti müqaviləsinə görə Cavabdeh2 60 ay müddətinə 20000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 15KK000000153 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,5 % olmaqla 12 ay müddətinə, müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 600 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 3.2.1-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu, faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh1 Cavabdeh2 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən borcluların xx xxxxxxx 2018-ci il tarixə 595,23 manat əsas borcu, 8,46 manat faiz borcu, 59,52 manat cərimə borcu, cəmi 663,21 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “tərəflər arasında bağlanılmış kredit müqavilələrinin icrası müddəti müvafiq olaraq xx xxxx 2015-ci il tarixdə başa çatmasına, cavabdehlərin də xx xxxx 2015-ci il tarixdən sonra hər hansı ödəniş etməmələrinə və müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, xx xxxxxx 2018-ci il tarixdə, yəni 03 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətini buraxmışdır. Cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti təbiq edilməli, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququnun müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü madədsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. «İddiaçı” QSC-in apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-422/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı «İddiaçı” X4 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-422/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar